Yuxarı

Geri qaytarılan xarab kartof süfrəmizdə

Geri qaytarılan xarab kartof süfrəmizdə

Akif Nəsirov: "Həmin məhsulu istehsal edən fermerlərin fəaliyyəti yoxlanmalıdır”

80 tondan artıq yararsız Azərbaycan kartofu Qazaxıstandan geri qaytarılıb. Məlumata görə iyunun 10-dan 23-ə qədər Qazaxıstan ərazisinə tədarük edilən məhsulların fitosanitar yoxlanması zamanı ölkə qanunvericiliyinin və bitkilərin karantini sahəsində Avrasiya İqtisadi İttifaqının göstəricilərinin pozulması ilə əlaqədar 8 fakt aşkar edilib. Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu qanun pozuntuları arasında Azərbaycandan ümumi çəkisi 81,5 ton olan kartofda qızılı kartof nematodunun aşkar edilməsi faktı da yer alıb. Həmin məhsul təhlillərdən sonra ixracatçı ölkəyə, yəni Azərbaycana qaytarılıb.

Məlumatda qeyd edilir ki, aşkar edilmiş digər qanun pozuntuları ilə əlaqədar da istifadəyə yararsız məhsullar ixracatçı ölkələrə - Rusiya, Çin, Qırğızıstan və Özbəkistana geri qaytarılıb.

"Cümhuriyət” qəzetinin Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə kənd təsərrüfatında məhsulların yığımına başlanılıb. İyun ayının 1-nə kimi tarlalardan 81,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 46,1 faiz çox kartof yığılıb. İyun ayının 1-nə kimi 435,7 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 58,7 min hektar sahədə kartof əkilib. Həmçinin yaz-tarla işləri ilə yanaşı artıq kənd təsərrüfatı məhsullarının yığımına da başlanılıb. İyun ayının 1-nə kimi tarlalardan 81,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 46,1 faiz çox kartof toplanılıb.

Komitədən verilən məlumata görə 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 2017-ci ilin yanvar-aprel aylarında kartofun idxalı 16,0 faiz azalıb. Ekspertlər bildirir ki, kartofun əsas zərərvericisi Kolorado böcəyidir. Bu böcək Azərbaycanda ən yaxşı kartof növü sayılan ağçiçəyim sortunun kökünün kəsilməsinə səbəb olub. Kolorado böcəyinin ölkəyə Amerikadan idxal olunan kartofun içərisində keçdiyi də bildirilir. Mütəxəssislərin sözlərinə görə, Azərbaycan xaricdən istehlakla yanaşı, həm də toxumluq kartof alır. Son illər Azərbaycana idxalçılıqla məşğul olan adamlar müxtəlif ölkələrdən keyfiyyətindən və becərilmə qaydalarından asılı olmayaraq hər növ kartof gətirirlər. İrandan, Pakistandan, Misirdən, Rusiyadan, Türkiyədən gətirilən kartofların içərisində müxtəlif xəstəliklər və ziyanvericilər olur. Bunlardan da Azərbaycan kartofuna keçən xəstəliklər artıq öz təsirini göstərir.

Digər ehtimal ondan ibarətdir ki, son illər fermerlərin və kəndlilərin maddi vəziyyətinin aşağı olması, sahibkarların zəif inkişaf etməsi kartofçuluqda aqrotexniki qaydalara yüksək səviyyədə əməl olunmasına imkan vermir. Buna görə də bu cür xəstəliklər inkişaf edir. Ekspertlər bildirir ki, Sahibkarlığa Kömək Milli Fondu guya sahibkarlara güzəştli kreditlər vermək üçün yaradılıb. Amma Fondun fəaliyyət istiqaməti tam başqadır. Əslində həmin kreditlər monopolistlərin inhisarında olan təsərrüfat sahələrinə verilir. Buna görə də sahibkar, fermer vaxtlı-vaxtında aqrotexniki qulluğu edə bilmir. Əkinlə məşğul olan sahibkarlara verilən kreditlərin faizi də çox yüksəkdir.

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda keyfiyyət məsələsi daim problem olub: 

"Problemin bir tərəfi ondan ibarətdir ki, ölkədə azad rəqabət mühiti yoxdur. Bu da var ki, ölkədə az sayda sahibkar istehsalla məşğul olur. Bu az istehsalçıların da əlində geniş imkanlar cəmləşdiyindən keyfiyyətə nəzarət etmirlər. Ölkədə keyfiyyətə nəzarət xidməti sistemləşdirilməyib. Əgər Qazaxıstandan 81.5 ton kartof geriyə qaytarılıbsa, deməli, ölkə əhalisinə aşkarlanmış qızılı kartof nematodunu xəstəliyinə yoluxmuş kartof satılıb. İlk öncə ölkənin daxilində istehsal olunan məhsulların keyfiyyətli olması üçün şərait yaradılmalıdır. Bu şəraitin yaranması üçün hökumət təşəbbüs göstərməlidir. Hökumət bütün təsərrüfat sahələrilə məşğul olan fermerlərə həm maddi, həm ekspertiza baxımından yardım göstərməlidir”.

İqtisadçı onu da vurğulayıb ki, xaricdən idxal olunan toxumluq kartof yetərincə müayinə olunmur: 

"Azərbaycanın iqtisadi gömrük sərhədləri kifayət qədər qorunmur. Ortada fakt var. Bu xəstəliyin yaranma səbəbi müəyyən edilməlidir. Həmin məhsulu istehsal edən fermerlərin fəaliyyəti yoxlanmalıdır. Bu yoxlama inzibati cəza üçün yox, problemin necə aradan qaldırılması üçün olmalıdır. Adətən, yoxlamalar Azərbaycansayağı aparılır, kimsə cəzalandırlır, müəyyən məsələlər ört-basdır edilir. Tərəfdarı deyiləm ki, neqativliyə yol verən sahibkarları dövlət cəzalandırsın. Sadəcə, dövlət profilaktik tədbirləri həmin kəsirləri aradan qaldırmaq üçün aparmalıdır. Belə olan halda sahibkar da yoxlamalara açıq olur. O düşünmür ki, yoxlama zamanı əskiklik ortaya çıxacaq və nəticədə cəzalanacaq. Əks halda sahibkar əskikliyini gizlətməyə çalışacaq. Dövlət sadəcə olaraq yararsız məhsul istehsalının haradan qaynaqlandığının kökünü tapmalı və ona qarşı mübarizə aparmalıdır. İstehsalçının tənbeh məsələsi istehlakçının boynunda qalmalıdır. Elə bir ölçü olmalıdır ki, zərər çəkən istehlakçı istehsalçını tənbeh edə bilsin. Belə olan halda istehlakçı fakt qarşısından qaça bilməz”.

Keyfiyyətə nəzarət edilmir

Akif Nəsirlinin qənaətincə, heç bir istehsalçı istəməz ki, onun məhsulu zay olsun: 

"Amma bəzən sahibkarlar doğrudan da zay məhsul istehsal etməkdə maraqlı olurlar. Onlar hansısa brendi götürüb məhsulun bəzi komponentlərini kəsərək ucuz istehsal edib satırlar. Bu, başqa problemdir. Ölkədə cəmiyyətin keyfiyyətə nəzarət etməsi üçün şərait yaradılmalıdır. Nəyə görə ölkədən külli miqdarda idxal edilən kartof məhsulu gömrük məntəqəsində yoxlanılmır? İdxal etdiyimiz məhsulu necə müayinə ediriksə, ixrac edilən məhsulları da eyni qaydada müayinə etməliyik. Çünki bu, dünya bazar iqtisadiyyatının tələbidir. Əgər istehsal etdiyimiz məhsul ixrac olunduğu ölkədən geri qaytarılırsa, deməli, Azərbaycan brendi zədələnir. Bunun qarşısını almaq üçün hökumət bu cür məhsulun Qazaxıstana qədər getməsinə şərait yaratmaq əvəzinə sərhəddən geri qaytarmalı idi. Azərbaycanda keyfiyyətə nəzarət sistemi formalaşmayıb. Qazaxıstanda həmin xəstəliyi aşkarlayıb geri qaytardılar, amma Azərbaycanda minlərlə insan həmin kartofdan zərər çəkəcək. 

Bəlkə də geri qaytarılan həmin 81.5 ton kartof Azərbaycanın daxili bazarında satılacaq. Kim zəmanət verə bilər ki, bu gün artan xəstəliklər həmin keyfiyyətsiz məhsulların nəticəsi deyil? Bunu dəqiqləşdirmək üçün ölkədə mexanizm yoxdur. İnkişaf etmiş ölkələrdə bu sistem saat mexanizmi kimi işləyir. Bulanıq suda balıq tutmaq asan olduğu üçün Azərbaycandakı sahibkarlar hələ ki, "kef edir”. Büdcədən səhiyyə sahəsinə pul ayırmaqdansa, profilaktik tədbir görülməlidir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları