Yuxarı

Təhlükəli ərzaqlar süfrəmizə necə gəlir?

Təhlükəli ərzaqlar süfrəmizə necə gəlir?

Eyyub Hüseynov: "Rəsmi şəkildə deyirlər ki, eşşək əti satmaq olar, bir şərtlə ki...”

İstehlakçı hüquqlarının qorunması həm də bütövlükdə insan hüquqlarının qorunması deməkdir.Danılmaz faktdır ki, bu gün Azərbaycanda ərzaq təhlükəsizliyi, istehlakçı hüquqları ilə bağlı həll olunmamış ciddi problemlər qalmaqdadır.Son vaxtlar ərzaq bazarında müşahidə olunan saxta məhsulların satışı istehlakçıların hüquqlarının müdafiə olunmadığını təsdiq edir. Bu gün istehlak bazarında istehlakçıları çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişan və ya marka ilə təchiz edilmiş məhsulların satışı bu sahədə yaranmış özbaşınalıqdan xəbər verir. 

Bu sahəyə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəzarət etsə də, qurumun fəaliyyətində indiyə qədər gözəçarpan müsbət nəticə olmayıb.İstehlak bazarında istehlakçıların hüquqlarının pozulması davam edir, heç bir antiinhisar tədbirləri görülməyib.Bu gün insan həyatı üçün təhlükəli ərzaq məhsulları bazarda ayaq tutub yeriyir.Qanunla qadağan olunmuş məhsulların satışı insanların həyatında bir sıra patoloji xəstəliklərin yaranmasına səbəb olur.Hazırda ölkə bazarında vaxtı keçmiş ərzaq məsulları da kifayət qədərdir. Pərakəndə küçə ticarətinin fəaliyyəti bir yana, həmin "bazar”larda quru süddən hazırlanmış süd və süd məhsulları, balıqların, insan həyatı ilə oynayan kənd toyuğu adı altında broylerlər məhsulunun satışı üstünlük təşkil edir. Satış zamanı gigiyenik-sanitar qaydalara riayət edilmir, yəni məhsullar tam nəzarətsiz satılır.Bundan əlavə satışı qanunla qadağan olsa da, bazarlarda geni dəyişdirilmiş meyvələrin satışı bu problemin hələ də öz həllini tapmadığını göstərir.Çayların tərkibinin saxta olması, Çin istehsalı olan düyü, yumurtanın açıq satışına icazə verilməsi kimi hallar geniş yayılıb.

Bu gün istehlakçıların üzləşdiyi problemlərdən biri də ərzaq bazarlarında satışı qadağan edilmiş və ya tərkibi insan həyatı üçün təhlükəli olan ət və ət məhsullarının olmasıdır.Son vaxtlar buna qarşı mübarizə tədbiri nisbətən gücləndirilsə də, məsələ burasındadır ki, problem öz həllini tapmır. Hələ də rayonlardan ölmüş at, eşşək, eləcə də mənşəyi məlum olmayan ətin paytaxt Bakıya satılmaq məqsədi ilə gətirilməsi barədə məlumatlar var. Kütləvi ətin saxlanılması faktı Yevlax rayon sakini Rəmzi Həsənovun 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılması olub. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Yevlax, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə və ölü atların ətini mal əti adı altında rayonlarda və Bakı şəhərində satmaq istəyib.Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at ətləri istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Həmçinin Balakən rayon sakini Səddam Muradov və qohumu Kənan Göylərov çəkisi 1 tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.Saxlanılan şəxslər ifadələrində müvafiq dövlət qurumlarının nəzarətindən kənar at ətinin tədarükü ilə məşğul olduqlarını, Balakən və ətraf bölgələrdən əldə etdikləri xəstə və ölü atları kəsərək həmin ətləri mal əti adı altında satmaq istədiklərini bildirib.Kəsilmiş at cəmdəklərindən götürülən nümunələr laborator müayinəyə göndərilib.Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən ət istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Statistika Komitəsinin məlumatına görə, Böyük Vətən Müharibəsinin başlandığı həmin ildə Azərbaycanda 216,9 min baş at olub. Müharibə və ondan sonrakı aclıq illərində atların sayı yarıbayarı azalıb.Azalma tempi sonra da davam edib. Arada bir qədər artım qeydə alınsa da, Qarabağ müharibəsinin ağır dövründə - 1992-1993-cü illərdə 34,6 min başa düşüb. Ondan sonra yenidən artım başlayıb - 2012-2013-cü illərdə 77,2 min başa çatıb. 2014-cü ildən isə atların sayında yenidən azalma dövrü başlayıb -  həmin il 76,6 min baş,  2015-ci ildə 75,4 min baş(azalma 1200 baş ), 2016-cı ildə isə 73,7 min başa düşüb (azalma 1700 baş). Atların ixracı bu sürətlə davam edəcəksə, heç şübhəsiz ki, 2017-ci ildə azalma daha böyük olacaq.

Əldə etdiyimiz məlumata görə Azərbaycana Mərkəzi Asiya ölkələrdən Qazaxıstandan, Türkmənistandan at əti gətirilir.Həmin ət gömrük sərhədindən qanunsuz yollarla keçirilərək bazara ayaq açır.Çünki tonlarla satılan at əti Azərbaycandakı at sayına uyğun deyil.Məlumdur ki, Azərbaycanın istehlak bazarında at ətinə tələbat olmadığına görə kəsim üçün at yetişdirilmir.Deməli, həmin at ətləri qanunsuz yollarla xaricdən Azərbaycana idxal olunur.Yaranan mənzərə Azərbaycanda istehlakçı hüquqlarının nə durumda olduğunu və leş ətlərlə mübarizənin nəticə vermədiyini ortaya çıxarır.

"Qanunlarda boşluq var, dövlət qurumları  tədbir görmür”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Cümhuriyət” qəzetinə bildirib ki, sədri olduğu birlik 20 ilə yaxındır ki, leş mafiyasının axırına çıxmaq istəyir:

"Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ən uğurlu işi ötən ilin yanvar-aprel aylarında gördü. İndi də görür. Böyük miqdarda eşşək, at, murdar olmuş heyvan ətlərini Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət  Baytarlıqİdarəsi ifşa edir. Nə üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi 1 ton mənşəyi məlum olmayan  ət tutanda onun haqqında cinayət işi qaldırır, işi məhkəməyə göndərir, lakin Baytarlıq İdarəsi həmin əti aşkarlasa da onunla bağlı müvafiq qurumlara müraciət etmir. Məlumdur ki, o cərimələr həmin qurumların büdcəsinə köçürülür.Bununla da istehlakçı hüquqları pozulur.

Əgər qanun birdirsə, nə üçün onun hüququ nəticəsi olmur?Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin aşkarladığı qanunsuzluğun hüququ nəticəsi məhkəməyə göndərilir, araşdırılıb sifarişçisi tapılır.Lakin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin bu müraciətləri haqqında bizim məlumatımız yoxdur. Bütün dövlət orqanları tədbirlər görüb dövlətin və istehlakçıların mənafeyini  birgə qorumalıdır. Hər kəs bölgədə özü üçün ayrı bir dövlət yaratmasın.Nə üçün Kənd Təsərrüfatı Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə işləməlidir.Rəsmi şəkildə deyirlər ki, eşşək əti satmaq olar, bir şərtlə ki, ətin üzərinə adı yazılsın.Nə qədər ki, bu cür məsuliyyətsiz çıxışlar var, qanunlarda boşluq var, dövlət qurumları bir tədbir görmür bu məsələ davam edəcək.Nəticədə it, eşşək və leş ətləri uşaq bağçalarından tutmuş ən prestijli yerlərə qədər ayaq açacaq”.

AİB sədri təəssüflə qeyd edib ki, uzun illərdir bu işlə mübarizə aparsa da, tək bu sahə yox, digər sahələrdə də dövlət qurumlarının sinxron əlaqəli fəaliyyətinə nail ola bilməyib: "Məsələn, şikayət gəlir ki, kassa çeki verilməyib vergidən yayınma olub. Bunu dövlət qurumuna da göndəririk.Yazırlar ki, hörmətli Eyyub Hüseynov, xahiş edirik bu barədə Vergilər Nazirliyinə məlumat verin.Vətəndaş nəyə görə öz müraciətini birbaşa dövlət qurumuna yox, qanunsuzluğu çatdırmaq üçün ictimai təşkilata müraciət edir?Bu kimi hallar bizi çox düşündürür”.

"Kiçik yaşlı uşaqlara belə ən təhlükəli ətlər yedizdirilir”

Eyyub Hüseynov yaxın vaxtlarda uşaq bağçalarında və məktəb bufetlərində yoxlamalar apardığını da qeyd edib:

"Məlum oldu ki, kim haradan nə istəyir, ucuz qiymətə alıb uşaqlara verir. Baxmayaraq ki, məktəb bufetlərinin standartı var, amma buna görə heç kəs məsuliyyət daşımır.Bu o deməkdir ki, hətta ən kiçik yaşlı uşaqlara belə ən təhlükəli ətlər yedizdirilir.Biz bunun təsdiqini apteklərdə insanların növbəyə durması ilə görürük.İnsanlar dərmanı sanki ərzaq alırmış kimi növbə ilə alırlar.Bu, Səhiyyə Nazirliyini narahat etməlidir.İnsanlar niyə bu qədər dərman alır?Başqa ölkələrin vətəndaşları bu qədər dərman almır”.

Yeganə Oqtayqızı

P.S. Qarşı tərəfin də mövqeyini dərc edəcəyik.





Həftənin ən çox oxunanları