Yuxarı

Rayon sürücülərinə Bakı qadağası

Rayon sürücülərinə Bakı qadağası

"Hələlik Bakı şəhərində küçələrin buraxılış qabiliyyəti elə də yüksək deyil. Hər il nəqliyyat vasitələrinin, xüsusilə də paytaxt Bakının qeydiyyatda olan avtomobillərinin sayı artır. Yəni, nəqliyyat vasitələrinin artım tempi ilə yol infrastrukturunun artım tempi heç vaxt uyğun gələ bilməz”.

Bu sözləri Cebhe.info-ya Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev rayon avtomobillərinin şəhərə girişində məhdudiyyətlərin olmasından danışarkən deyib.

Onun sözlərinə görə, 2015-ci ildən etibarən Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarı paytaxtdakı nəqliyyat sıxlığının aradan qaldırılması üçün nəzərdə tutulub: "Sözsüz ki, bu həm şəhər, həm də gələnlərin rahatlığını təmin edir. Təxminən 90 minə yaxın nəqliyyat vasitəsi ancaq Bakı şəhərinə gündəlik giriş –çıxış edir. Təəssüf ki, bu da paytaxt, onsuz da nəqliyyat vasitəsi çox olan şəhər üçün həddindən böyük rəqəmdir. Həmin nəqliyyat vasitələrinin də pik vaxtlarda hərəkəti istər-istəməz müəyyən sıxlıqların yaranmasına səbəb olur. Bundan əziyyət çəkənlər isə hadisə iştirakçılarıdır. Bunların qarşısının alınması məqsədilə digər regionlarda qeydiyyatda olan nəqliyyat vasitələrinin paytaxta səhər 07:30-dan yay vaxtı 21:00-a, qış vaxtı isə 20:00-dək məhdudlaşdırılması nəzərdə tutulub. Bilirsiz ki, avtomobili almaq maksimum bir həftə vaxt tələb edir. Bir həftə ərzində şəhər daxilini və ya hansısa küçəni, yolu yenidən salmaq mümkün olmur. Nə vaxtsa paytaxtda yol infrastrukturu tam olaraq qaydada olarsa, müəyyən məhdudiyyətlər ya azaldıla, ya da tamamilə aradan qaldırıla bilər. Bununla bağlı yalnız Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizlik Komissiyası qərar verə bilər”.

Məlum qərarla insan hüquqlarının pozulması məsələsinə gəlincə, DYP rəsmisi bu fikirlə razılaşmayıb:

"Burda söhbət insanın paytaxta buraxılmamasından deyil, nəqliyyat vasitəsinin hərəkətindən gedir. İstənilən şəxs Bakı şəhərinə və digər yerlərə sərbəst hərəkət edə bilər. Onlar üçün müəyən şəraitlər də yaradılıb. Bir şərtlə ki, öz nəqliyyat vasitələrini şəhərin girişində müəyyən dayanacaq və duracaqlarda saxlasınlar. Oradan isə ümumi istifadə edilən nəqliyyat vasitələri, hətta müəyyən taksilərlə hərəkət etsinlər. Bu, insanın buraxılmaması deyil ki, onun hüquqları pozulsun”.

Alçina Amilqızı 





Həftənin ən çox oxunanları