Yuxarı

Sırada kimlər var?

Sırada kimlər var?

Əli Abbasovdan sonra digər sabiqlər də qayıda bilərmi?

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib. "Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə qərar mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb. Ə.Abbasov AMEA-nın müşaviri təyin olunub. Rəyasət Heyəti təklifi dəstəkləyib. Xatırladaq ki, Əli Abbasov keçən il Azərbaycan prezidentinin sərəncamı ilə rabitə və informasiya texnologiyaları naziri vəzifəsindən uzaqlaşdırılmışdı. Həmin vaxt qərar icrasına başlanılan struktur islahatlarıyla əlaqələndirilsə də, sonradan ortaya çıxan faktlar əsl gizlinləri üzə çıxardı. 

Məlum oldu ki, məsələ islahatla bağlı deyil. "Hakimiyyətin ən vicdanlıları”ndan biri kimi tanınan, iqtidarla yanaşı, cəmiyyət və müxalifət daxilində kifayət qədər simpatizanları olan Əli Abbasov haqda olan bu faktlar onun da digər - rüşvəxtxor və korrupsioner məmurlardan fərqlənmədiyini göstərdi. Üstəlik onun Eldar Mahmudovun "iş icraçısı” olduğunu da üzə çıxardı. Aşkara çıxarılan cinayət əməlləri Əli Abbasovun səssizliyi fonunda yaratdığı "qala”nı yerlə-yeksan etdi. Uzun illər özü haqda formalaşdırdığı bu müsbət rəylər bir anda "Aşqabad batan kimi” batdı.

Abbasova verilən "ikinci həyat”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan keçmiş aparat rəhbəri Vidadi Zeynalov hər ay Əli Abbasovun 300 min, özünün isə 20-30 min manat dəyərində paket aldığını məhkəmədə etiraf etmişdi. O da etiraf olunmuşdu ki, nazirliyin yüksək çinli məmurlarına gələn pullar ümumi büdcədə yığılırmış və bölüşdürülürmüş. Keçmiş nazirin özü də istintaqda demişdi ki, hər ay şəxsi ehtiyacları üçün 300 min dollar xərcləyib, digər yandan da ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq başçısı Eldar Mahmudovun təhdidi ilə ona külli miqdarda maddi vəsait verdiyini bildirmişdi. Başqa sözlə, Əli Abbasovla bağlı bu qədər ittiham olduğu bir zamanda ona hansı səbəbdənsə "vəzifə dünyasında ikinci həyat” verildi. Halbuki ittihamlar və öz etiraflarının üzündən Əli Abbasovun həbs ehtimalı daha çox gözlənlirdi, nəinki akademiyaya qayıdışı. 

Əlbəttə, təyinatla bağlı kənardan o təsəvvür yaranır ki, keçmiş naziri AMEA-ya müşavir göndərməklə "sındırıblar”. Ən azı Əli Abbasov siyasi komandada təmsil olunan digər dövlət adamları və məmurlara pis örnək olur deyə, başqa qərar daha ədalətli olardı. Sabiq nazirə göstərilən bu qayğı onu sübut edir ki, istənilən zaman reablitasiya mümkündür. Vəzifəyə göndərilməklə Əli Abbasovun cəzalandırılmayacağı və zamanla cəmiyyətə unutdurulacağı rəsmiləşdi. Cəmiyyəti ən çox düşündürən nazir deyil, kriminal dəstə başçısı, müxtəlif səpkili cinayətlərlə sahibkarlar və dövlətin pullarını qəsb edən Eldar Mahmudovun da reablitasiyası mümkün ola bilərmi sualıdır. Əli Abbasov heç olmasa bir dəfə istintaqa çağırılmışdı. İşlədiyi cinayətləri daha ağır və qorxulu olan Eldar Mahmudova isə güldən ağır söz deyən yoxdur. Halbuki açılan cinayətləri kifayət edirdi ki, keçmiş MTN şefi mühakiməsiz ömürlük həbs cəzasına məhkum edilsin. 

Üstəgəl, Eldar Mahmudov o qədər rahatdır ki, qorxu-ürkü bilmədən dost-tanış məclisində iştirak edir, oğlu Anar Mahmudov yol polislərinə, onu narahat edənlərə hələ də öz atasının adından istifadə edib meydan oxuya bilir. Əgər Eldar Mahmudov hələ də bir çoxları üçün qorxu mənbəyidirsə, sabah başqa səlahiyyətlər də qazana bilər. 

Mənsur





Həftənin ən çox oxunanları