Yuxarı

Vidadi Zeynalovun 2 milyonluq evi

Vidadi Zeynalovun 2 milyonluq evi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın daha bir hissəsini ödəyib.

"Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə mətbuata V.Zeynalovun vəkili Elxan Süleymanlı deyib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin ailəsi yaşadığı mənzili satılıb və dövlətə 2 milyon 200 min manat ödəniş edilib. V.Zeynalovun qalan borcu 2 milyondur. Vidadi Zeynalovdan başqa "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayevin dəymiş ziyanı tam ödədiyi bildirilir. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri olmuş Beytulla Hüseynov da dövlətə vurduğu 10 milyon manat məbləğində ziyanı ödəyib.

10 ildir tikintisi bitməyən malikanə

Vidadi Zeynalov və sözügedən qurumun digər keçmiş əməkdaşları dövlət əmlaklarını mənimsəmə və vəzifələrindən sui-istifadə ittihamları üzrə həbs ediliblər. Söhbət milyonlarla manat dəyərində dövlət vəsaitinin mənimsənilməsindən gedir. 

Şübhəsiz ki, həmin vəsaitlər dövlətə geri qaytarılmalıdır. Gələn xəbərlərə görə, artıq keçmiş rabitəçilər dövlətə vurduqları zərərləri ödəməyə başlayıblar. Amma məsələdə diqqət çəkən başqa məqamlar var, bu da Vidadi Zeynalov və digərlərinin ödədikləri məbləğlərin həcmi və bu vəsaitləri hansı formada əldə etmələri ilə bağlıdır. Məsələn, Vidadi Zeynalovun ailəsi yaşadığı evi sataraq dövlətə 2 milyon 200 min manat maddi vəsait ödəyib. Əgər Zeynalovlar ailəsinin bir evinin qiyməti 3 milyon manata yaxındırsa, o zaman onların balışlarının altında saxladıqları nə qədər pul var? 

Əlbəttə, bu ehtimalın özü dodaq uçurur. Şübhəsiz ki, vəzifədə olarkən hər ay yüz minlərlə manat dəyərində paket alan Vidadi Zeynalov və bundan pay alan digəriləri daxmada, kirayələrdə yaşamalı deyildilər. Elə keçmiş rabitə naziri Əli Abbasov kimi... Əli Abbasovun tikintisi 10 ildən çox davam edən malikanəsi və nazir işləyərkən hər ay şəxsi problemlərinə 300 min manat xərcləməsi insanlar arasında məşhur hekayədir.

Mahmudovun nələri var?

Zərərlərin ödənilməsiylə bağlı ortaya bir sıra suallar çıxır. Məsələn, aylıq maaşı təxminən 1500-2000 manat olan Vidadi Zeynalov dəyəri 3 milyon manat olan villanı hansı pullarla tikib? Mənimsədikləri pulları geri qaytaranlar azad olunacaqlar? Əlbəttə, vəzifəsinin icrasını sui-istifadə üzərində quran hər bir dövlət məmurunun, nazirin dəbdəbəli həyatı var. Azərbaycan dünyada yüksək vəzifəyə gətirildikdən sonra oliqarxlaşmış dövlət məmurları və nazirləri ilə məşhur olan ölkədir. Hakimiyyət daxilindəki oliqarxların əksəriyyəti də dövlət əməlaklarını mənimsəmə və rüşvət hesabına milyonçuya çevrilib. Vidadi Zeynalov da gizlədilən bu faktlardan etiraf olunan xırda nümunədir. Əgər vaxtilə özündən "hakimiyyətin vicdanlılarından biri” kimi söz etdirən Əli Abbasovun rəhbərlik etdiyi qurumun xırda vəzifəlilərinin ciblərindən bu qədər pul çıxırsa, o zaman milyardları itirdiyi iddia olunan keçmiş MTN başçısı Eldar Mahmudovda nələr var?! 

Vəd olunmuş azadlıq

Azərbaycan qanunvericiliyi və Cinayət Məcəlləsinin aidiyyatı maddə və bəndləri dövlət əmlaklarını mənimsəyənlərə bu cinayətləri sübut olunduqda heç bir halda cəzadan yaxa qurtarmaq şansı vermir. Şübhəsiz ki, Vidadi Zeynalov və digərləri zərərləri ödəsələr belə, cəzalarını almalıdırlar. Lakin Azərbaycan elə bir təzadlar ölkəsidir ki, sabah 82 yaşlı baş nazir Artur Rəsizadəni gənclər təşkilatlarına sədr təyin etsələr, heç kəs təəccüblənməyəcək. Hər halda Vidadi Zeynalov və digər rabitəçilər mənimsədikləri pulları əbəs yerə geri qaytarmırlar. Ehtimal etmək olar ki. Bunun qarşılığında onlara azadlıq vəd olunub.

Mənsur





Həftənin ən çox oxunanları