Yuxarı

Sudan zəhərlənmə təhlükəsi qalır

Sudan zəhərlənmə təhlükəsi qalır

Ziyəddin Kazımov: "Rotovirusun əsas yayılma mənbəyi çiy sudur”

Dövlət Məmmədov: "Hansısa qurum ortaya çıxıb əsl səbəbi açıqlamalıdır”

Sumqayıt şəhərində uşaqlar arasındakı kütləvi zəhərlənmənin səbəbi kimi rotavirus infeksiyası göstərildi. Bu virusun isə çiy sudan keçməsi ehtimal olundu. Baş verən hadisədə bəlli oldu ki,  su xəttinə hansısa mənbədən çirkab qarışıb. Suyun hansı şəraitdə çirklənməsi hələlik məlum olmasa da, bununla bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tədqiqatlar aparılır. Amma hadisənin çirklənmiş sudan baş verdiyi təsdiqlənib. Bunu respublikanın baş pediatrı Nəsib Quliyev də deyib. O, bildirib ki, rotovirusun sularda olması nəzərə alınaraq, onun çiy su ilə keçməsi ehtimal edilir.

Məsələ ilə bağlı "Azərsu” ASC isə əvvəl və indi də olduğu kimi verdiyi açıqlamada israrlıdır. Qurum bildirir ki, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış kütləvi zəhərlənmə içməli sudan baş verməyib. Suyun tərkibi standartlara cavab verir. Səhiyyə Nazirliyinin iyunun 12-də yaydığı məlumatda isə bildirilib ki, Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan rotavirus infeksiyasının yayılmasına səbəb supaylayıcı şəbəkədir. Verilən açıqlamalardan məlum olur ki, qurumlar bir-birini təkzib edir. "Azərsu” ASC iddia edir ki, sudan zəhərlənmə halı baş verməyib. Səhiyyə Nazirliyinin Laboratoriyası isə konkret virus aşkarlayıb, bunun çiy sudan keçməsini təsdiqlədi. Bəs "Azərsu” ASC nəyin davasını döyür? Məsuliyyətdən yayınmaq üçünmü? Yoxsa mövcud olan su anbarlarında, su xətlərinin çirkab sulardan mühafizəsi ilə bağlı tədbirlərin ürəkaçan səviyyədə olmamasındanmı?

Hər halda bununla bağlı aparılan tədqiqatların nəticələri də gizlədiləcək. Çünki suya çirkab suların və digər müdaxilələrin olması heç kimə sirr deyil. Qeyd etmək lazımdır ki, su anbarlarının mühafizəsi insanların həyatı və təhlükəsizliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də anbarların mühafizəsinə xüsusi önəm verilməlidir. Ölkəmizdə bu sahədə vəziyyət necədir? Su anbarlarının mühafizəsi necə təşkil olunur? İçməli su hansı qaydalarla təmizlənməlidir? 

Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Cümhuriyət” qəzetinə açıqlamasında da qeyd edib ki, rotovirusun əsas yayılma mənbəyi çiy sudur:

"İlk növbədə suya çirkli ərzaq məhsullarının qatılması, sanitar-gigiyenik şəraiti olan ünvanlar bu infeksiyanı yayır”. 

"Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədovun sözlərinə görə, su anbarlarının mühafizəsini Fövqəladə Hallar Nazirliyi həyata keçirir:

"Hətta Ceyranbatan Su Anbarını da bu nazirlik qoruyur. Bu hadisə olub. Dövlət qurumları ancaq bir-birilərini təkzib edir. Kim düzdü, kim səhvdi, bu barədə heç nə deyə bilmərəm. 

Ümumiyyətlə, əraziyə gələn xətt yoxlanılmalı və hansı səbəblərdən çirklənməsi təsdiq olunmalıdır. Bildiyimə görə Ceyranbatan Su Anbarında yüksək səviyyədə texnika quraşdırılıb. Su orada təmizlənir. Biz dəfələrlə orada olmuş, suyun təmizlənməsi, çirkab suların hara axıdılması prosesini izləmişik. Labaratoriyalarda haradan su götürülməsinə və analiz olunmasına da nəzarət etdik. Ancaq ora kiminsə daxil olması və nəsə etməsi mümkün deyil. Çünki ora ciddi surətdə mühafizə edilir. Amma hansısa qurum ortaya çıxıb əsl səbəbi açıqlamalıdır”. 

Ekspertlər bildirirlər ki, su anbarlarının qorunmaması ciddi fəsadlara yol aça  və bununla da kütləvi epidemiya təhlükəsi arta bilər. Bu mənada içməli su anbarlarının təhlükəsizliyinin təmin edilməsi vacib vəzfələrdən  sayılır. 

Su anbarlarının sanitar epidemioloji normaları  yoxlanılmalıdır

Xatırladaq ki, içməli su anbarlarının mühafizəsi ilə bağlı Azərbaycanda kifayət qədər qanunvericilik aktları mövcuddur. Dövlətin istifadəsində olan su anbarları və su obyektlərinin mühafizəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. Həmin obyektlərin mühafizəsi ilə bağlı "Sanitar epidemioloji salamatlıq haqqında” qanun və Azərbaycan Su Məcəlləsi mövcuddur. Məhz su anbarlarının mühafizəsinin təşkili bu qanunvericilik aktları vasitəsilə tənzimlənir. Qanunvericiliyə görə, su anbarlarının mühafizə zolağının yaradılması vacib hesab edilir. Sənəddə su anbarlarında mühafizə zolağının təşkilində hidroloji, hidrobioloji sanitar qaydalar da göstərilib. Bununla yanaşı insanların sağlamlığı üçün də su anbarlarının mühafizəsi vacibdir. 

Bu prosesdə hər hansı sanitar, gigiyenik qaydaların pozulması insan həyatı üçün təhlükəyə səbəb ola bilər. Məsələn, su anbarının çirkab su ilə, yad cisimlərlə və ya müəyyən müdaxilələrlə çirklənməsi, eləcə də hansısa zəhərli kimyəvi maddənin düşməsi insanlar arasında kütləvi zəhərlənməyə, bununla da ölümə səbəb ola bilər. Ona görə su anbarlarının ekoloji durumu, sanitar epidemioloji normaları və hidrotexniki və sutəmizləyici qurğuları daim yoxlanılmalıdır.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları