Yuxarı

Reket jurnlaistlər onlayn mediaya cəmləşir

Reket jurnlaistlər onlayn mediaya cəmləşir

Zeynal Məmmədli: "Media özü cəmiyyətdə nüfuz və inam qazanmalıdır”

Bu gün reket jurnalistika cəmiyyətin bəlasına çevrilib."Dilənçi” jurnalistika ilə mübarizə aparmaq isə olduqca çətindir.Mətbuatda vacib prinsiplər var ki, jurnalistlər ilk növbədə bunlara əməl etməlidirlər.Dəqiqlik, qərəzsizlik, vicdanlı olmaq, operativlik və sair bu kimi şərtlər jurnalistikanın əsas amalıdır.Amma heç də bütün jurnalistlər bu prinsiplərə əməl etmir. Artıq reket jurnalistika ölkə mediasının "baş bəlası”na çevrilən bir sahəyə dönüb ki,  bu sahə bilavasitə 4-cü hakimiyyəti hörmətdən salıb.  Öz fəaliyyətini şantaj, böhtan  üzərində quran reket jurnalistika bu yolla vəzifəli şəxslərdən, məmurlardan pul qopartmaqla məşğuldur. 

Bu xof ölkədə elə sürətlə genişlənib ki, vəzifəli şəxslər jurnalist görəndə əllərini ciblərinə atmağa adət ediblər.Zaman-zaman bunun qarşısını almağa çalışan Mətbuat Şurası müəyyən mübarizə metodlarını işə salsa da, əksinə, hər gün çoxalmağa doğru gedən reket mətbuat getdikcə yayılmaqda davam edir.

Xatırladaq ki, Mətbuat Şurası tərəfindən reket jurnalistika ilə bağlı hər dəfə yeni siyahılar tərtib olunur və ictimaiyyətə təqdim edilir.Amma bunun təsiri olmur və yeni-yeni "reket jurnalistlər” yaranır.Bu günlərdə Mətbuat Şurasının sədri Əflatun Amaşov "reket jurnalist”lərin indi də onlayn mediada cəmləşdiyindən şikayətlənib. Zaman-zaman çap mediasında olan "reket jurnalistlər”i üzə çıxaran Mətbuat Şurası indi də əsl təhlükənin internet mediasında olduğunu deyib:

"İndi həmin şəxslər onlayn jurnalistikaya, eyni zamanda internetdə fəaliyyət göstərən televizya və radiolara transfer olunublar. Bunun da müəyyən səbəbləri var. Çox təəssüf ki, həmin o şəxslər birləşərək ayrı-ayrı adamların ətrafında cərəyan etməyə başlayıblar.Onlar ayrı-ayrı insanlar tərəfindən də maliyyələşirlər.Son zamanlar o yolda olan jurnalistlər saxlanılır, həbs olunur. Bu proses hələ davam edəcək. Mən elə fikirləşirəm ki, iqtisadi baxımdan təminat ödəndikcə, həmin o neqativ hallar da aradan qalxacaq”.

Ölkədə "reket jurnalistika”nın kökünün tamamilə kəsilməsi bir qədər çətin olacaq. Bəs "reket jurnalist”lərə qarşı necə mübarizə aparmaq olar?

Məsələ ilə bağlı tanınmış media eksperti Zeynal Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Jurnalistlərin Peşə Kodeksinə əməl edənlər əsl jurnalistlər hesab olunmalıdır: 

"Mətbuat Şurası məhz belələrini tanımalı və onları müdafiə etməlidir. Peşə Kodeksinə imza edənlər dəqiq, qərəzsiz, vicdanlı olmağa və  operativliyinə sadiq qalırlar. Məhz bu cür mətbuat orqanları cəmiyyət üçün güvənlidir.Cəmiyyət hansı media orqanını qəbul etməsə, müdafiə etməsə, o orqan istər-istəməz bazardan çıxacaq.Əslində "reket jurnalistika” ilə məşğul olanlara yasaq qoymaq, onları həbs etdirməklə onların qarşısını almaq çox çətin olacaq.Yəni belələrini bazarda sıradan çıxarmalıdırlar.Bunun kökündən həlli üçün reklam bazarı sərbəst olmalıdır.Bazarda pul qazanmaq imkanları olmalıdır.Media yalnız reklamdan pul qazana bilər.Yoxsa kimsə buna pul verir və o yazırsa, artıq bu yalnış və qanunsuz yol sayılacaq.Beləliklə də onlar asanlıqla üzə çıxacaqlar.Ciddi və cəmiyyətə işləyən medianın özünü başqalarından fərqləndirməsi üçün oyun qaydaları olmalıdır”.

Ekspertin sözlərinə görə, media olmayan amma media adından istifadə edənləri Mətbuat Şurası və jurnalist təşkilatları müdafiə etməməlidir: 

"Bununla da cəmiyyətə mesaj verir ki, baxın, jurnalistika prinsiplərinə  əməl etməyənlər, cəmiyyətə xidmət etməyənlər bunlardır. Reklamçılar onlara pul verməyəndən sonra o zaman üzə çıxacaq ki, reketləri kim  maliyyələşdirir və kim nə edir. Faktiki olaraq bunlar Azərbaycandakı məmurların iştəkləridir.Bəzən reketçilik o qədər inkişaf edir ki, siyasi rəqiblərini sıradan çıxarmaq istəyən məmurlar onların köməyindən istifadə edirlər. Nəyisə yasaqlamaqla biz heç vaxt nəyəsə nail ola bilməyəcəyik. Media özü cəmiyyətdə nüfuz və inam qazanmalıdır.Onda cəmiyyət özü seçir ki, nəyə inanmaq və inanmamaq lazımdır.Bu əbədi davam edən prosesdir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları