Yuxarı

Rektoru kürsüsündən edən tələbə etirazı

Rektoru kürsüsündən edən tələbə etirazı

Kamran Əsədov: "Tələbələrin etirazı ilə rektor dəyişmək yaxşı nümunə deyil”

Bir neçə gün əvvəl Azərbaycan Dillər Universitetinin tələbələri etiraz aksiyası təşkil edərək dövlət imtahanlarının bərpasına qarşı çıxdılar.İki gün davam edən aksiya nəticəsində problem narazı tələbələrin xeyrinə həll olundu.Daha sonra adıçəkilən universitetə yeni rektor vəzifəsinə təyinat baş tutdu. Baş verən olayın pərdəarxası mənzərəsi qəribə məqamları üzə çıxarıb.İddialara görə Dillər Universitetində tələbələrin etiraza qalxmaları və bunun üçün təşkil olunan aksiya, etirazlara polis əməkdaşlarının müdaxilə etməməsi  əvvəlcədən qurulmuş ssenari olub. Müəyyən qüvvələr tələbələri əvvəlcədən təlimatlandırıb və hadisələr  plan üzrə cərəyan edib. Qurulmuş ssenarinin isə uğurlu nəticəsi baş tutub.

Ehtimal olunur ki, əslində aksiya universitetin rektorunun dəyişdirilməsinə hesablanıb.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ali təhsil müəssisəsinin uzun müddət ərzində rəhbərsiz qalması və ya tez-tez rəhbər vəzifəsinin dəyişməsi yaxşı hal deyil:

"Çünki istər təhsil alanlar, istərsə də elmi kollektiv uyğunlaşmaqda problemlər yaşayır. Düzdür, hər kəsin qanunvericilik aktlarına görə yerinə yetirdiyi vəzifələri, öhdəlikləri var və onu icra edir.Lakin danılmaz faktdır ki, Azərbaycanda təkcə vəzifə səlahiyyətləri yox, eynilə şəxsin nüfuzu, bilik və bacarıqları da işin öhdəsindən gəlmək, iş şəraiti ilə bağlı məsələlərə də ciddi şəkildə təsir göstərir. İkincisi, tələbələrin etirazı ilə rektor dəyişmək yaxşı nümunə deyil. Çünki ali təhsil müəssisəsinə inam, ona keyfiyyət baxımından da təsir edir. Belə çıxır ki, tələbələr istənilən vaxt özlərini əziyyətə salmamaq üçün etiraz aksiyası keçirəcək və təsir göstərəcəklər.Əlbəttə ki, haqlı tələb olduqda onların ixtiyarı var, amma son hadisələrdə tələbələrin tələbləri tam şəkildə haqsız idi”.

Ekspertin sözlərinə görə Kamal Abdulla Azərbaycan elmində, təhsilində xüsusi xidmətləri olan, uzun müddət rektor vəzifəsini icra edən təcrübəli insandır:

"Amma indiki halda nəzərdən qaçırılmaması vacib olan bir sıra nüanslar var. Birincisi, Dillər Universiteti xarici dillərin tədrisini həyata keçirən təhsil ocağıdır və bura rəhbərliyi həyata keçirmək üçün xarici dili bilməklə yanaşı həmin ölkələrin təhsilində iştirak etmək vacib amildir. Akademik Kamal Abdulla uzun müddət Slavyan ölkələrinin təhsili üzrə çalışıb, amma professor Əfqan Abdullayev ABŞ və Avropa ölkələrinin nüfuzlu universitetlərində çalışmış, mühazirə demiş insandır. O, çox gözəl idarəçi insandır. İndiki halda onun ADU-da vəziyyətinin sabitləşmə funksiyasını yerinə yetirəcəyini gözləyirəm.İlk növbədə onun qarşısına qoyulan məqsədin bu olduğunu düşünürəm.

Onun yenidən rektor olacağını gözləyirdim, amma BDU-ya, Pedaqoji Universitetə... Çünki o, Azərbaycan təhsilini çox gözəl bilir və idarə edir.

Dillər Universitetində 10-a yaxın xarici dil tədris olunur.Böyük əksəriyyət fakültə və ixtisaslarda ingilis dilində, ABŞ, Avropa ölkələri ilə əməkdaşlıq qurulub.ADU-da Avropaya inteqrasiya sürətlənmiş, dünya təhsilinə uyğunlaşdırılma istiqamətində ciddi addımlar atılırdı.Hesab edirəm ki, yeni təyinatdan sonra bunlar yavaşlayacaq. Bilirsiz, ali pedaqoji təhsilli hər kəs müəllim ola bilməz. Amma bizə elə gəlir ki, hamı sinifə daxil olub şagirdi salamlayıb vaxtını keçirə bilər. Dünyada qəbul olunmuş idarəetmə sistemi var. Siz mükəmməl idarəçi ola bilərsiz amma hər sahəni idarə edə bilməzsiz. Məsələn, texnologiya üzrə akademiki Avropada humanitar universitetdə rəhbər görə bilməzsiz, yaxud da əksinə...  Kamal müəllimin daha çox daxili auditoriyaya yönələn fəaliyyət göstərəcəyini düşünürəm”.

"Bizim tələbələr peşəkar səviyyədə mütəxəssislər olmaq istəmir”

Kamran Əsədovun fikrincə, etiraf etmək lazımdır ki, Azərbaycanda pedaqoji kadrların hazırlanmasını həyata keçirən təhsil müəssisələrinin, kadrlarının keyfiyyəti o qədər də ürəkaçan deyil.Bunu Təhsil Nazirliyinin müəllimlərinin diaqnostik imtahan nəticələri də sübut etdi.Məhz əmək bazarına keyfiyyətli məhsul istehsal etmək missiyasını yerinə yetirməyi qarşısına məqsəd qoyan Əfqan müəllim bunun qurbanına çevrildi. İndi başqa heç kim islahata cəhd etməyəcək. Xatırlayırsızsa, iki iləvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində də tələbələr imtahan keçirilməsinə etiraz etmişdilər və onların da istəkləri yerinə yetirilmişdi. Bu onu göstərir ki, bizim tələbələr peşəkar səviyyədə mütəxəssislər olmaq istəmir və biz də buna şərait yaradırıq.Məhz buna görə də, Azərbaycan təhsili dünyada ən aşağı göstəricilərə malikdir.

"Bu, qurulmuş ssenari ola bilməz”

Tələbələrin aksiyasının qurulmuş ssenari olmasına gəlincə, ekspert  belə deyib: "Yox... Bu heç bir halda ssenari ola bilməz. Çünki etiraza səbəb olan qərar universitetin rektoru səviyyəsində qəbul edilmişdi. Tələbələrin də mütəşəkkil fəaliyyət göstərməməsi, tələblərini qeyri-peşəkar səviyyədə  ifadə etmələri heç bir planlaşdırılmış işin olmadığını ortaya çıxarır. Bütün baş verən hadisələr təsadüfi idi.Çoxu sadəcə küyə getmişdi”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları