Yuxarı

Düşmən müharibəyə sövq edir

Düşmən müharibəyə sövq edir

Natiq Miri: "Azərbaycan lokal da olsa, hərbi əməliyyatlar keçirə və bir neçə rayonu işğaldan azad edə bilər”

20 ildən artıqdır ki, Ermənistanın Azərbaycana qarşı işğal siyasəti davam edir. Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mane olur, prosesi yarımçıq saxlamağa çalışır. Bu da münaqişənin daha da uzanmasına səbəb olur. Siyasi analitiklər hesab edir ki, danışıqlar prosesinin bu şəkildə getməsi yalnız Ermənistan və ona havadarlıq edən dövlətlərin maraqlarına xidmət edir. Bu günə qədər danışıqlar masasında kifayət qədər təklif olub və hər dəfə də Ermənistanın işğalçı rejimi tərəfindən proses dondurulub. 

Ermənistanın bütün gücü ilə danışıqlar prosesindən qaçması Azərbaycana hərbi yolla torpaqlarını azad etmək üçün tam əsas verir. Ümumiyyətlə, Ermənistanın tutduğu xətt müharibəni qaçılmaz edir.

Ermənistanın növbəti bu kimi həmləsi Azərbaycan ordusunun hücuma keçməsinə rəvac verə bilərmi?

"Azərbaycan hərəkətə keçməlidir”

Siyasi-şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə şərhində müharibəyə başlamaq üçün həm regional, həm də qlobal səviyyədə mühitin lazım olduğunu deyib:

 "Çünki bu məsələyə qlobal güclərin münasibəti mənfidir və dəfələrlə vurğulayıblar ki, Dağlıq Qarabağ probleminin həlli yalnız sülh yolu ilə mümkündür. Yəni, bu münaqişədə güc tətbiqinin birmənalı şəkildə əleyhinədirlər. Bu da təbii ki, Azərbaycan üçün müəyyən mənada problemlər yarada bilər. Biz bunu ötən il aprel döyüşlərində də gördük. Azərbaycanı atəşkəsə vadar etdilər. Ona görə də düşünürəm ki, bunun üçün Azərbaycan mütləq mənada beynəlxalq səviyyədə bir mühit yaratmalıdır. Bunun üçün çox ciddi əsaslar yaratmalı və beynəlxalq fikir formalaşdırmalıdır. Hesab edirəm ki, Azərbaycan bu yöndə artıq hərəkətə keçməlidir. Əgər həqiqətən də torpaqların hərbi yolla azad edilməsi düşünülürsə, artıq bu yöndə hərəkətə keçmək lazımdır. Torpaqların hərbi yolla azad olunmasının vacibliyi beynəlxalq aləmdə formalşdırılmalıdır. Bu həm hüquqi, həm də siyasi cəhətdən çox ciddi mənada əsaslandırılmalıdır”.

Ekspert hesab edir ki, bunun digər xeyirli bir tərəfi isə bu məsələnin özünün prosesə çevrilməsi olacaq:

"Bu proses ərzində həqiqətən dünya gücləri və Ermənistan əmin olsa ki, artıq Azərbaycan hərbi güclə torpaqlarını azad etmək üçün qərar qəbul edib, onda Dağlıq Qarabağ probleminin sülh yolu ilə çözülməsi intensivləşəcək. Dərhal ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri hərəkətə keçəcək.Çünki bu günə qədər Azərbaycanın bu mənada ciddi niyətinin ortada olduğunu müşahidə etməyiblər.İnanmırlar ki, Azərbaycan buna gedə bilər.Ona görə hesab edirəm ki, bunun üçün hüquqi-siyasi cəhətdən beynəlxalq səviyyədə zəmin yaratmaq prosesinə başlamaq lazımdır.Əgər Ermənistan və onun havadarları geri çəkilməzsə, Azərbaycanın itirəcəyi bir şey yoxdur.Azərbaycan lokal da olsa, hərbi əməliyyatlar keçirə və bir neçə rayonu işğaldan azad edə bilər.Yox, əgər həqiqətən Azərbaycanın bu məsələdə nə qədər ciddi olduğuna inansalar, onlar özləri bu prosesi yaradacaqlar və Ermənistanı sülh masasında oturmağa vadar edəcəklər.Bütün mənalarda Azərbaycan bu prosesin qalib tərəfi olacaq.Ona görə də düşünürəm ki, artıq bu yöndə fikir formalaşdırmaq lazımdır”. Natiq Mirinin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağda terrorçuların olduğunu sübut etsə, anti-terror əməliyyatlarına başlaya bilər: 

"Digər bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, Dağlıq Qarabağda terrorçu qruplar bəslənir.Bu terrorçu qrupların içərisində PKK-çılar da var. Əgər sənədlərlə, fotolarla Azərbaycan bunu sübut edə bilsə, anti-terror əməliyyatı adı altında çox rahatlıqla lokal əməliyyatlar keçirə bilər.Bu məsələni də diqqətdən qaçırmaq olmaz”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları