Yuxarı

Baş redaktordan informasiya savaşı ilə bağlı təklif

Baş redaktordan informasiya savaşı ilə bağlı təklif

"1988-ci idlən Ermənistanın Azərbaycana qarşı elan olunmamış işğalçılıq siyasəti davam edir. Münaqişə 1991-ci ildən müharibəyə çevrildi və nəticədə 20 faiz ərazi işğal olundu, 1 milyondan çox azərbaycanlı qaçqına çevrildi. Baş verən hadisələr göstərdi ki, həm ordu qurucluğu, həm diplomatiya, həm də informasiya siyasəti baxımından ermənilər müharibəyə tam hazırlaşıblar. Həmin dövr üçün Azərbaycanın dövlət və müstəqil mediası düşmənlə informasiya savaşında açıq şəkildə geri qalırdı. Lakin 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya Ədalət” kampaniyasından sonra vəziyyət dəyişdi və biz informasiya blokadasından çıxdıq. İnformasiya üstünlüyü əldə etdik”.  

Cebhe.info xəbər verir ki, bu sözləri "Cümhuriyət” qəzetinin baş redaktoru və Cebhe.info Xəbər Portalının rəhbəri Rəfail Becanov Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövzusunda keçirilən beynəlxalq ictimai forumdakı çıxışında deyib.

Xarici İşlər Nazirliyinin əməkdaşları, xarici ölkə səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, KİV və QHT rəhbərləri, ekspertlərin iştirak etdiyi forumda "Ermənistanın işğalçılıq siyasətinin ifşasında media və sosial şəbəkələrin rolu” mövzusunda məruzə edən Rəfail Becanov bildirib ki, Qarabağ müharibəsində 1994-cü ilin mayın 12-də əldə olunmuş atəşkəs 2016-cı ilin aprelinə qədər davam etdi. Ötən ilin aprelində cəbhədə 4 günlük hərbi əməliyyatlar başlandı. Ağır texnika və artilleriyanın iştirakı ilə baş vermiş şiddətli  döyüşlər Azərbaycan ordusunun gücünü göstərdi.

Ordumuz düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi: Lakin bu zaman informasiya siyasətində mediamız və sosial şəbəkə istifadəçilərimiz tərəfindən bəzi xətalara yol verildi. Aprel döyüşləri zamanı bəzən ordunun dislokasiya yeri, hərbi sursat və texnika, şəxsi heyət barədə məlumatlar yayıldı. Bəzi informasiya agentlikləri, xəbər saytları Müdafiə Nazirliyinin rəsmi açıqlamasını gözləmədən şəhid olmuş hərbi qulluqçular haqqında "özəl kanallarla əldə etdiyi” xəbərləri yaydılar. Bəzi internet informasiya vasitələri, xəbər portalları, saytlar isə bütün mümkün sərhədləri aşaraq cəbhədə şəhid olanların sayı barədə fantastik rəqəmlər səsləndirdilər. Təsdiqlənməmiş xəbərlər yayan  informasiya resursları bir tərəfdən Ermənistan kəşfiyyatı üçün məlumat ötürücüsünə çevrilir, digər tərəfdən də düşmənin Azərbaycan əleyhinə apardığı mənəvi-psixoloji müharibəyə töhfə  verərək həm əsgərlər, həm də əhali arasında çaşqınlıq, ruh düşkünlüyü yaranmasına səbəb olurlar.

Bəzən xəbər  saytları və sosial şəbəkə istifadəçiləri Ermənistanla sərhəd zonalarında azərbaycanlıların yaşayış yerlərini tərk etdiyi barədə yanlış informasiya yayır və bununla da əhali arasında çaşqınlıq yaranmasına xidmət edirlər. Sərhədyanı zonalarda yaşayan əhalinin ruhlandırılması əvəzinə, süni şəkildə sosial problemlər, təhlükəsizlik məsələləri qabardılır və əhali arasında qorxu yaradılır.

Bu cür qeyri-peşəkarlıq yolverilməzdir və cinayət məsulliyyəti yaratdığı qədər də milli maraqlarımıza ziddir.

Təkcə media deyil, sosial şəbəkələrdəki fəallar da, ictimai rəyə təsir edən QHT rəhbərləri, yazarlar, bloqqerlər də qeyr-peşəkarlıqdan dolayı düşmən təbliğatına xidmət etmiş olurlar.  Bəzən Facebook, Tvitter, Youtube kimi beynəlxalq şəbəkələrin istifadəçiləri xalqımıza qarşı necə amansız psixoloji müharibə aparıldığını unudaraq, düşmən mediasının təxribat xarakterli məlumatlarını olduğu kimi tirajlayırlar.

Bəzi informasiya resurslarının, sosial şəbəkə istifadəçilərinin bilərəkdən və ya bilməyərəkdən belə məlumatları olduğu kimi yayması qəbuledilməzdir.

Media müstəqildir və internet azaddır. Ancaq jurnalistlər və sosial şəbəkə istifadəçiləri bu müstəqillikdən, azadlıqdan sui-istifadə etməməlidirlər. Fransa, Böyük Britaniya, son illər isə Türkiyə nümunəsindən bəlli olduğu kimi Youtube, Google, Tvitter, Facebook kimi sosial şəbəkələrin ölkə qanunvericiliyinin tələblərinə uyğun fəaliyyətini təmin etmək məqsədilə məhkəmə prosesləri keçirilib və bu məhkəmələr qanunlara uyğun hökmlər çıxarıblar. Eyni zamanda, həmin şəbəkələrə cəmiyyətin təhlükəsizliyinin təmin olunması ilə bağlı müvafiq xəbərdarlıq edilib. Həmçinin daha sərt addımların atılması faktları da mövcuddur.

Hesab edirik ki, istər KİV-lər, istərsə sosial şəbəkə istifadəçiləri Ermənistanın işğalçılıq siyasətini, Xocalıda törətdiyi soyqırımı daim diqqətdə saxlamalıdır və bu məsələni ancaq anım günləri ilə bağlı deyil, bütün zamanlarda kampaniyaya çevirməlidir. Bunun üçün KİV-lərdə və sosial şəbəkələrdə mövcud olan böyük səhifə və qruplarda Ermənistanın Qarabağda törətdikləri vəhşiliklərlə bağlı mediada və sosial şəbəkələrdə aylıq, həftəlik kampaniyalar keçirilə bilər. Bu tip kampaniyalar böyük dəstək qazanacaq və həm oxucularımıza, həm də dünyaya daha çox informasiya çatdıra biləcəyik.  Sosial şəbəkələrdə posterlər hazırlamaq və yaymaq, KİV-lərin bu informasiyalar dəstək verməsi ən aktual məsələdir. Eyni zamanda ayrı-ayrı işğal faktlarını, əsir və girov götürülən Azərbaycan vətəndaşlarını tez-tez xatırlatmaq, dünyaya çatdırmaq əsas işimiz olmalıdır.

Daha çox ifşaedici faktlarla Ermənistanın işğalçılıq siyasətini bir ölkə, bir bəşər övladı qoymadan hər kəsə çatdırmalıyıq. Sosial şəbəkələrin bunun üçün grniş imkanları vardır.

Sosial şəbəkədəki böyük qrup və səhifələrin ümumi sayı hazırlansa, bu səhifə və adminlər müəyynələşdirilərərk, onların birgə strateji və taktiki təbliğat birliyini yaratmaq mümknüdür.  

Çünki müasir dövrdə vahid informasiya məkanının mövcud olduğu şəraitdə ənənvi medianın və yeni medianın, o cümlədən sosial şəbəkələrin ən mühüm funksiyası milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. KİV-lər və sosial şəbəkə istifadəçiləri Azərbaycanın konstitusiya quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik və digər bu kimi məsələlərdə kifayət qədər həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, onun obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmalıdırlar. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir.

Hesab edirik ki, Qarabağ probleminin həllindən sonra da ermənilərin törətdiyi vəhşiliklərlə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması media və sosial şəbəkə istifadəçiləri tərəfindən davam etməlidir”.

Cebhe.info





Həftənin ən çox oxunanları