Yuxarı

Siyasətçilərdən dollar proqnozu

Siyasətçilərdən dollar proqnozu

Əli Əliyev: "Dolların məzənnəsi bu il ərzində 2 manatdan yuxarı olacaq”

Vüsal Qarayev: "Dolların bahalaşması və ya  ucuzlaşmasıartıq sıravi vətəndaşı o qədər də maraqlandırmır”

Taleh Əliyev: "Mənim də proqnozum manatın ucuzlaşacağı ilə bağlıdır”

Tural Abbaslı: "Ola bilər ki, dollar yaxın günlərdə hiss olunacaq dərəcədə bahalaşsın”

Əli Orucov: "Azərbaycan neftdən asılı ölkədir və dünya bazarında neftin qiyməti 50 dolları keçə bilmir”

Mərkəzi Bankın sədri Elman Rüstəmovun "İlin sonuna qədər manat ucuzlaşmayacaq” bəyanatından sonra cəmiyyətdə narahatlıq yaranıb.Hesab edilir ki, bu yaxın vaxtlarda dolların yenidən bahalaşacağının anonsudur.Manatın gələcək taleyi haqqında siyasilərin proqnozlarını öyrənməyə çalışdıq.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev sorğuya cavab olaraq dolların yaxın günlərdə 2 manatdan baha olacağını dedi:

"Hesab edirəm ki, "Formula-1”dən sonra dolların dəyəri qalxacaq. Amma hər halda çalışırlar ki, dolların məzənnəsini tənzimləsinlər. Bütün bunlara baxmayaraq düşünürəm ki, dolların məzənnəsi bu il ərzində 2 manatdan yuxarı olacaq. Digər tərəfdən büdcə müzakirələri zamanı hesabları tənzimləmək üçün hökumət süni şəkildə də buna gedə bilər”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə manatın kəskin dəyər itirəcəyinə inanmadığını deyib:

"Maliyyə bazarındakı təlaş  artıq aradan qalxıb. İnanmıram hansısa radikal dəyişiklik olsun. Ola bilsin ki, dolların qiymətində  yüksəliş baş versin, amma bu cüzi, hiss edilməyəcək dərəcədə olacaq. Məsələ burasındadır ki, dolların bahalaşması və ya  ucuzlaşması artıq sıravi vətəndaşı o qədər də maraqlandırmır. Nəzərə alsaq ki, ölkə əhalisinin yüksək əksəriyyəti kasıbdır.Neftin baha, manatın dollardan güclü olduğu zamanlarda hökumət bu xalqa nə gün ağladı ki, indi də vətəndaşın hansısa gözləntisi olsun”.

Ümid Partiyası sədrinin müavini Taleh Əliyev də manatın ucuzlaşacağı qənaətindədir:

"Bu daha çox iqtisadi məsələ olduğundan proqnoz vermək bir az çətindir. Amma adətən, Azərbaycanda, xüsusilə də maliyyə sektoruna nəzarət edən qurumların rəhbərlərinin açıqlamalarından sonra manatın bir qayda olaraq dəyərdən düşməsinin şahidi olmuşuq.

Bir neçə gün bundan öncə Mərkəzi Bank rəhbəri ilin sonuna qədər manatın sabit qalacağını açıqladı.Hər halda ümid edək ki, rəsmilərin dedikləri bu dəfə doğru çıxacaq.Hesab edirəm ki, iqtisadi mexanizmlərə görə manatın öz məzənnəsini sabit saxlaması üçün heç bir əsas yoxdur.Çünki Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft dünya bazarında ucuzlaşmaqda davam edir.Digər tərəfdən Azərbaycanda qeyri-neft sektoru inkişaf etmədiyi üçün manat dönərli valyuta kimi özünü doğrulda bilmir.Mənim də proqnozum manatın ucuzlaşacağı ilə bağlıdır”.

Ağ Partiyanın sədri Tural Abbaslı da həmkarları ilə eyni fikirdədir. Partiya sədri manatın yaxın günlərdə hiss olunacaq dərəcədə ucuzlaşacağını deyib:

"Əslində bu iqtisadiyyata bağlı olan məsələdir. Amma bu gün Azərbaycanda manatın məzənnəsini siyasətə bağlayıblar.Yəni, bu gün dolların ucuzlaşması və ya bahalaşması siyasi amillərlə bağlıdır.Çünki Azərbaycan hökuməti manatın məzənnəsinin formalaşmasına müdaxilə edir.

Bugünkü məzənnə isə büdcədən lazımsız yerə yandırılan pulların hesabına formalaşıb.Bütün göstəricilər, analizlər və şərhlər onu göstərir ki, yaxın zamanlarda dolların məzənnəsi daha da möhkəmlənməlidir.Bizim də istəyimiz odur ki, dollar bundan artıq bahalaşmasın.Amma təbii ki, mənim də qənaətim manatın yaxın 1 ay ərzində ucuzlaşacağı ilə bağlıdır.Ola bilər ki, dollar yaxın günlərdə hiss olunacaq dərəcədə bahalaşsın”.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov da manatın möhkəmlənməsi üçün heç bir iqtisadi mexanizmin olmadığını bildirdi:

"Dolların ucuzlaşmasını ümumiyyətlə, hesab etmirəm. Dolların ucuzlaşması üçün ilk növbədə iqtisadiyyat olmalıdır.Amma Azərbaycanda bu yoxdur.Azərbaycan neftdən asılı ölkədir və dünya bazarında neftin qiyməti 50 dolları keçə bilmir.Ona görə də dolların ucuzlaşması haqqında bədbin fikirdəyəm.İqtisadi göstəricilər isə onu göstərir ki, manat nəinki möhkəmlənəcək, əksinə, dollar bahalaşacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları