Yuxarı

Rus sevdalılarından dilimizə təhqir

Rus sevdalılarından dilimizə təhqir

Tənzilə Rüstəmxanlı: "Hansı hökumət idarəsinə gedirsən, rus dilində danışırlar”

Əkbər Qoşalı: "Biz daha keçmişdəki kimi sovet imperiyasının daxilində deyilik ki, rus dilində danışaq”

Vaxtilə Sovet əsarəti altında olmuş cəmiyyətimiz hələ də imperiya stereotiplərindən yaxa qurtara bilmir. Xalqın bəzi zümrəsində imperiyadan qalma ənənələr hələ də qalmaqdadır. 25 ildir müstəqilik, ancaq hələ də rus soyad sonluğundan da yaxa qurtara bilmirik. Bu azmış kimi son illər rus dilinə maraq artıb. Neçə gündür sosial şəbəkələrdə də bu mövzuda müzakirələr gedir. Bir sıra "rus aşiqləri” Azərbaycan dilinə həqarətlər edir, dilimizi hörmətdən salırlar. 

Sosial şəbəkələrdən birində yazılan bir status rus dili, rusdilli təhsil mövzusunu yenidən gündəmə gətirib. Sosial şəbəkənin aktiv istifadəçilərindən olan iş adamı Fikrət Məmmədovun rus dilində yazdığı və Azərbaycan dilininə həqarət etdiyi status birmənalı qarşılanmayıb. O statusunda Azərbaycan dilini "kütləvi yaltaqlıq dili” adlandırıb, bu dildə böyük bədii, elmi əsərlər yaradılmadığını söyləyib. Əlbəttə ki, bu statusa müxtəlif şəxslərdən gələn rəylər də fərqli olub. Bəziləri Azərbaycan dilinin təhqir olunmasını aqressiya ilə qarşılayıblar. Nəzərə alsaq ki, ilbəil Azərbaycanın orta məktəblərindəki rus bölmələrinin sayı artırılır, bu mənada Azərbaycan dilində tədrisə maraq azalır. Bu mənada mütəxəssislər rus bölməsinin ləğv edilməsini təklif edirlər. Digər kəsim isə, bu addımın cəmiyyətdə intellektual böhrana səbəb olacağını düşünür. 

Xatırladaq ki, Azərbaycanda rus dilində təhsilin ləğv edilməsi təklifi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Cahid İsmayıloğlu çıxış edib. 
Mütəxəssislərin fikrincə, istənilən dili bilmək və öyrənmək mütləqdir. Amma təhsilin başqa dildə tədris olunması ölkənin müstəqilliynə, ana dilinə hörmətsizlikdir. Bu gün rus dilində təhsilə marağın artması səbəblərindən biri rus bölməsində təhsilin keyfiyyətli olması söylənilir. Bildirilir ki, rus bölmələrində təhsil, təlim-tərbiyə Azərbaycan bölmələrilə müqayisədə üstündür. 

"Rus dilinin təbliği azaldılsın”

Azəri-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı "Cümhuriyət” qəzetinə açıqlamasında təhsilin ruslaşdırılmasının əleyhinə çıxıb:

"Rus bölmələrinin ləğv edilməsinə gərək yoxdur. Sadəcə olaraq Azərbaycan dilindən daha çox rus dilinin təbliği azaldılsın. Guya ki, rus bölmələrini ləğv edəndə rus dilində danışmaq istəyənlər ailəsində buna qadağa qoyacaqlar? Biz anlamalıyıq ki, bu millətin dili dövlət dilidir. Hər kəs öz ana dilində danışmalı, təhsil almalıdır. Yoxsa ki, hansı hökumət idarəsinə gedirsən, rus dilində danışırlar. Təbii ki, rus dilində danışmaq istəyən yenə danışacaq. Bu ölkədə rusdilli ailələr də çoxdur. İnanmıram ki, rus bölmələri ləğv olunsun”. Rus bölmələrinin sayının artırılması məsələsinə toxunan Tənzilə Rüstəmxanlı buna gərək olmadığını deyib: "Niyə Azərbaycanda rus bölmələrinin sayı artmalıdır? Buna səbəb və məqsəd nədir? Yetər artıq, bir az da özümüzə sahib çıxmalıyıq. Rus və digər dillər öyrədilsin. Buna ehtiyac var. Sadəcə təhsil sisteminin ruslaşdırılmasının tərəfdarı deyilik”. 

Rus dili sevdalıları...

Yazıçı-publisist, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalının sözlərinə görə, Azərbaycan Respublikasında doğulan və ya böyüyən, yaşayan və ya yaşlanan hər kəsin, özəlliklə, uşaq, yeniyetmə və gənclərimizin ilk növbədə dövlət dilimizi gərəkən səviyyədə bilmələri, dilə sayğısı olmaları, dartışmasız bir borcdur:

"Həm hüquq borcu, həm də hüquqdan geri qalmayan mənəviyyat, ləyaqət, vicdan borcu...Və heç kəs, öz doğma dilimizi bilmədən, başqa dili bilməsindən qürrələnməsin, heç kəs, başqa dilin reklamını dilimizi aşağılamaq hesabına aparmasın. Başqa dil bilmək öz dilinə xor baxmaq deyil. Çox dil bilib, vətəndaslıq duyğularından, milli ruhdan məhrum olmaqdansa, başqa dil bilməmək daha urvatlıdır. Bilirik ki, dil təmsil etdiyi mədəniyyətin ən önəmli ünsürü, bəlkə daha doğru olar desək, hadisəsidir. Onu da bilirik ki, məktəblərdə dil üzərindən şüurlara yeridilən elə məqamlar var, yaxud var ola bilər. Onlar uşaqlarımıza, gənc nəsillərimizə xeyir yerinə ziyan gətirə bilər”.

Əkbər Qoşalı qeyd edib ki, Azərbaycanda bir çox dillər tədris olunur. Rus dilinin tədrisi ilə bağlı suallar, rahatsızlıqlar bu dilin hakim olduğu imperiyadan, bu dilin dayağı olan ölkədən çəkdiklərimizlə bağlıdır: "Təhsil siyasətimizi yerinə yetirən yetkililərimiz, dərslik yazan, proqram tutan təhsil işçilərimiz, məmurlar, mütəxəssislər, alimlər xalqın ruhundan, tariximizdən gələn çağırışlara daha dərin həssaslıq göstərməlidir. Bu günlərdə bir professorun rus dilinin tədrisi ilə bağlı "əsaslandırma”sını oxudum, mənə elə gəldi, o sanki ismarıc yazıb, konyukturasını gizlədə bilməyib”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları