Yuxarı

Ət qəhətə çəkilir

Ət qəhətə çəkilir

Elçin Bayramlı: "Sosial vəziyyəti ağırlaşanlar öz mal-qarasını ətliyə verməyə məcbur olurlar”

Azərbaycanda iribuynuzlu mal-qaranın sayında azalma baş verib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci il aprel ayının 1-i vəziyyətinə görə, ölkənin iqtisadi rayonları üzrə mal-qaranın sayı 2 706 807 baş təşkil edib ki, bu da ötən illə müqayisədə 12772 baş azalma deməkdir. 2016-ci ilin yanvar-aprel aylarında isə bu göstərici 2 719 579 baş təşkil edib.Respublika üzrə mal-qaranın baş sayında azalma müşahidə edilsə də, 2017-ci ilin yanvar-aprel ayında Bakı şəhəri üzrə bu sahədə artım müşahidə edilib.

Belə ki, 2017-ci ilin aprel ayınının 1-nə olan vəziyyətə görə, paytaxt Bakıda iribuynuzlu heyvanların sayı 8 085 baş təşkil etmişdisə, 2016-ci ildə bu rəqəm 5 875 baş olub. Qeyd edilən statistik rəqəmlər onu deməyə əsas verir ki, Azərbaycanda adambaşına düşən ət istehlakı azalmağa doğru gedir.

Ət istehlakı azalır...

Ekspertlər bildirir ki, adambaşına ət norması 84 kiloqramdır. Təəssüflər olsun ki, il ərzində Azərbaycanda ümumi əti təmiz ətə çevirəndə 300 min ton ət istehsal olunur. Bu da adambaşına 30-31 kiloqram ət istehsalı deməkdir.Ölkəyə adambaşına 3 kiloqrama yaxın ət idxal olunur. Bu isə o deməkdir ki, Azərbaycan daxili istehsal hesabına özünün ətə olan tələbatının 38 faizini ödəyir, üstəlik, 3-4 faiz də idxal edir. Onu da əlavə edək ki, Azərbaycanda adambaşına ət normasının 84 kiloqram olduğu bildirilsə də beynəlxalq siyahıda bu rəqəm 32 kiloqram olaraq göstərilib.

"Altay” İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı "Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, əslində statistik rəqəmlərə görə bu cüzi azalmadır:

"Artiq xaricdən gətirilən ətin qiymətində bahalaşma olduğundan yerli kəsimə daha çox üstünlük verilir. Bundan əlavə sosial vəziyyəti ağırlaşanlar öz mal-qaralarını ətliyə verməyə məcbur olurlar.Yəni, o rəqəm təxminən 2 milyondan yuxarı qalırsa, Azərbaycan kimi ölkənin imkanlarına nəzər salanda bu normadan artıq hesab olunur.Orada 12-13 min azalma oynaya bilər.Bu isə ət istehlakının azalması demək deyil.Əksinə, ət istehlakı artıb.Ya insanlar daha çox ət alır, ya da xaricdən idxal azalıb deyə yerli kəsim çoxalıb.

Ətin qiyməti bir müddət əvvəl qalxmışdı.Məhz yerli kəsimin çoxalması o artımla əlaqədardır.Bilirsiniz ki, Azərbaycandan xaricə mal-qara ixrac olunmur.Demək yerli bazarda yerli mal-qaranın satışı artıb.Hazırda ətin qiymətinin nisbətən düşməsi də onunla əlaqədardır.Gürcüstandan, Ukraynadan kifayət qədər ət gətirilirdi ki, indi bunu yerli bazar əvəzləməyə başlayıb”.

Ekspert qeyd edib ki, yerli bazarın ət təminatı ilə bağlı potensialı var:

"Azərbaycanda heyvandarlıq kənd təsərrüfatının digər sahələrindən daha çox inkişaf edib. Heyvandarlıqla məşğul olan mütəxəssislərimiz də deyir ki, Azərbaycanda saxlanan mal-qaranın, qoyun-quzunun sayı çoxdur.Bu yerli tələbi ödəyə bilər.Amma problem başqadır.Azərbaycanda heyvanların saxlanması üçün müvafiq imkanlar yoxdur.Məsələn, Azərbaycanda iribuynuzlu mal-qaranın sayını 3 milyona çatdırmaq mümkün deyil.

Çünki otlaq, örüş sahələri son vaxtlar azalıb.Bu həm də müəyyən yerlərdə quraqlıqla bağlıdır.Bundan əlavə bəzi yerlərdə örüş sahələrinin əkin sahələrinə çevrilməsidir.Heyvandarlıq sahəsinin inkişafı və artırılması üçün çoxsaylı şərtlər vacibdir.Yem ehtiyatının, örüş sahələrinin təminatının əksər hissəsi də xaricdən gəlir.Ona görə heyvanların saxlanması bir qədər baha başa gəlir.Kiçik təsərrüfatlarda mal-qara saxlayanlar isə yalnız dolanmaq üçün bu sahə ilə məşğul olurlar”.

Biz nə qədər ət yeyirik?

Adambaşına ət normasına gəlincə, Elçin Bayramlı əlavə edib ki, digər ölkələrə nisbətdə Azərbaycanda istehlak səviyyəsi normadan az göstərilir:

"Burada qəribə bir məqam var. Əslində Azərbaycan əhalisi dünyada ən çox ət istehlak edən xalqlardan biridir. Bəlkə də ilk yerlərdən birini biz tuturuq.Amma rəsmi rəqəmlərdə adambaşına düşən ət istehlakına görə bir çox ölkələrdən geri qalırıq.Bu da onunla əlaqədardır ki, Azərbaycanda ət kəsimlərinin heç də hamısı rəsmi qeydiyyata alınmır.Tutaq ki, kimsə hansısa kənd və rayonda mal-qara, qoyun saxlayırsa, bunlar hamısı hesabata düşmür.Bazarda satılan məhsulların hamısının statistikası, hansı qəssabın nə qədər ət satması, əti haradan alması, filan kimi məsələlərin hesabatı aparılmır.Müşahidələrə görə isə bizim əhali ət istifadəsinə görə dünyada bəlkə də birinci yerdədir.

Sadəcə, bunun hamısı statistik hala gətirilmir.Tam düzgün statistika aparılsa, Azərbaycanda adambaşına düşən ət istehlakı dünyada birinci olar.Qiymətlər də bu gün münasibdir.Türkiyə ilə müqayisədə Azərbaycanda ətin qiyməti 3 dəfə ucuzdur.MDB ölkələri ilə müqayisədə isə 2-3 dəfə bahadır.Bu əslində tələbatın çoxluğundan irəli gəlir.Əgər biz normal istifadə etsək, ətin qiyməti o qədər qalxmaz. Beynəlxalq rəqəmlə götürsək, adambaşına ət norması bizdə az rəqəm çıxacaq. Azərbaycanlı ailələr ukraynalı, türkiyəli ailələrdən 3 dəfə çox ətdən istifadə edir.Bizim mətbəximiz demək olar ki, ət üzərində qurulub.Bunun isə statistikada əksinin tapılmaması ona görədir ki, xırda təsərrüfatlar uçota alınmır.Onu izləmək, hamısını qeydə almaq çətindir.Bizdə adambaşına düşən ət norması 84 kiloqram deyilirsə, inanın ki, ən azı 150 q-dır.Yəni, ət istifadəsi rəsmi rəqəmdən ən azı iki dəfə çoxdur”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları