Yuxarı

Azərbaycanlıları Türkiyəyə qaçıran səbəb

Azərbaycanlıları Türkiyəyə qaçıran səbəb

Vüqar Bayramov: "Əmlak bazarında qiymətlər şişirdilir”

Hazırda iqtisadiyyatda müşahidə olunan mənfi tendensiyalardan biri də investorların Azərbaycandan getməsidir.Bu hal özünü iqtisadiyyatın bir çox sahələrində büruzə verib.Daşınma özünü daşınmaz əmlak bazarında da göstərib. Bu gün Azərbaycanın imkanlı iş adamları Türkiyə iqtisadiyyatına yatırım qoyur, oradan daşınmaz əmlak alırlar. Bunu Türkiyənin aidiyyəti qurumlarının yaydığı statistik məlumatlarından da aydın sezmək olur. Belə ki, Azərbaycan vətəndaşları bu ilin aprel ayında Türkiyədə 65 ev satın alıblar ki, bu da əvvəlki ayla müqayisədə 30 faiz çoxdur. Ümumiyyətlə, Azərbaycan vətəndaşları bu ilin yanvar-aprel ayları ərzində Türkiyədə 224 ev alıblar. 

Bu da illik müqayisədə 4,2 faiz artım deməkdir. Azərbaycan vətəndaşları apreldə Türkiyədə ən çox ev alan xarici vətəndaşlar arasında 7-ci yeri tutublar. Azərbaycanı bu siyahıda 245 evlə İraq, 185 evlə Səudiyyə Ərəbistanı, 169 evlə Küveyt, 99 evlə Rusiya, 81 evlə Əfqanıstan və 74 evlə Almaniya qabaqlayıb. Ümumiyyətlə, bu ilin ilk 4 ayı ərzində ev alan xarici vətəndaşların siyahısında isə Azərbaycan, İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Əfqanıstan, Rusiyadan sonra 6-cı yeri tutub.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyədə 2016-cı ilin aprel ayında 47 ev alıblar. Ümumiyyətlə, 2016-cı ilin yanvar-aprel ayları ərzində isə azərbaycanlılara ev satışı 215 ədəd təşkil edib.

Məlumat üçün onu da qeyd edək ki, Türkiyə İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, 2010-2017-ci ilin fevral ayları arası dövrdə ölkəyə 140 milyard xarici investisiya qoyulub.Bu məbləğin 128 milyardı 20 ölkədən gəlib.Maraqlıdır ki, Türkiyəyə ən çox investisiya qoyan ölkələr içərisində Azərbaycan 12-ci yerdədir.2010-2016-cı illərdə Azərbaycandan Türkiyəyə 4 milyard 899 milyon dollar məbləğində yatırım edilib.Bu ilin yanvar-fevral aylarında isə 129 milyon dollarlıq investisiya yatırılıb. Azərbaycan yaxın beş ildə təkcə bir layihə üzrə - "Petkim-Holdinq”in yeni emal müəssisəsinin inşasına 5 milyard dollar investisiya qoyacaq.

2015-ci il fevralın 21-də Mərkəzi Bank manatın ABŞ dolları və avroya olan kursunu yenidən müəyyənləşdirmiş, ilk devalvasiya qərarını qəbul etmişdi. Nəticədə dollara nisbətən manat 33 faiz ucuzlaşmışdı. Dekabrın 21-də ikinci devalvasiya baş verdi və dollara nisbətən manat təqribən 55 faiz ucuzlaşdı. Manatın birdən-birə 55 faizə qədər devalvasiyaya getməsi, Azərbaycan iqtisadiyyatında silsilə zəlzələ effekti yaratdı.Demək olar ki, ölkə iqtisadiyyatı tamamilə zəiflədi.Ekspertlər vəziyyətdən çıxış yolu kimi ölkəyə investorların cəlb olunmasını irəli sürdülər.Ölkə başçısı da biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün özəlləşdirmə proqramı həyata keçirilməsini və beynəlxalq ekspertlərin bu işə cəlb olunmasını, həmçinin xarici investorların ölkəyə sərmayə yatırması barədə tapşırıqlarını vermişdi.

Beynəlxalq reytinq agentliyi devalvasiyadan sonra Azərbaycan iqtisadiyyatını BB+ (zibil) səviyyəsində qiymətləndirdi.Bu isə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun kifayət qədər riskli olduğunu göstərir.Ötən müddət ərzində nəinki xarici, hətta yerli investorlar da ölkəni sürətlə tərk etdi.Ölkədə böhran getdikcə dərinləşdi.Hökumətin bəyan etdiyi kimi nə ciddi islahatlara başlanıldı, nə qeyri-neft sektoru inkişaf etdirildi, nə sahibkarlıq üçün münbit şərait yaradıldı, nə ölkəyə investisiya axını oldu, nə də neqativ ənənələrə son qoyuldu. Ötən müddət ərzində deyilənlərin əksi baş verdi. 

Maraqlıdır, Azərbaycandan fərqli olaraq Türkiyədə hansı güzəştlər tətbiq olunur?Azərbaycan sərmayədarlarının getməsinə səbəb ölkəmizdə investisiya mühitinin olmamasıdır, yoxsa Türkiyə bazarlarında rentabelliyin daha yüksək olmasıdır?

İqtisadçı-alim Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, Türkiyədə daşınmaz əmlak bazarına xüsusi güzəştlər tətbiq olunub:

"Əvvəlki illərdə xarici vətəndaşların daşınmaz əmlak bazarında əmlak almaq hüququ yox idi. Amma artıq Türkiyədə belə bir hüquq tanınıb, xarici vətəndaşlar da əmlak sahibi ola və əmlakı öz adlarına rəsmiləşdirə bilərlər. Türkiyənin əmlak bazarına Azərbaycan vətəndaşlarının marağının artması son illər bu ölkənin əmlak bazarının daha rentabelli olmasıdır. Nəzərə alsaq ki, daşınmaz əmlakın qiymətində artım var və bu fonda vətəndaşlarımızın bir qismi Türkiyədə əmlaka sahib olmağa çalışırlar. Çünki onu müəyyən müddətdən sonra satmaq və eyni zamanda icarəyə verərək gəlir götürməyi düşünürlər.

Bu gəlirlilik də Türkiyənin daşınmaz əmlak bazarına marağın formalaşmasına gətirib çıxarır. Digər səbəb Türkiyədə təhsil alan tələbələr üçün ailələrin bir qismi övladları üçün mənzil alıblar. Tələbələr təhsil aldığı müddətdə həmin əmlakdan istifadə edirlər.Bunlar məhz təhsillə bağlı alınan əmlaklar sayılır.Daşınmaz əmlakların strukturunda kurort şəhərlərində və zonalarda alınan əmlakların payında artımlar müşahidə olunur.Bu, xüsusən, yay mövsümündə dincəlmək üçün Türkiyəyə gedənlərin sayının artması ilə bağlıdır.Onların bir qismi həmin kurort zonalarda öz evlərində dincəlməyə üstünlük verirlər”.

Ekspertin sözlərinə görə bütövlükdə qeyd edilən dövrdə əmlaka yönəldilən investisiyanın həcmi ümumi Azərbaycanın Türkiyə iqtisadiyyatına yönəltdiyi investisiyanın həcmi qədər böyük paya malik deyil:

"Rəqəmlər göstərir ki, faiz etibarilə evlərin alınmasında artım müşahidə edilir, amma alınan mülklərin sayı çox da böyük rəqəmlərlə ifadə olunmur. Türkiyəyə yatırılan investisiyanın bir hissəsini Dövlət Neft Şirkəti yönəldir.Bu baxımdan Azərbaycan Türkiyədəki investor ölkələr arasında 12-ci olmasının əsas səbəbi Dövlət Neft Şirkətinin Türkiyə iqtisadiyyatına yönəltdiyi sərmayələrin həcminin çox olmasıdır”

İqtisadçının qənaətincə, daşınmaz əmlak bazarındakı axının Azərbaycanın bazarına hər hansı bir təsiri yoxdur: "Faiz etibarilə artan rəqəmlərə baxaraq böyük göstərici deyil. Azərbaycanda mənzil bazarında illik tələbat 30 mindir.İllik tələbatla Türkiyədə azərbaycanlıların aldıqları mənzillərin sayını müqayisə etsək, asanlıqla görmək olar ki, Azərbaycanın mənzil bazarına hər hansı ciddi bir təsirləri olmayacaq”.

Azərbaycanda mənzillərin qiyməti bir sıra Avropa ölkələrində mənzillərin qiymətilə müqayisə olunur.Reallıqda vəziyyəti necə dəyərləndirmək olar?

Vüqar Bayramov qeyd edib ki, Azərbaycandakı mənzillərin qiyməti Avropa ölkələri ilə müqayisə olunmur:

"Çünki manatın devalvasiyasındandan sonra xarici valyutada evlərin qiymətində ən azı 2 dəfə azalma müşahidə olundu. Bu baxımdan artıq Bakıdakı mənzillərin qiyməti Avropa ölkələri ilə müqayisə olunmur.Amma yenə də manat ifadəsində paytaxtda evlərin qiyməti yüksək olaraq qalmaqdadır.Bu, süni qiymətlərin olması ilə bağlıdır.Əmlak bazarında qiymətlər yenə də şişirdilir.Hesab edirəm ki, şişirdilmiş qiymətlərin azaldılmasına ehtiyac var ki, vətəndaşların mənzilə olan tələbatını ödəmək mümkün olsun”.

Yeganə Oqtayqızı 





Həftənin ən çox oxunanları