Yuxarı

Azərbaycanda radikal dindar varmı?

Azərbaycanda radikal dindar varmı?

Seyid Camal: "Radikal islam” anlayışı doğru deyil”

Erkin Qədirli: "Ölkəmiz sanki bu bölgədə bir dünyəvilik adasıdır”

Son illər Yaxın Şərq ölkələrində radikal islam boy göstərməyə başlayıb. Qeyri-ənənəvi məzhəblər Azərbaycanda fəalliyyətini genişləndirsə də, radikal islamdan danışmaq mümkün deyil.Lakin bir sıra beynəlxalq ekspertlər Azərbaycanda radikal islamın mövcud olduğunu iddia edirlər. 

Şərqşünas, ilahiyyatçı Seyid Camal Əzimbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında "radikal İslam” ifadəsinin doğru olmadığını deyib:

"Öncə deyim ki, islamda "radikal” anlayışı yoxdur.İslamda cihad, yəni öncədən elan olunmuş müharibə anlayışı var. "Qurani Kərim”də də bu öz təsdiqini tapıb.İslamın yarandığı gündən bu günə qədər mərhəmət, rəhmət və bərabərlik dini olub."İslam təəssüfkeşliyi” adı altında bu dini gözdən salmağa çalışıblar. Hətta bəzən buna nail ola biliblər. Bu gün də dinə heç bir aidiyyatı olmayanlar  "İslamda məcburiyyətlər var” düşüncəsini insanların şüuruna yeritməklə məşğul olurlar. Halbuki Allah buyurur ki, dində heç bir məcburiyyət yoxdur.Bu baxımdan mən elm adamı, şərqşünas kimi ümumiyyətlə, "radikal din” ifadəsini qəbul etmirəm.Azərbaycan cəmiyyətində, xüsusi ilə informasiya daşıyıcısı olan mətbuat, televiziya orqanları bu cür ifadələrdən istifadə etməsə, daha yaxşı olar.Bu milli mənafeyimizə, dövlət prinsiplərimizin qorunmasına xidmət göstərər”.

S.C.Əzimbəyli hesab edir ki,  radikal cərəyanlara daha çox gənclər meyillənir: 

"Azərbaycanın müstəqillik dönəmindən sonra sanki dini baxımdan bir boşluq oldu. Digər tərəfdən Azərbaycan xalqının özünün genefondundan gələn mərhəmət və qonarpərvərliyindən xaricdən gələn insanlar zaman-zaman istifadə etmək istədilər. Təəssüflər olsun ki,  daha çox təhsil, gənclərə dəstək adı altında bu gün də həmin radikal cərəyanlar Azərbaycanda fəaliyyət göstərir. Dəfələrlə şəxsən özüm bunun qarşısını almaq üçün aidiyyatı qurumlara müraciət ünvanlamışam.Dövlətin aidiyyatı qurumları da həmin cərəyanların zərərsizləşdirilməsi üçün bütün zəruri addımlarını atıblar.Mən bu faktı bildiyim üçün tam məsuliyyətimlə deyirəm.Hətta sevindirici bir haldır ki, son bir ildə Azərbaycanda həmin radikal dini cərəyanlara qoşulanların sayı yox səviyyəsindədir.Amma bütün bunlara baxmayaraq təəssüflər olsun ki, bu gün Azərbaycan gəncliyi arasında həmin yad düşüncənin daşıyıcıları da var. Ən təhlükəli olanı isə bunların məhz gənclərdən ibarət olmasıdır”.

ReAL Hərəkatının icraçı katibi Erkin Qədirli isə beynəlxalq sorğu şirkətinin nəticələrinə toxunub: 

"Sosioloji araşdırmalarda və sorğularda ad qazanmış Gallup İnternational dünya ölkələrində dindarlığın dərəcəsini aydınlaşdırmağa çalışıb. Burada ölkəmizin yerləşdiyi bölgənin xəritəsini ayrıca verirəm.Xəritədə rənglərin tündlüyü dindarlığın yüksək, açıqlığıysa dindarlığın aşağı dərəcədə olduğunu bildirir.Gördüyünüz kimi, Azərbaycan ən açıq rənglə göstərilib.Araşdırmanın nəticələrinə görə, Azərbaycanda 34% özünü dindar adlandırıb.54% dindar olmadığını, ya da ateist olduğunu deyib.12% cavab verməyə çətinlik çəkdiyini söyləyib.Müqayisə üçün, qonşularımıza baxaq. Türkiyədə 79%, İranda 83%, Rusiyada 70%, Gürcüstanda və Ermənistanda 93% özünü dindar adlandırıb. Xəzərin o biri tayındakı qonşularımızda durum belədir - Qazaxıstanda özünü dindar sayanlar 64%, Türkmənistanda 80%, Özbəkistanda 51% olmuşdur.Xəritədən gördüyünüz kimi, ölkəmiz sanki bu bölgədə bir dünyəvilik adasıdır.Bunun bəzi səbəbləri haqqında daha öncə də yazmışdım, bundan sonra (sistem problemlərini izah etməyə keçəndə) yenə yazacağam (başqa baxış bucağından).

Ümumiyyətlə, dünya üzrə, Azərbaycan, dindarlığı ən az olan ölkələrin ilk 20-liyinə daxildir (12-ci yeri tutur). Müqayisə üçün, bu göstəriciyə görə hətta Fransa kimi ölkədən üstünük.İlk 20-likdə diqqəti çəkən daha bir məqam var. Ölkəmiz orada yeganə müsəlman ölkəsidir, yeganə Türk ölkəsidir və yeganə post-sovet ölkəsidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları