Yuxarı

Statistika Komitəsi bizi necə "varlandırır”?

Statistika Komitəsi bizi necə

Natiq Cəfərli: "Əhalinin gəlirləri artmayıb”

Müşahidələr göstərir ki, əhalinin alıcılıq qabiliyyəti zəifləyib. Əhalinin nominal gəlirləri və istehlak xərcləri, o cümlədən, bütün istiqamətlər üzrə formalaşan tələbdə azalmalar müşahidə edilir. Tələbin zəifləməsi iqtisadi aktivliyə də mənfi təsir edir. Dinamikadan da görünür ki, vətəndaşlar qazandıqlarının böyük hissəsini ildən-ilə gündəlik tələbat mallarına və kommunal xidmətlərə daha çox xərcləyir. Bu isə gəlirlərin inflyasiya fonunda azlığını göstərir. Bu geriləmə real sektorda, neft və qeyri-neft sahələrində istehsal olunan ümumi daxili məhsulun həcmini azaldıb. Tikinti, nəqliyyat və anbar təsərrüfatı, energetika sahələri daha ağır duruma düşüb.

Dövlət Statistika Komitəsinin məlumatında isə göstərilir ki, 2017-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 14655,6 milyon manata çatıb. Onun hər nəfərə düşən həcmi orta hesabla 1510,3 manat təşkil edib. Bu dövr ərzində gəlirlərin 86,8 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 2,7 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 13409,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,9 faiz çox vəsait qalıb. Statistika Komitəsi isə kəskin şəkildə dəyərini itirmiş manatları müqayisə etməklə əhali gəlirlərinin 6.8 faiz artımından danışır. Reallıq ondan ibarətdir ki, əhalinin həyat səviyyəsi günü-gündən pisləşir, ərzaq bazarlarında, eləcə də digər sektorlarda qiymətlər "od tutub yanır”. Komitə isə bu gerçək mənzərəni nəzərə almadan uzun-uzadı hesablamalar aparır. Gəlirlərin hansı mənbə hesabına artması belə əsaslandırılmır. Belə yolla əldə olunmuş rəqəmlər ancaq ictimaiyyəti çaşdırmağa yarıya bilər.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında, əslində əhalinin gəlirlərinin artmadığını bildirib:

"Komitənin hesablamalarında həmişə problemlər olur. Əgər ölkədəki vəziyyəti Statistika Komitəsinin dediyi kimi qəbul etsək, əhalinin nominal gəlirləri artıbsa, real gəlirlərdə isə əksinə, azalma müşahidə olunur. Çünki ölkədə rəsmi inflyasiya 12 faizdir deməli, gəlirlərin 6 faizdən bir qədər yuxarı nominal olaraq artması reallıqda öz əksini tapmır. Reallıqda inflyasiya həmin gəlir artımını "yeyir”. Ölkədə bundan ikiqat artıq inflyasiya mövcuddur. Burdan da o qənaətə gəlmək olur ki, ölkədə əhalinin real gəlirləri artmayıb, əksinə, azalıb”.

Ekspertin qənaətincə, bəzi rəsmi rəqəmlər əhalinin alıcılıq qabiliyyəti ilə bağlı ipucu verir:

"İlin əvvəlindən idxal 17 faizə yaxın azalıb. Bu o demək deyil ki, Azərbaycanda idxalı əvəz edə biləcək məhsullar istehsal etməyə başlamışıq. Ölkədə idxalı əvəz edəcək məhsulların istehsalı çox aşağı səviyyədədir. Dərman preparatları, hazır geyim, elektrotexnika, maşın avadanlıqları və.s qədər bir çox sahələrdə 100 faizlik asılılığımız var. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün idxal da azalıb.

Artıq iş adamları ölkəyə əvvəlki illərdəki kimi geniş həcmdə məhsul gətirə bilmir. Bu, həm manatın məzənnəsi, həm əhalinin alıcılıq qabiliyyətinin düşməsi, həm də banklarda istehlak kreditlərinin verilməsinin minimuma endirilməsi ilə bağlıdır. Əslində hər şey rəsmi statistikanın verdiyi rəqəmlərdən  göründüyü kimi güllük gülüstanlıq deyil. Reallıq daha acıdır və daha ciddi problemlərin olduğundan xəbər verir. Xarici ölkələrdə əhalinin nominal yox, real gəlirləri əsas götürülür, həmçinin əhalinin gəlirləri inflyasiyanı çıxmaq şərtilə hesablanır. Azərbaycanda da bunu tətbiq etsəydilər, əhalinin real gəlirlərinin kəskin azaldığı üzə çıxardı. Bu gün rəsmi statistika bu yöndə açıqlama verməyə məcbur olardı. Ona görə də, ancaq nominal gəlirlər hesablanır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları