Yuxarı

Radikal dindarların aqressivliyi

Radikal dindarların aqressivliyi

Elşad Miri: "Bu gün mənə və fikirlərimə qarşı ən çox aqressivliyi dindarlar göstərir”

Aqşin Yenisey: "Azadlığın bütün növləri onları qıcıqlandırır”

Sərdar Cəlaloğlu: "Aqressivlik psixoloji problemləri olan insanlarda ortaya çıxır”

Fərqanə Mehmanqızı: "Fanatlar beyinlə yox,  onurğa beyni - kütlə psixologiyası ilə düşünürlər”

Sosial şəbəkələr, xüsusilə də Facebook və Tvitter Yaxın Şərqdən sonra dini radikalların fərqli düşüncələrə qarşı savaş açdığı əsas poliqonlarından birinə çevirib. Təsadüfi deyil ki, İŞİD terror təşkilatının rəhbər şəxsləri və üzvləri də dünyaya mesajlarını Tvitter və Facebook üzərindən çatdırırlar. Lakin problem təkcə bu deyil, o da başqa bir və daha ciddi problemdir ki, radikal dindarlar sosial şəbəkələrdə fərqli düşüncə və ideologiyaların daşıyıcılarına qarşı aqressivdirlər və özlərinə qarşı çıxanları təhdid edirlər. Bir sıra hallarda bu təhdidlər ölümlə nəticələnir.

Məsələn, "Cümhuriyət” qəzetinin yazarı Müşfiq Abdulla bir neçə gün əvvəl sözügedən nəşrdə dərc olunmuş "İntihar edən sivilizasiya: İran - Səudiyyə çəkişməsi nə vəd edir?” adlı məqaləsinə görə "Anar Kazım Mamedov” adlı şəxs tərəfindən təhdid olundu. Yazarın fikirləri ilə razılaşmayan şəxs onu ölümlə qorxutmağa çalışdı.

Radikallarla necə mübarizə aparılmalı?

Radikallıq və aqressivlik anlayışları son illərdə, xüsusilə, Suriyada savaş başlayan 2011-ci ildən dinlə eyni mənada işləyir. O da danılmaz faktdır ki, sosial şəbəkələr və Yaxın Şərqdə gedən proseslərdə də dini fanatiklər, yaxud radikallar daha fəaldırlar. Son illərdə işlənmiş ən böyük və dəhşətli cinayətlərin arxasında da dini radikalizm özünü göstərir. Əlbəttə, Azərbaycan gedən proseslərdən kənarda deyil. Zaman-zaman həmin fanatiklərin özlərini göstərməyə çalışdıqlarının şahidi olmuşuq. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) son bir ildə keçirdiyi əməliyyatlara onlarla radikalın həbs olunması və zərərsizləşdirilməsi də göstərir ki, dini radikalizmi ölkə çapında genişləndirməyə cəhd edirlər və şəbəkələr nəzarət altındadır.

"Məsələn, Myanmada baş verənlərdən xəbəriniz var?”

İlahiyyatçı Elşad Miri "Cümhuriyət” qəzetinə deyib ki, radikallıq və aqressivlik dindən gələn məsələ deyil. İlahiyyatçı qeyd edib ki, bir sıra insanların bilmədiyi məsələlərə qarşı aqressiv cavab verməsi və radikallıq göstərməsi, həmin insanların psixologiyasının ortaya çıxardığı problemlərdir:

"Məsələn, bu gün mənə və fikirlərimə qarşı ən çox aqressivliyi dindarlar göstərir. Buna görə də bu məsələlərdə bəzi şeylər açılmalıdır. Çünki peyğəmbəri və "Quran”ı özlərinə nümunə götürdüyünü deyən insanlar həqiqətən dinin əsas prinsiplərinə uyğun hərəkət etsələr, elə bir aqressivlik olmaz. Problemlər həmin insanların özlərindən qaynaqlanır”.

Elşad Mirinin sözlərinə görə, başqa dindən olan insanlara Suriya və İraqda baş verənləri göstərsək, heç kəs islamın sülh dini olduğuna inanmayacaq:

"Bəs bu gün Birmada (Myanma) cərəyan edən hadisələr din üzərindən baş verir, yoxsa bu, fərqli oyunların nəticəsidir? Buddistlərin sakit və humanist olduqları bildirildiyi halda, onların Myanmada müsəlmanların başlarına hansı oyunları açdıqlarına baxmaq lazımdır. Şahid olmaq lazımdır ki, müsəlmanlar bu ölkədə hansı işkəncələrə məruz qalırlar. Yəni, bu radikallıq və aqressivlik din və millətindən asılı olmayaraq, bütün insanlarda ola bilər. Təəssüf ki, bu gün din başqa mahiyyətdə təqdim olunur və bu, dinin mahiyyətinə uyğun deyil”.

"Gəncləri "yeməli kitablardan” uzaqlaşdırmaq lazımdır”

Şair Aqşin Yenisey "Cümhuriyət” qəzetinə bildirib ki, islama insana qaydalardan çox, qadağalar qoyan ilahi mənşəli bir totalitarizm kimi baxmaq lazımdır. Şairin sözlərinə görə, indiki insanlar bilsələr ki, onların əcdadları bu dini qəbul etmək üçün necə qəddar işgəncələrlə üzləşiblər, ruhdan düşərlər:

"İkincisi, biz yetmiş il də sovet totalitarizminin himayəsində böyümüş xalqıq. Siyasi totalitarizm də dini totalitarizm kimi fərqli düşünənlərin kökünü kəsib. Qadağaları sevənlər, qoruyanlar, başqalarına təbliğ edənlər istər dini, istər siyasi əsarətdən yaranan nəsillərdir, azadlığın bütün növləri önları qıcıqlandırır. Yəni Azərbaycan insanının psixologiyasında, bir-birinə nifrət edən iki barışmaz totalitarizm barışıb, arxadaş olub. Kommunizm və din. İndi özünüz düşünün bu adamdan işıqlı, aydın, bəşəri nə gözləmək olar? Mənə görə, yalnız cinayət!”.

Aqşin Yenisey hesab edir ki, belə insanlara vaxt ayırmağa dəyməz:

"Yeni nəsilləri qorumaq lazımdır ki, bu totalitar epidemiyaya yoluxmasınlar. Yeni nəsilləri qorumağın da ən şanslı yolu təhsildir, təhsilin hədəfindəki insan obrazıdır. Təhsil gələcəyin insanını necə görür? Siz yerin kürə formasında olmasına "Quran”dan mənbə kimi istifadə edəcəksinizsə, daha eybəcər bir xalq formalaşacaq. Cəmiyyətin sosial fəsləfəsini dəyişdirmək və gəncləri maraqlandıran suallara təhsil prosesində elə cavablar vermək lazımdır ki, onlar dinin və siyasi ideologiyaların cavablarındakı xülyalara ehtiyac duymasınlar.

Ancaq əksini görürük, bəzən siyasi hakimiyyətlər inancı xalqın küylə idarə olunmasına şərait yaradan boşluq kimi görürlər və təhsildən özlərinə ibadət edən nəsillərin yetişməsi üçün yararlanırlar. Aydınların üzərinə böyük yük düşür; təəssüf ki, bizdə aydın məktəbi yoxdur və yaranmağında da nə din, nə də siyasi elita maraqlıdır. Məsələn, dünyada milyon tirajlarla çap olunan və satılan elmi-kütləvi kitabların Azərbaycanda tərcüməsi və nəşri ilə kimsə maraqlanmır. Çünki bu kitablar "yeməli” deyil. Gənc oxucuları "yeməli kitablardan” uzaqlaşdırmaq lazımdır. Ən "yeməli kitablar” dini kitablardır. Həm dinlər, həm də siyasi hakimiyyətlər insanları bu kitablar vasitəsilə "yeyir””. 

"Elə bil Nizami Gəncəvi allahdır”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə dinin bilik olduğunu və bunun aqressiya yaratmadığını deyib. O, vurğulayıb ki, aqressiya bədənin psixoloji təzahürlərindən biridir, bu heyvanilikdən doğur:

"Kimdə ki aqressiya var, onda heyvani təbiət güclüdür. Adətən belə hallar psixoloji problemləri olan insanlarda ortaya çıxır. Aqressivliyin ağıl və düşüncə ilə heç bir əlaqəsi yoxdur. Hər "bismillah” deyən dini bilmir. Milyardlarla müsəlman olduğu deyilən insanın içində ən yaxşı halda 10-20 min əsl müsəlman tapmaq olar ki, onlar dinin mahiyyətini bilirlər. Yerdə qalanların hamısı islamdan xəbərləri olmayan insanlardır. Təriqətlər və məzhəblərə inananlar müsəlman deyillər.

Biz faktiki və formal islamı qarışdırırıq. Bizdə formal islamdır. Bu iki anlayış arasında oxşarlıq yoxdur. Bu günədək ən böyük islam alimləri "Quran”ı dərk edə bilməyiblər. Onların arxasınca gələn adamlardan nə gözləmək olar? Məsələn, "Yusif və Züleyxa”dan serial çəkirlər və bunu məhəbbət dastanı kimi təqdim edirlər. Bunu yazan nə qədər allahdan uzaqdır?! Elə bil allah Nizami Gəncəvidir və onlara "Yusif və Züleyxa” dastanı yazıb. Dinə belə yanaşsaq, əlbəttə, müsəlmanlar gülüş obyekti olacaqlar”.

"Cəmiyyətdən təcrid etmək lazımdır”

Psixoloq Fərqanə Mehmanqızı "Cümhuriyət” qəzetinə fanatizmin təkcə dində deyil, digər ideologiyalarda da olduğunu deyib. Psixoloq fərqli fikirlərə qarşı olan aqressiv hücumları da fanatizmlə əlaqələndirib: "Fanatlar beyinlə düşünmürlər, onurğa beyni - kütlə psixologiyası ilə düşünürlər. Çünki fanatlar kənardan idarə olunurlar, onların məntiqi və etdiyi hərəkətlərin izahlı lüğəti yoxdur. Çünki öz fikirlərinin doğru olduğunu sübut etmək üçün ən az qarşı tərəfə məntiqli səbəblər gətirə bilərlər. Lakin radikallarda heç vaxt qarşı tərəfi inandıra biləcək məntiq olmur. Buna görə də aqressiyaya əl atırlar, bununla qarşı tərəfi susdurmağa, öz fikirlərini təsdiq etməyə çalışırlar. Hər şeyə birmənalı yanaşmaları onları və daşıyıcı olduqları ideologiyaları insanların gözlərindən salır. Bu da mənəvi sarsıntıya gətirib çıxarır”. 

Fərqanə Mehmanqızı hesab edir ki, belə insanların fikirlərinin daşıyıcı olmaq düzgün deyil: "Onlar cəmiyyətin "xəstə orqanizmləridir” və bunu "müalicə” etmək lazımdır, əgər bu baş tutmursa, cəmiyyətdən təcrid olunmalıdırlar. Çünki onların sayları artsa, bu, cəmiyyətin mənəviyyatına mənfi təsir edəcək. Həmin insanları kütləyə qazandırmaq üçün onları önəmsəməmək lazımdır, bu halda özgüvənlərini itirəcəklər və özləri doğru yola yönələcəklər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları