Yuxarı

Məktəbə kitab əvəzinə bıcaqla

Məktəbə kitab əvəzinə bıcaqla

Asim Mollazadə: "Orta məktəblərdə vəziyyət heç də xoşagələn deyil”

Bu günlərdə ard-arda iki məktəbdə bıçaqlanma hadisəsi baş verib.Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 85 saylı orta məktəbdə 11-ci sinif şagirdləri arasında bıçaqlanma baş verib.17 yaşlı Turan Vüqar oğlu Əliyev məktəb yoldaşı, Tərlan Vasif oğlu Hacıyev tərəfindən bıçaqlanıb. Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Digər bıçaqlanma hadisəsi isə iki gün əvvəl Goranboy rayonunda məktəblilər arasında kütləvi dava zamanı yaşanıb.

Hadisə rayonun Veyisli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə baş verib. Belə ki, bir qrup məktəbli arasında düşən kütləvi dava zamanı qəsəbə sakini, 2002-ci il təvəllüdlü, Vüqar Adil oğlu Məmmədov başından ağır xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxsə həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətin orta-ağır olduğu bildirilir. Kütləvi dava zamanı daha bir neçə şagirdin xəsarət aldığı bildirilir.Hadisə şahidlərinin verdiyi məlumata görə, kütləvi dava zamanı azı 5 nəfər şagird xəsarət alıb.Ümumiyyətlə, orta məktəbdə zaman-zaman bıçaqlanma hadisələri olub.Sirr deyil ki, bu gün məktəblilərin əksəriyyəti cibində soyuq silah gəzdirir.Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddir.Qanuna əsasən, soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, soyuq silahı əldə etmə, satma və ya gəzdirməyə görə - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.Milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna təşkil edir.

Bu gün məktəblərin təhlükəsizliyi ilə bağlı məsələdə ciddi boşluqlar özünü göstərir.Təhsil ocaqlarının qorunması mexanizmində sistem düzgün qurulmayıb.Bu səbəbdən çoxsaylı xoşagəlməz olaylar baş verir.Bundan əlavə məktəb qapılarına hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunmayıb.Əslində bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən hüquq-mühafizə orqanları əməkdaşları məktəblərə mühafizəçi kimi cəlb edildilər.Sonradan bu effekt vermədi.Nazirlik dövlət büdcəsindən həmin mühafizəçilərin əmək haqqını verməkdə çətinlik çəkdi.Bu səbəbdən həmin postlar ləğv olundu.Hazırda məktəblərin əksəriyyətində mühafizəçi kimi xadimələrdən istifadə olunur.Təəssüf ki, mühafizəçi təkcə kənar şəxslərin məktəbə daxil olması, məktəblilərin geyimi və bu kimi hallara nəzarət etməklə yanaşı digər tədbirləri də ələ almalıdır.Amma xadimələr bu işdə çox acizdirlər.Məsələn, məktəblilərin üzərində gəzdirdiyi hər şey yoxlanılmalı, ciddi nəzarətdən keçməlidir ki, bunu yalnız peşəkar mühafizəçilər edə bilər.Ekspertlər artıq məktəblilərin bıçaq gəzdirməsi məsələsində həyəcan təbili çalırlar.Bildirirlər ki, müəyyən ciddi tədbirlərlə bunun qarşısı alınmalıdır.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Asim Mollazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, məktəblərdə nizam-intizam, təlim-tərbiyə ilə bağlı tədbirlər gücləndirilməlidir:

"Orta məktəblərdə vəziyyət heç də xoşagələn deyil. Müvafiq addımlar atılmalıdır.Ümumi vəziyyəti dəyişmək üçün ciddi işlər görülməlidir.Bu tədbirlər sırasında çoxşaxəli işlər nəzərdə tutulmalı və konkret addımlar atılmalıdır”. Məktəblərdə mühafizəçi məsələsində boşluqların olmasına gəlincə, millət vəkili əlavə edib ki, bu məsələ məktəblərin özündə valideynlərin bilavasitə iştirakı ilə tənzimlənməlidir: "Məktəblərlə ailə arasında sıx əlaqələr bu problemin həlli istiqamətində müsbət dəyişikliklər yarada bilər”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları