Yuxarı

Ölkədə həkim "terroru"

Ölkədə həkim

Azərbaycanda həkim səhlənkarlığı və  savadsızlığı ucbatından xəstə ölümlərinin sayı durmadan artır. Zaman-zaman bu barədə yazılsa, deyilsə də nə bu kimi faciələrin sayı azalır, nə də bədbəxt hadisələrin baiskarı olan həkimlər cəzalandırılır.  Bu günlərdə daha iki nəfər həkim "terroru”nun qurbanlarına çevrildi.  Bunlar estetik cərrahi əməliyyatdan sonra dünyasını dəyişən 22 yaşlı azərbaycanlı model Leyla Orucova və həkim tərəfindən səhvən ayağının damarı kəsilən Ağcabədi rayonu Qiyaməddinli kənd sakini, 59 yaşlı Zahid Quliyevdir. 

Gənc modelin ölümünə səbəb əməliyyatı həyata keçirən "Zəfəran Hospital”ın iranlı estetik cərrahı Sirus Qoçhaninin məsliyyətsizliyi olub. Düzdür,  həkim Leyla Orucovanı əvvəlcədən liposaksiya (piy sovurma) əməliyyatına qarşı əks göstərişinin olduğunu xəbərdar edib.  Amma bu barədə valideynlərini məlumatlandırmayıb. Ümumiyyətlə, xəstənin riskli əməliyyat altına girməsinə göz yumaraq, xəstəni bu fikirdən çəkindirməyib. Digər ölümə səbəb isə Ağcəbədi Mərkəzi Xəstəxanasının cərrahı Çingiz Həsənovun ayağı qırılan xəstəni əməliyyat edərkən səhvən arterial damarı kəsməsi olub. Damarı kəsilən xəstə isə qanaxmadan dünyasını dəyişib. Bunun ardınca növbəti gün sosial şəbəkələrdə həkim səhlənkarlığı ilə bağlı daha bir faktın şahidi olduq. "MediStyle Hospital”ın həkimi  xəstəyə səhv diaqnoz qoyub. Ülkər İslamqızı adlı xəstənin əməliyyatına  yarım saat qalmış anestezioloq-həkimin  yadına düşüb ki, xəstəni analiz etməyib. Götürülən analizdən sonra məlum olub ki, həkimlər sən demə  heç düzgün diaqnoz da qoymayıblar. Xəstə bu barədə faktı sosial şəbəkələrdə paylaşaraq, canının qurtulduğuna şükür edib. 

Heç şübhəsiz ki, bu dəfəki faciələrdə günahı olan həkimlər hər zaman olduğu kimi özlərini vəziyyətdən çıxarmağı bacaracaqlar. Bu kimi olayların pərdəarxası sirrləri dəfələrlə torpaq altında qalıb və bununla da unudulub gedib. Təəssüf ki, iş bacarığında o qədər səriştəli, məsuliyyətli və savadlı addımları ilə seçilməyən həkimlər  hər zaman öz təcrübəsi və variantlarından istifadə edərək məsələdən sıyrılmağı bacara bilir. 

Bütün hallarda cinayət varsa, cəzası da olmalıdır. Amma Azərbaycanda əksər cinayətlər cəzasız qalmaqda davam edir. Qeyd edək ki, Cinayət Məcəlləsinin 131-ci maddəsinin 1-ci bəndinə görə ehtiyatsızlıqdan sağlamlığa az ağır zərbə vurma halı minimum əmək haqqı məbləğinin 300 mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 131-ci maddənin 2-ci bəndində isə ehtiyatsızlıqdan sağlamlığa ağır zərbə vurma halında minimum əmək haqqı məbləğinin 500 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulub. Əgər həkim xətası nəticəsində xəstə həyatını itiribsə, Cinayət Məcəlləsinin 124-cü maddəsinə əsasən, ehtiyatsızlıqdan adam öldürmə halları 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

Cinayət Məcəlləsinin 314-cü maddəsinə görə, səhlənkarlıq nəticəsində həkimin vicdansız və laqeyd münasibəti üzündən öz xidməti vəzifəsini lazımi qədər yerinə yetirməməsi sonucda vətəndaşların sağlamlıq hüquqlarına və qanun mənafelərinə zərər vurduqda minimum əmək haqqının 500 mislindən 1000 mislinədək və ya 2 il islah işləri, 6 ay azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

İndiyədək çox sayda həkim səhlənkarlığı ilə bağlı faciələr yaşanıb. Ailələr başsız, övladlar yetim, analar övladsız qalıb. Əksər bədbəxt hadisələrin baiskarları isə həkimlər olub. Maraqlıdır, bu cəmiyyətdə "həkim terroru” daha nə qədər davam edəcək? Bu terrora səssiz qalan aidiyyatı qurumlar daha nə qədər "potensial terrorçu”larını himayə edəcəklər?

Alçina Amilqızı





Həftənin ən çox oxunanları