Yuxarı

Möhtəkirlərə Ramazan fürsəti

Möhtəkirlərə Ramazan fürsəti

Akif Nəsirli: "Sahibkarlar  geyimin yox, ərzağın qiymətini bahalaşdırmağı daha məqbul sayırlar”

Bir neçə gündən sonra bütün müsəlman dünyası Ramazan bayramını qeyd edəcək.Həmişə olduğu kimi insanlar bu bayramda da bazarlığını əvvəlcədən edirlər. Nəzərə alsaq ki, bura Azərbaycandır və hər bayram ərəfəsində bazarlarda qiymətlər  "od tutub yanır”. Ona görə də tam əminliklə deyə bilərik ki, bayramda daha çox sevinən alverçilərdir.Müşahidələr də onu deməyə əsas verir ki, artıq bazarlarda qiymət artımına start verilib. Doğrudur, nə qədər rəsmilərimiz süni qiymət artımının qarşısını almaq məqsədilə daim iş gördüklərini desələr də, amma market və bazarlarda bunun əksini görürük. 

Bir qayda olaraq bütün ərzaq məhsullarının, o cümlədən, dərman preparatlarının qiymətində bahalaşma var. Bu il güclü yağıntıların düşməsi meyvə qıtlığı yaradıb. Bu da ilk növbədə bazarda qiymətlərə təsir göstərən amildir. Meyvə ticarəti ilə məşğul olan satıcılar da deyir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il meyvələrin qiymətində artım, həcmində isə azalma var. Bazarda gilasın üstünün çatlamış, içinin isə qurdlu olduğunu müşahidə etmək olar. Bu da işbazlara şərait yaradır ki, yerli bazarın tələbatını xarici bazarlardan təmin etsin. Hələ ki, ətin qiymətində heç bir dəyişiklik yoxdur. Amma bayram günlərində qiymətin bir az da olsa, artacağı ehtimal olunur. Bundan başqa xidmət sahələrinin qiymətlərində sabitlik var. 

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda ərzaq və gündəlik tələbat mallarının qiymətinin artması ümumi qiymət artımının bir seqmentidir:

 "Ərzaqda və gündəlik tələbat mallarında bahalaşmanı ona görə daha çox hiss edirik ki, vacib tələbat olduğundan əhali onu ixtisar edə bilmir. Hər gün çay içmək, ət yemək, müəyyən qaydalara riayət etmək lazımdır. Sahibkarlar geyim və məişət əşyalarının qiymətinə nisbətən ərzaq məhsullarının qiymətini daha intensiv bahalaşdırır. Bu məhsulları məhdud səviyyədə ixtisar etmək mümkün olduğundan sahibkarlar özlərinə strategiya seçiblər. Yəni, geyimin qiymətini artırmaqdansa, ərzağın qiymətini bahalaşdırmağı daha məqbul sayırlar. Bu, ümumi tendensiyadır. Azərbaycanda qiymətlərin artmasının əsas səbəbi iqtisadi böhrandır. Ölkə iqtisadiyyatı getdikcə kiçilir və bu da müxtəlif sahələrdə təzahür edir. Bunun fonunda manat dəyərsizləşir, daha sonra əsas məsələ istehsal və xidmətin dayanmamasıdır”.

Bahalaşmanın qarşısını almaq üçün...

İqtisadçının sözlərinə görə, qiymətlərdə sentyabr ayına qədər müəyyən qədər zəifləmə tendensiyası hiss olunacaq: 

"Mövsümlə əlaqədar olaraq meyvə-tərəvəzin bol vaxtına təsadüf etdiyindən bəzi ərzaqların qiyməti sabitləşəcək. Lakin sentyabr ayından sonra bahalaşma tendensiyası yenidən davam edəcək. Bunun qarşısını almaq üçün ölkə daxilində məhsul istehsalı stimullaşdırılmalıdır, kənd təsərrüfatı inkişaf etdirilməlidir. Həmçinin, yerli istehsal qaynaqları aktivləşdirilməlidir. Bunun üçün də ölkədə iqtisadi aktivliyin bərpa olunması vacibdir. Çox təəssüf ki, Azərbaycan hökuməti manatın dəyərinin inzibati üsullarla tənzimlənməsi yolunu tutub. Amma fundamental məsələ ilə çox az adam məşğuldur. 

Azərbaycan hökuməti böhranın aradan qaldırılması məsələsinə çox az diqqət ayırır. Konkret olaraq ölkədə sahibkarlığa mane olan bütün səbəblər aradan qaldırılmalı, sahibkarlıq fəaliyyəti və iqtisadiyyatın genişləndirilməsi stimullaşdırılmalıdır, korrupsiya, rüşvətxorluq halları aradan qaldırılmalıdır. Bir sözlə, ölkədə iqtisadi inkişafa, istehsala mane olan bütün əngəllər götürülməli, hökumət müxtəlif vasitələrlə mümkün qədər istehsalın genişlənməsini təmin etməlidir. Yalnız bu halda qiymətlərin sabitləşmə tendensiyasını hiss edə bilərik. Bura rəqabət mühitini də əlavə etmək əsas şərtlərdir. Çünki ölkədə rəqabət mühitinin olması çox vacib amildir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları