Yuxarı

Poliklinikalar da pullu olacaq

Poliklinikalar da pullu olacaq

Əli Əliyev: "Yarıtmaz siyasət nəticəsində sosial baxımdan ən az müdafiə olunmuş təbəqə məhz həkimlərdir”

Azərbaycanda qanunvericiliyin tələbinə uyğun olaraq, bütün dövlət tibb müəssisələri publik hüquqi şəxs olacaq. Bunu Trend-ə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib. Publik hüquqi şəxs kimi tibb müəssisələrinin pullu xidmət göstərmək imkanlarının olacağını açıqlayan Elxan Əzizov hazırda mərkəzi xəstəxanaların publik hüquqi şəxs olması üçün işlərin aparıldığını açıqlayıb: "Hazırda yalnız mərkəzi xəstəxanaların publik hüquqi şəxs kimi fəaliyyət göstərməsindən söhbət gedir. Amma bu, ilkin mərhələdir. Yerli poliklinikalar da publik hüquqi şəxs olacaqlar. Bu iş tədricən həyata keçiriləcək”.

Nazirlik rəsmisi qeyd edib ki, publik hüquqi şəxs olan tibb müəssisələrinin göstərəcəyi pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir: "Nazirlər Kabineti "Pullu xidmət növləri”ni təsdiqlədikdən sonra tariflər müəyyən ediləcək. Qiymətlərin müəyyənləşdirilməsi səlahiyyəti yəqin ki, Tarif Şurasına veriləcək. Qiymətlər müəyyənləşdirildikdən sonra müəssisə pullu xidmət göstərə biləcək. Yəqin ki, harada yerləşməsindən asılı olmayaraq, bütün tibb müəssisələri üçün eyni xidmətə görə vahid qiymət tətbiq ediləcək”.

Qeyd edək ki, nazirlik rəsmisi bir müddət əvvəl Azərbaycanda 70-dək dövlət tibb müəssisəsinə ödənişli əsaslarla tibbi xidmət göstərməsinin anonsunu vermişdi.

Ekspertlər hesab edir ki, Azərbaycanda vətəndaşların gəlirləri onların özəl tibbi xidmətə müraciət etmələrinə imkan vermir. Bu isə faktiki olaraq Konstitusiyada vətəndaşların sağlamlıq hüququnun açıq-aşkar pozulmasına yol açacaq. Azərbaycan əhalisinin çox az sayda faizi bu cür səhiyyə xidmətinə müraciət edə bilər. Yüksək maliyyə ilə təmin olunmuş insanlar var ki, onlar da ancaq xarici ölkələrdə müalicə olunur. Ekspertlərin qənaətincə, dövlət sektorunda göstərilən tibbi xidmət arxa plana keçəcək və xəstələr süni sürətdə özəl sektora müraciət etməyə məcbur ediləcək. Bu da onların istismarına yol açacaq.

Vətəndaş və İnkişaf Partiyasının sədri, ixtisasca həkim Əli Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında poliklinikalar pullu xidmət göstərəcəyi barədə məlumatın kontekstdən qoparılmış fikir olduğunu deyib: "Səhiyyə Nazirliyi bu ilin əvvəlindən iki inzibati ərazidə Yevlax və Mingəçevir şəhərlərində pilot layihə həyata keçirir. Həmin layihə Azərbaycan səhiyyə sisteminin dəyişməsinə xidmət edir. Belə ki, tibbi sığortanın tətbiqi həmin iki şəhərdə başlayıb. Layihələr əhalinin sığorta şəraitində tibbi xidmət alması kimi çox mühüm bir məsələnin həllində başlanğıc nöqtədir. Məndə olan məlumata görə həmin inzibati ərazi vahidlərində səhiyyə heyəti və əhalinin böyük bir qismi dəyişiklikdən razıdır. Hökumətin yarıtmaz siyasəti nəticəsində ölkədə sosial baxımdan ən az müdafiə olunmuş təbəqə məhz həkimlərdir. Bu gün həkimlərin, hətta vəzifəli şəxslərin aldığı maaş dövlət müəssisələrində 180-200 manat civarındadır. Bu hökumət seçki saxtakarlığına və bir sıra siyasi layihələrinə cəlb etdiyi həkimlərin süni sürətdə xəstələrin əlinə baxması kimi eybəcər sosial fəsad ortaya çıxardır. Bu sosial fəsad bir sıra hallarda tibbi xidmətin aşağı səviyyəyə enməsinə gətirib çıxarır.

Pilot layihələrin başlanması səhiyyə sahəsində müəyyən təəssübkeşlərin ortaya çıxmasını göstərir. Əslində, pilot layihələrin nəticəsindən asılı olmayaraq bunu pozitiv qiymətləndirmək lazımdır. Çünki mövcud durum səhiyyə müəssisələrinin vəziyyəti onların büdcədən asılılığı və çalışanların əməkhaqqı məsələsi ciddidir. Xüsusən də neftin qiyməti düşəndən sonra həmin sistemin çöküşü gözlənilirdi. Hökumət məcburən səhiyyə kollektivini öz öhdəsindən çıxarmaq kimi bir qərar verdi. Əhalinin az müdafiə olunmuş sosial təbəqələrinin gələcəkdə alacağı tibbi xidmətin səviyyəsi və keyfiyyəti ilk növbədə hakimiyyətin vəzifəsidir. Əgər pilot layihələr çərçivəsində pullu xidməti artıq poliklinikalara da keçirəcəklərsə, təqaüdçülər, əlillər və aztəminatlı təbəqənin nümayəndələri sığorta əldə edib müəssisələrə rahat şəkildə müraciət edə biləcəklər. Ancaq sosial tibbə keçməmişdən öncə pullu xidmət tətbiq olunarsa, təbii ki, bu, əhalinin onsuz da aşağı olan güzəranına mənfi təsir göstərəcək”.

VİP sədrinin sözlərinə görə bu cür qərarların qəbul olunması ölkə büdcəsinin nə vəziyyətdə olmasının göstəricisidir: "Hakimiyyət "neft yuxusu”ndan ayılmağa başlayanda hiss edib ki, cəmiyyət bərbad vəziyyətdədir və büdcə müxtəlif sahələri saxlamaq iqtidarında deyil. Ona görə də əvvəl universitetləri təsərrüfat hesabına keçirdilər, indi də prosesə səhiyyə müəssisələrindən başlayıblar. Hökumət tibbi sektoru təsərrüfat hesablı müəssisələrə çevirmək üçün siyasi vəzifəni həyata keçirməyə çalışır. Təbii ki, burda ilk növbədə cəmiyyətin az müdafiə olunmuş təbəqəsi nəzərə alınmalıdır. Əvvəlcə bu qərarı verən şəxslər tərəfindən əhalinin alacağı tibbi xidmətin səviyyəsi, keyfiyyəti, eyni zamanda ödənişli olub-olmaması məsələsi düzgün düşünülüb, daha sonra bu sahədə ciddi addım atılmalıdır. Tarif Şurası hakimiyyətin əlində bir alətdir, bu xalqa qarşı da yönəlmiş bir qurumdur. Qərarlar Prezident Aparatında və Nazirlər Kabinetində qəbul olunur. Bütün məsuliyyəti onlar daşıyır. Tarif Şurası icraçı bir qurumdur və formal funksiya yerinə yetirir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları