Yuxarı

Sabiq deputatın bankı pulsuz qaldı

Sabiq deputatın bankı pulsuz qaldı

"Muğanbank” bağlanır?

Əkrəm Həsənov: "Bankın da xilas edilməsi üçün sahibkarların orada olan əmanətlərinin bir hissəsi əllərindən alınacaq”

Daha bir beynəlxalq reytinq agentliyi Azərbaycanın bir bankının reytinqini aşağı sala biləcəyi anonsunu verib. Məlumat "Standard & Poor"s" (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı xəbərdə yer alıb. Məlumata görə "Muğanbank" ASC-nin reytinqləri bir və ya bir neçə pillə endirilə bilər. "Gələcəkdə bankın likvidliyinin pozulması davam edərsə və nəticədə defolt ehtimalı artarsa, biz bankın reytinqlərini bir və ya bir neçə pillə endirə bilərik. Bununla yanaşı, kapitallaşma göstəricilərinin zəifləməsi də neqativ reytinq hərəkətinə səbəb ola bilər", - deyə məlumatda vurğulanıb.

"Standard & Poor"s" bildirir ki, likvidlik göstəricilərinin yaxşılaşması reytinq üzrə proqnozun müsbət olmasına, hətta reytinqin artırılmasına səbəb ola bilər. Agentlik "Muğanbank"ın kredit reytinqini "B-/B" səviyyəsindən "SSS+/S" səviyyəsinədək endirib. Reytinq üzrə proqnoz neqativdir. "Reytinqin endirilməsi özündə bankın kreditləşmə qabiliyyətini ehtiva edir", - deyə agentliyin açıqlamasında deyilir.

Agentliyin analitikləri qeyd edir ki, Azərbaycanda hökm sürən əlverişsiz əməliyyat mühiti "Muğanbank"ın likvidliyinə və kapitallaşmasına da neqativ təsir edib. S&P bildirir ki, 2016-cı ildə bank güclü depozit axını ilə üzləşib: "Belə ki, manatın məzənnəsinin korreksiyasını da nəzərə alsaq, bankın depozit portfeli 30 faiz azalıb. "Nəticədə bankın likvidliyi təzyiqlə üzləşib. Yüksək likvidliyə malik aktivlərin həcmi isə təxminən 77 faiz azalaraq 14,5 milyon manata çatıb. Onu da qeyd edək ki, 2017-ci ildə depozit axını səngiyib. Lakin bankın likvidlik ehtiyatı hazırda minimal həddədir ki, bu da riskləri artırır".

Reytinqlərin açılışı: CCC - Emitent borc öhdəlikləri üzrə ödənişlərlə bağlı çətinlik çəkir və onun qabiliyyəti iqtisadi şəraitdən asılıdır. CC - Emitent borc öhdəlikləri üzrə ödənişlərlə bağlı ciddi çətinlik çəkir. C - Emitent borc öhdəlikləri üzrə ödənişlərlə bağlı ciddi çətinliklər çəkir, ola bilsin iflas proseduru başlasın. C səviyyəsindən sonrakı səviyyələr defolt səviyyələridir.

Bundan öncə "Moodys” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın 4 bankının reytinqini aşağı saldı. Reytinqi aşağı salınan banklar "Xalq Bank", "Bank Respublika", "VTB Bank" və "Bank of Baku"dur. Məlumatda deyilir ki, "Xalq Bank"ın kredit reytinqi B3-dən aşağı salınıb. Bankın uzunmüddətli depozit reytinqi isə B2-dən (əsaslı kredit riski) daha aşağı, B3-ə (yüksək kredit riski) endirilib. "Bank Respublika"nın həm kredit reytinqi, həm də uzunmüddətli depozit reytinqi B2-dən B3-ə endirilib. "Bank of Baku”nun kredit reytinqləri də endirilib. "VTB Bank"ın kredit reytinqi caa1-dən caa3-ə (çox yüksək kredit riski), uzunmüddətli depozit reytinqi isə B2-dən daha aşağı, B3-ə endirilib. Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 31 bank var. Onlardan biri Azərbaycan Beynəlxalq Bankı xarici öhdəlikləri yerinə yetirməkdən imtina edib. Daha 4 bank problemlərə görə, nəzarətə götürülüb. Ötən il isə ölkədə 11 bank bağlanıb. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

