Yuxarı

"Sevil Massivi”: Tikinti mafiyasını kimlər himayə edir?

Əsabəli Mustafayev: "Dəfələrlə məsələ qaldırmışıq, ancaq təəssüf ki, məhkəmələr buna baxmırlar”

Bir zamanlar mətbuatda, televiziyalarda geniş şəkildə reklam olunan və Azərbaycan vətəndaşlarının inamını qazanan "Sevil Massivi” MTK adlı tikinti şirkətinin rəhbərləri bu gün qanunsuz əməllərinə görə hakim qarşısındadır. Belə ki, ötən gün "Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. O, Aynur Zeynalovun 15 il, Zabit Çələbiyevin 13 il, Elçin İsmayılovun 13 il, Mirnamat Miradıyevin 10 il, Səbinə Əliyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Təqsirləndirilən şəxslər 162-1.1 (Əmək mühafizəsi qaydalarını pozma, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda), 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

"Sevil Massivi” MTK necə yaranıb?

Sevil Massivi MTK-nın məsul şəxsləri - Aynur Zeynalov və Elçin İsmayılov Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən, bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan "At yalı" və "Sonalı sahəsi" adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.

Xatırlatma...

"Sevil Massivi” MTK haqqında aparılan araşdırmalar zamanı isə məlum olub ki, şirkətə rəhbərlik edən bir qrup şəxs əslində vətəndaşları aldatmaqla məşğul olur. 2015-ci ildə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilirdi ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq zamanı kooperativin təsisçisi Aynur Zeynalovun, MTK-nın direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlar barəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanıb.

MTK rəhbərləri pulları hara xərcləyib?

Son məlumatlara görə "Sevil Massivi” MTK 3 min nəfərə külli miqdarda zərər vurub. Mənzil almaq adı altında MTK-ya verilən bütün pullar isə şirkət rəhbərləri tərəfindən mənimsənilib. 3 min nəfərə dəyən ziyanın isə kim tərəfindən kompensasiya olunacağı hələ də bəlli deyil. Yayılan məlumatlara görə "Sevil Massivi” MTK-ya rəhbərlik edənlər Azərbaycan üçün qeyri-ənənəvi olan dini cərəyanların üzvləri olub və vətəndaşlardan alınan vəsaitin böyük hissəsi məhz həmin cərəyanlara ötürülüb. Belə ki, Şirkətin adına gəlincə isə belə məlumatlar var ki, qeyri-ənənəvi təriqətinin ardıcıllarından olan A.Zeynalov bura öz anasının adını verib. Belə ki, "din” yoldaşları arasında Hacı Aynur kimi tanınan bu şəxsin anası Sevil Zeynalova vaxtilə SSRİ zamanı Azərbaycanın yeyinti sənayesi naziri olub. Hacı Aynurun ilkin kapitalının da anasından qalan miras olduğu və şirkətə də məhz anasının adını verdiyi bildirilir.

Zərərçəkənlər pullarını ala biləcəkmi?

Məsələnin hüquqi tərəflərini "Cümhuriyət” qəzetinə şərh edən tanınmış vəkil Əsabəli Mustafayev deyib ki, bu cür proseslərdə adətən vətəndaşlar elə zərərçəkmiş qismində qalır:

"Belə hadisələr çox olur. Mütəmadi olaraq MTK-ların vətəndaşları aldatdıqlarının şahidi oluruq. MTK-nın sədrləri həbs olunur və nəticədə vətəndaşların ödədikləri pullar batır. Sonra da məhkəmə qərar çıxarır ki, MTK rəhbərlərinin şəxsi hesabına vətəndaşlara dəymiş zərər ödənilsin. Ancaq həmin MTK sədrlərinin əmlaklarını yoxladıqda məlum olur ki, onların adında heç bir əmlak qeydiyyatda deyil. Ona görə də zərərçəkmişlər elə zərərçəkən statusunda da qalırlar. Ancaq praktika göstərir ki, rəhbərləri həbs olunan həmin MTK-lar yerində qalır və başqa şəxslər həmin MTK-ların işlərini davam etdirirlər. Biz dəfələrlə məhkəmədə bu məsələni qaldırmışıq ki, zərərin ödənilməsi fərdi şəxsin, yəni MTK sədrinin əmlakına deyil, şirkətin əmsalına yönəldilməlidir. Çox təəssüf ki, cinayət işinin gedişində məhkəmələr buna baxmırlar. Ancaq mülki qaydada işlərə baxılanda MTK-ya qarşı iddia qaldırıb az da olsa, nəyəsə nail olmaq mümkün olur. Yəni, bu məsələdə məhkəmə praktikası vahid deyil. Məhkəmələr bu cür məsələlərə fərqli yanaşır. Bəziləri zərərin ödənilməsini MTK-nın, bəziləri isə sədrin əmlakına yönəldir. Belə görünür ki, bu məsələdə vahid yanaşmanı həll etmək üçün Ali Məhkəmənin plenum qərarı olmaldır, ya da Konstitusiya Məhkəməsi müəyyən qərar verməlidir. Əgər bu işdə də zərərin ödənilməsi MTK sədrlərinə yönəlibsə, hesab edirəm ki, həmin zərərlər ödənilməyəcək. Çünki praktika bunu göstərir. Təkcə bizdə onlarla buna bənzər misallar var”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları