Yuxarı

On bir ayın sultanı Ramazan

On bir ayın sultanı Ramazan

Bədən və ruhunuzu saflaşdırın

Mayın 27-də Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının bununla əlaqədar verdiyi fətvada bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən tarix artıq müəyyənləşib. Oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə vacib buyurulub. Müqəddəs "Qurani-Şərif”də Allah-Təalanın hökmü belədir: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar" (Bəqərə, 185).

Oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələri və Allah yolunda xeyirxah işlər görmələrinə səbəb olur. Bu ibadətin sayəsində insan aclığa və susuzluğa tab gətirərək öz nəfsinə qalib gəlir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyun ayının 26-na təsadüf edəcək. 

Fitrə: 5-10 manat

Azərbaycanda Ramazan bayramı da dövət səviyyəsində qeyd edilir və qeyri-iş günü hesab edilir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Qazilər Şurasının qənaətinə görə, bu günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Orucu kim və necə tutmalıdır?

Oruc tutan şəxs sübh azanından şam azanına qədər yeyib-içməkdən, cinsi əlaqədən və buna bənzər işlərdən çəkinməlidir. Sağlamlığı imkan verən hər kəs oruc tutmalıdır. Oruc təkcə yemək-içməkdən müəyyən müddət imtina etmək deyil, həm də pis əməllərdən çəkinmək, yaxşılıq etmək, ruhu saflığa qovuşdurmaqdır. Həkimlər icazə vermədiyi halda oruc tutmaq olmaz. Belə insan özünə zülm etməklə ibadətini batil edir. Eyni zamanda günah da qazanır. Uzaq səfərə çıxanların həmin günlərdə oruc tutmaması mümkündür. Onlar səfərdən qayıdandan sonra oruc tutmağa davam edə bilərlər. Növbəti Ramazana qədər oruc tutmadıqları günlərin qəzasını etməlidirlər. Ancaq əgər səfər etmək həmin şəxsin peşəsidirsə (məsələn, sürücü), o zaman oruc tutmalıdır. Süd verən analar oruc tutmaya bilər. Süd verən ana yaxşı qidalanmalıdır ki, körpəsini südlə təmin etsin. Ananın oruc tutması həm də uşağın ac qalması deməkdir. Ancaq körpə süddən kəsiləndən sonra qəzasını tutmalıdır. Eyni zamanda hamilə qadınlar da tutmadıqları orucun qəzasını uşaq dünyaya gəldikdən sonra tutmalıdırlar. Əsasən şəkər, qan, mədə xəstəliyi olanlar gün ərzində mütləq qidalanmalı olduqlarından oruc tutmaya bilərlər. 

Oruc tutan adamın iftara qədər çimməməsi barədə söylənənlərə gəlincə, ilahiyyatçılar bildirir ki, bu doğru fikir deyil. Sadəcə, sudan istifadə zamanı başı suyun altına salmaq və ağız-burundan su dolmasına şərait yaratmaq olmaz. Bədəni hissə-hissə suya salaraq çimmək mümkündür. İslam dininə görə, təmizlik imandandır. Oruclu şəxs toz və tüstüdən də özünü qorumalıdır. Oruc tutan şəxs gün ərzində intim əlaqədən çəkinməlidir. Lakin iftardan imsaka qədər halal olan və haqqı çatan hər şeydən istifadə edə bilər. Oruc tutan insanların ən böyük çətinliyi susuzluq olur. Din alimlərinin fikrincə, ağzı yaxalamaq olar, ancaq bu zaman ifrata varmaq və boğaza su getməsinə yol vermək olmaz. Bir çoxlarını düşündürən sual oruc olduğu zaman tibbi müdaxiləyə ehtiyac yarandığı təqdirdə etməli olduqlarımızdır. Din alimləri ağrıkəsici məlhəmlərdən istifadəni mümkün hesab edir. Dərman qəbul etmək olmaz, amma iynə vurdurmaq mümkündür. Qadınların ətir vurması orucu batil etmir, amma ətrafdakı oruclu insanlar üçün bəzi problemlər yarada bilər. 

Əgər aclıq və susuzluqdan şikayətlənirsinizsə...

Oruc tutan adam şikayətlənməməli, buna müqəddəs ibadət kimi yanaşmalıdır. Əks təqdirdə orucunu batil etmiş sayılacaq. Acdığını və ya susadığını tez-tez dilə gətirmək bəyənilmir və orucu batil edir. Ramazan ayı insanlara həm də özündə iradi güc formalaşdırmaq üçün verilən fürsətdir. İnsan bu ayda ibadətinə davam etməklə özündə həm iradi güc yaradır, həm daxilən saflaşır, həm də orqanizmə faydalıdır. Ramazan ayı bitdikdən sonra hər bir müsəlman fitrə-zakat verməlidir. Bu il üçün fitrə ailə üzvlərinin hər biri üçün 5-10 manat müəyyən edilib. Ancaq imkanlı adam bundan daha artıq fitrə verə bilər. 

Oruc tutmayanlar nə etsin?

Əgər oruc tutmaq bir insanın səhhətinə, sağlamlıq durumuna ciddi ziyan vurursa, həmin insanların oruc tutmasına icazə verilmir. Bu şəxslər oruc tutmadıqları hər günün əvəzində isə ehtiyacı olan insana şəriətimizdə müəyyən olunan məbləği ödəyə bilərlər. Oruc tuta bilməyən insan Ramazan ayının digər dualarını oxuya bilər. Ramazan ayında başqa insanlara yardım göstərmək, əl tutmaq, kömək etmək bəyənilən əməllər hesab olunur. Üzrlü səbəbdən oruc tuta bilməyən şəxs əgər gücü daxilindədirsə və imkanı varsa, oruc tutanlara iftar təşkil edə bilər. Əgər gücü çatmırsa, Ramazan ayının gündəlik əməllərindən hər hansı birini yerinə yetirə bilər.

Daha dözümlü olmaq üçün nə yemək olar?

Orucluqda qidalanmaya xüsusilə diqqət yetirilməlidir. Nəzərə almaq lazımdır ki, gün ərzində uzun saatların ac-susuz keçirilməsi və qida qəbulunda tələskənliyə yol vermək orqanizmə ziyan ola bilər. Buna görə də imsak və iftar menyusuna xüsusi diqqət göstərilməlidir. Az-az yemək orqanizmdəki qan şəkərinin tənzimlənməsinə kömək edə bilər. İmsakda mədədə uzun müddət qala biləcək və qan şəkərini tənzimləyəcək qidalar qəbul edilməlidir. Qiymə, tərəvəzlər, göyrətidən istifadə edilməklə hazırlanan şorbalar, kəpəkli çörək, az duzlu pendir, meyvə və bol su qəbul edilməlidir. İmsaqda çox duzlu və ədviyyatlı yeməklərdən yayının.Xəmir yeməkləri insanı tox tutsa da susuzluq yaradır. Şirniyyatın da həddən artıq çox qəbulu çəki artımı ilə yanaşı təzyiqi artıra bilər. Kolbasa, sosiskanın tərkibində doymuş yağlar olduğuna görə orucluqda riskli ərzaqlar sırasına daxil edilir.İftarda isə su, şorba, pendir, zeytun, xurma və ya qaysı yemək məsəhət görülür. Yeməyə şorba ilə başlamaq lazımdır. 

Ramazanda kökəlmək olar, arıqlamaq yox

Nəzərə almaq lazımdır ki, Ramazan ayı arıqlamaq üçün fürsət deyil. Çünki hərəkətin azlığı, maddələr mübadiləsindəki dəyişklik çəki azalmasına mane olur. Bir çox kök insanlar Ramazandan arıqlamaq üçün istifadəyə cəhd edir. Ancaq bu, həm dini, həm də tibbi baxımdan yanlışdır. Çünki oruc sağlam insanlar üçün nəzərdə tutulub. Gün ərzində hərəkətsizlik imsak və iftarda qəbul edilən qidaların yağa çevrilməsini sürətləndirir və buna görə də nəinki arıqlamaq, hətta kökəlmək mümkündür. 

İmsak və iftar üçün nümunə menyu:

İmsakda:

2 dilim çovdor və ya tam buğda çörəyi; 
1 dilim az yağlı, az duzlu pendir və ya yumurta; 
Pomidor, xiyar, cəfəri, bibər;
3 qaysı və ya 1 pors təzə meyvə; 
Yarım pors mərci və ya göyərti şorbası;
Yaxud kişik boşqab tərəvəz yeməyi;
2 -3 stəkan su. 

Bəzi günlər sadəcə 1 stəkana qədər makaron pendir və ya qatılıqla yeyilə bilər.

İftarda:

Bol su;
1 xurma və ya 2 qaysı; 
2 -3 zeytun və ya 2-3 qoz; 
1 dilim az duzlu pendir;
Yarım pors şorba; 
1 çay qaşığı zeytun yağı tökülən salat; 
1 pors ət və ya toyuq yeməyi; 
2 dilim çörək, 4 qaşıq plov, yaxud makaron
Ara öynə 
1 stəkan süd və ya qatıq;
2 pors meyvə; 
Bol su;

Həftədə 2 dəfə ara öynədə sadəcə sütlü şirniyyat.

Ramazanda kökəlməmək üçün mütləq imsaka durmaq lazımdır. 

Bu zaman yeməkləri çox çeynəyərək udun. Pomidor, xiyar, göyərti yeyin. Həfətdə 2 dəfədən artıq şirniyyat yeməyin. Allah orucunuzu qəbul etsin! 

Sevil Ağazadə





Həftənin ən çox oxunanları