Qeyd edək ki, "Moodys" və "Fitch Ratings" reytinq agentlikləri 2017-ci il mayın 15-də xarici kreditorlara borcu ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankının reytinqini azaldıb. "Fitch Ratings" bankın reytinqini "SSS" səviyyəsində elan edib. "Moody’s" isə banka "Caa3" reytinqini verib. Bu artıq, iflasa yaxınlaşmaq anlamına gəlir. Məlumat üçün bildirək ki, "Muğanbank” Milli Məclisin deputatı, "Odlar Yurdu” Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin nəzarətindədir. Bankın səhmləri sabiq deputatın ailə üzvləri və yaxın qohumlarına məxsusdur. "Muğanbank” ASC-nin səhmdarları dörd nəfərdir. Saytın səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir. "Muğanbank” ASC-nin Müşahidə Şurasının sədri Mehdiyev Elmir Maqbet oğlu 63,50 faiz payla ASC-nin ən böyük səhmə malik səhmdarıdır. O, Əhməd Vəliyevin kürəkənidir. Elmir Mehdiyevin atası Mehdiyev Maqbet Rəhim oğlu 13.10 faiz, anası Mehdiyeva Fəridə Cahandar qızı 11.35 faiz və həyat yoldaşı Vəliyeva Vəfa Əhməd qızı (Əhməd Vəliyevin qızı) 12.05 faizlə bankın səhmdarlarıdır. Yəni, bu bank bir ailə bankıdır.

Ölkəmizdə fəaliyyət göstərən bir sıra bankların bağlanacağı ilə bağlı xəbərlər hələ 2015-ci ildən yayılmağa başlamışdı. Hələ o vaxtdan bağlanan banklar sırasında "Muğanbank” ASC-nin adı da hallanırdı. 

Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında hazırda Azərbaycanda 31 bankın fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, bu bankların yarıdan çoxu faktiki müflisdir: "Zamanla beynəlxalq reytinq agentlikləri Azərbaycanda fəaliyyət göstərən bankların reytinqini aşağı salır. Hələ reytinq agentlikləri onların rəsmi hesabatlarına əsaslanır. Amma biz bilirik ki, o bankların faktiki vəziyyəti onların verdiyi məlumatdan daha da pisdir. Sadəcə Maliyyə Bazarlarına Nəzarət Palatası onların lisenziyalarını almır. Palata hazırkı vəziyyətdə heç bir bankın müflis olmasını arzulamır. Bunun da iki səbəbi var. Birinci, Palata öz fəaliyyətinin qüsurlu olduğunu göstərmək istəmir. Çünki banklar bağlanırsa, Palata mənfi imic formalaşdırır. Palata ötən ilin sonunda belə bir açıqlama ilə çıxış etmişdi ki, daha heç bir bank bağlanmayacaq. O da bəllidir ki, banklar bağlananda Əmanətlərin Sığortalanması Fondu vətəndaşların əmanətlərini kompensasiya etməlidir”.

Niyə bu qədər vaxt heç bir tədbir görülmür?

Hüquqşünas aprel ayında "Banklar haqqında” qanun dəyişiklik edilməsini xatırladıb: "Dəyişikliyin məqsədi ödəniş qabiliyyətini itrmiş bankların problemlərinin həll edilməsi üçün hüquqi bazanın yaradılmasıdır. Bu çərçivədə kredit təşkilatlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların həyata keçirilməsi nəzərdə tutulur. Necə ki, Beynəlxalq Bank artıq bu prosesə start verib. Əgər bankın ödəniş qabiliyyəti yoxdursa, o borclu olduğu sahibkarlara həmin borcun güzəştə getməsini tələb edə bilər.

Üçdə iki səs çoxluğu ilə bank bu qərarı qəbul edə bilər. Təbii ki, belə qərarlar verilən zaman bank öz adamlarını səsvermədə iştirak etməyə icazə verəcək ki, səs çoxluğunu əldə etsin. Sahibkarların hesabına bu bankları xilas etmək istəyirlər. Tutaq ki, "Muğanbank”ın sahibkarlara olan borcu 100 milyondur. Həmin sahibkarlara deyəcəklər ki, banka olan borcun 50 faizini bağışlayırsız. Yəni, sahibkara 100 yox, 50 milyon qaytaracaq. Böyük ehtimalla "Muğanbank”da da eyni ssenari olacaq. Bu bankın da xilas edilməsi üçün sahibkarların orada olan əmanətlərinin bir hissəsi əllərindən alınacaq. Bunun hesabına bu bank da xilas ediləcək. Amma əslində bu bankların çoxu bağlanacaq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları