Yuxarı

İşbazlar toyuq ətini də bahalaşdırır

İşbazlar toyuq ətini də bahalaşdırır

Aydın Vəliyev: "Keyfiyyətə baxmadan həmin məhsulları ölkəyə gətirirlər”

Azərbaycanın tanınmış iş adamı Mürvət Həsənli yerli saytlardan birinə verdiyi müsahibədə quşçuluq sektorunun qarşısında dayanan problemlərdən danışıb, ölkəmizin ərzaq təhlükəsizliyi strategiyası, kənd təsərrüfatının inkişaf perspektivləri və digər  vacib məqamlara toxunub, maraqlı faktlar açıqlayıb. Mürvət Həsənli müsahibəsində bildirib ki, xarici şirkətlərin səyi nəticəsində yerli istehsalın inkişafının qarşısı alınır: 

"Ölkə başçısının müxtəlif islahatlarla qeyri-neft sektorunu inkişaf etdirmək səyləri bəzi işbazların xarici şirkətlərlə cinayət əlaqələrinə girərək, Azərbaycana toyuq məhsulları, o cümlədən damazlıq yumurtalar gətirməsi nəticəsində heçə uğradılır.Bu isə, Azərbaycanın iqtisadi inkişafını sabotaj etməklə qalmır, həmçinin qida təhlükəsizliyini də ciddi şəkildə təhdid edir”.

İş adamı gileyini dilə gətirərək bildirib ki, dövlətin ərzaq təhlükəsizliyi proqramının bəzi işbazlar tərəfindən sabotaj edilir: "Təəssüf ki, bu sahədə yerli istehsalçılarımızın maraqları tam qorunmur. Azərbaycana damazlıq yumurta satan xarici şirkətlərin idxalı əvvəlki illərdə olduğu kimi davam edir və onlar Azərbaycan bazarını əldən buraxmaq istəmirlər. Nəticədə yerli təsərrüfatları batırırlar”.

Məlumdur ki, quşçuluq məhsulları gündəlik qida rasionunda mühüm yer tutur.Bu gün quşçuluğun inkişafına kifayət qədər kreditlər ayrılıb.Amma buna baxmayaraq xaricdən ölkəyə quşçuluq məhsulları idxal olunur. Sual yaranır, yerli quşçuluq məhsullarının istehsalı yetərincə deyilmi ki , ölkəyə idxal edilir? İdxalın artırılmasında maraq nədir?

Azərbaycan Quşçular Birliyinin sədri Aydın Vəliyev "Cümhuriyət” qəzetinə bildirib ki, xaricdən Azərbaycana həddən artıq çox toyuq və yumurta gətirilir:

"Azad zona olduğundan xaricdən idxalın qarşısını almaq mümkün deyil. Bunların hamısı işbazlardır.Məlumdur ki, quşçuluqda yem, müəyyən avadanlıqlar Azərbaycana xaricdən idxal edilir.Amma elə ölkələr var ki, yemi, taxılı, buğdası var, xaricdən asılılığı yoxdur.Buna görə də həmin ölkələrdən gətirilən quş ətlərinin maya dəyəri ucuz olur və ölkəyə də nisbətən aşağı qiymətə gətirilir.Yerli sahibkarlar da 3-5 manat qazanmaqdan ötəri keyfiyyətə baxmadan gedib həmin məhsulları ölkəyə gətirirlər.Bu da yerli istehsalı "vurur”.Həmin quşçuluq məhsullarının qarşısını yalnız bir yolla almaq olar.Əgər gətirilən məhsul standarta uyğun deyilsə, o zaman onun qarşısı alına bilər.Başqa cür mümkün deyil.MDB dövlətlərində gömrük rüsumu yoxdur.Əgər kapitalist ölkələrindən idxal olunarsa, onun hər kiloqramına əlavə olaraq 1 dollar gömrük rüsumu alınır”.

Bazarlarda kənd toyuğu adına broyler toyuqlarının satılmasına gəlincə, Birlik sədri deyib ki, bunun onlara aidiyyəti yoxdur:

"Biz nə bazarlara, nə də mağazalara nəzarət edə bilirik. Biz ancaq öz təsərrüfatlarımıza öz çərçivəmizdə nəzarət edirik.Bazar  elə şeydir ki, orada narkotik maddə də satırlar. Nə edək?Kim nə istəyir onu da edir.Gərək alıcılar diqqətli olsun”. Yerli toyuqların maya dəyərindən danışan Aydın Vəliyev bunun standart olmadığını da deyib: "Yerli toyuqlar müxtəlif qiymətlərə satılır. Elə olur ki, iri təsərrüfatlar çox yem alır bu zaman məhsul ucuz, digərində isə nisbətən baha başa gəlir.Orta hesabla bir toyuğun maya dəyəri 4 manata başa gəlir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları