Yuxarı

Qızların abortu: Rəqəmlər, faktlar

Qızların abortu: Rəqəmlər, faktlar

Elgün Səfərov: "Hər il ölkəmizdə təxminən 20 min uşaq abort edilir”

Bir müddət öncə BMT-nin Uşaq Fondu-UNİCEF dünyada uşaqların aclıq və yoxsulluq problemindən bəhs edən hesabatını açıqladı. Hesabatda dünyanın ən zəngin 41 ölkəsində hər beş uşaqdan birinin yoxsul səviyyədə yaşadığı və hər səkkiz uşaqdan birinin normal qidalanmadığı qeyd edilib. Həmçinin vurğulanıb ki, yüksək gəlir heç də uşaqların sağlamlığı və yaşam tərzinə müsbət təsir etmir. Açıqlanan siyahıda Norveç, Danimarka, İsveç, İsveçrə, Finlandiya, İslandiya və Almaniya ön sıralarda qərarlaşıb. Ən aşağı göstəricilərə isə Çili, Meksika, ABŞ, Bolqarıstan, Rumıniya, İsrail və Türkiyə malikdir. 

Uşaqların yoxsulluq, aclıq, sağlamlıq və təhsili baxımından Amerika siyahıda 37-ci yerdədir. ABŞ-da 15 milyon uşağın 21 faizi yoxsulluq şəraitində yaşayır. Siyahıya daxil olmayan Ermənistanda 3 uşaqdan biri ehtiyac içərisindədir. Bu haqda UNİCEF-in müxtəli nəşrlərində məlumatlar yer alıb. Qeyd olunur ki, kənd yerlərində yaşayan uşaqların 82, şəhər ərazisində yaşayan azyaşlıların isə 53 faizi ehtiyac içində böyüyür. Təkcə ötən il ərzində 300 şagird yoxsulluq səviyyəsindən məktəbə gedə bilməyib. Onlardan 191-i maddi və sosial problemlər səbəbindən təhsil aldıqları məktəbi tərk ediblər. UNİCEF-in açıqladığı statistik rəqəmlərə görə, işləyən azyaşlıların 30 faizi 14 yaşdan balacadır. 

Lakin UNİCEF-in bir neçə il öncəki hesabatlarına da nəzər yetirdikdə Azərbaycanla bağlı hansısa rəqəm, yoxsulluq səviyyəsinə görə ölkəmizin neçənci pillədə qərarlaşması haqda məlumat əldə edə bilmədik. Maraqlıdır, Azərbaycanda neçə uşaqdan biri yoxsulluq səviyyəsində yaşayır? Bu suala cavab tapmaq da çətindir. Çünki bununla bağlı hansısa statistik rəqəm mövcud deyil. Ekspertlər də bu istiqamətdə ehtimallar irəli sürməkdə çətinlik çəkir. Onlar bildirirlər ki, bu istiqamətdə araşdırmalar olmadığından Azərbaycanda uşaqların yoxsulluq səviyyəsi haqda danışmaq mümkünsüzdür.

Məsələ ilə əlaqədar olaraq öncəki sayımızda da qeyd etmişdik ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə sorğu yollamışıq. Sorğumuzu şifahi cavablandıran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin müdiri Elgün Səfərov Azərbaycanla bağlı uşaqların yoxsulluq səviyyəsi haqda rəqəm və faizlərin açıqlanmama səbəbini izah edib: 

"BMT tərəfindən araşdırılır, indiqator edilir. Heç bir hökumət sorğu və məlumatların təqdimatında birbaşa iştirak etmirlər. BMT müxtəlif dövlət orqanlarından müəyyən bəndlər üzrə məlumatları yığır, sorğu və araşdırmalar keçirir. Bu mövzu ilə əlaqədar olaraq BMT-dən bizə hər hansı bir sorğu daxil olmayıb. BMT-nin indiqatorları ayrılıqda bütün dövlətləri əhatə edir. Təxminən 200-ə yaxın dövlət varsa, onun 3-də bir hissəsində bütün indiqatorlar üzrə yoxsulluq səviyyəsi müəyyənləşdirilib. Hesabatda bütün bəndlər üzrə məlumatlar əksini tapmayıb”. 

Azərbaycanda uşaqların yoxsulluq səviyyəsi ilə bağlı hansısa araşdırma aparılmadığından komitə rəsmisi ölkədəki yoxsulluq səviyyəsindən söz açıb: 

"Konkret olaraq qeyd etmək olar ki, ümumlikdə Azərbaycan üzrə yoxsulluğun dərəcəsi 5-6 faizdir. Lakin sırf uşaqlar üzrə yoxsulluğun səviyyəsi ilə bağlı konkret araşdırmalar aparılmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aztəminatlı ailələrin statistikası var. Uşaqların yoxsulluq səviyyəsi ilə bağlı hər hansı araşdırmanın aparılmamasının səbəbi Azərbaycanda bu məsələnin aktual olmamasıdır. Erkən nikah, məişət zorakılıqları ilə müqayisədə bu məsələ o qədər də aktual deyil, fərdi problemlərdən biridir”. 

E.Səfərov vurğulayıb ki, aclıq, susuzluq yalnız Azərbaycanda deyil, bütün dünyada olan problemdir: 

"Gürcüstan, Ermənistanla müqayisədə Azərbaycanda bu istiqamətdə vəziyyət daha yaxşıdır. Keçirilən layihələr, uşaq bağçalarının sayı və s istiqamətlərə görə Azərbaycan bu ölkələrdən daha ön sırada qərarlaşıb. Gürcüstanda da abortların sayı artıb. Azərbaycanda da əhalinin faiz dərəcəsi ilə müqayisədə yoxsulluq səviyyəsində yaşayan uşaqların sayı o qədər də çox deyil. Rusiyada təkcə 2012-ci ildə 1,5 milyon abort edilib. Bu gün Azərbaycanda da abortlar problem olaraq gündəmdə qalır. Hazırda yoxsul ailələrin müəyyənləşdirilməsi istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsi tərəfindən araşdırmalar aparılır. Bu cür ailələr müəyyənləşdikdən sonra onlara köməklik edilir”.

Söhbət əsnasında E.Səfərov valideynlikdən məhrumetmə, hüquqların məhdudlaşdırılması haqda da danışıb. O qeyd edib ki, valideynlər hüquqlarından sui-istifadə etdikdə hüquqlarının məhdudlaşdırılması və ləğv edilməsi məsələləri gündəmdədir: "Məcburi olaraq azyaşlı uşağın əməyə cəlb edilməsi ilə bağlı məsələlər də diqqətimizdədir. Təhsildən yayındırma, məcburi nikaha daxil edilməyə görə məsuliyyət məsələsi gündəmdə qalır. Valideyn uşağın hüquqlarını məhdudlaşdırırsa, boşandıqdan sonra qarşı tərəf aliment ödəmirsə, uşağın inkişafı üçün şərait yaratmırsa, valideyn hüquqları məhdudlaşdırılır. Məhdudlaşdırma ilə yanaşı valideyn hüquqlarından məhrumetmə də olur. Bir neçə dəfə xəbərdarlıq edildikdən sonra, vaqlideynlik hüquqları alınır. Artıq bəlli olduqda ki, uşağın sağlam ailədə böyüməsi mümkünsüz olub, bu zaman valideynlik hüquqları alınır. Xüsusən də valdieynlər alkoqol, narkotik düşgünü olduqda bu azyaşlının inkişafına mənfi təsir edir. İl ərzində bu cür hadisələr təxminən 10-15 dəfə qeydə alınır. Öncəki illərdə bu say daha çox idi, 25-30 dəfə qeydə alınırdı”. 

E.Səfərovun sözlərinə görə hər il ölkəmizdə təxminən 20 min uşaq abort edilir. Bunun 20-30 faizi döldəki xəstəliklə əlaqədardırsa, üstünlük təşkil edən səbəb isə qız cinsinin müəyyənləşdirilməsidir: 

"Bu səbəbdən arzuolunmaz nəticələri doğuran səbəblərin yaranmasının qarşısı alınmalıdır. Valideynlərin məsuliyyəti qiymətləndirilməli, daha da artırılmalıdır. Uşaq hüquqlarının pozulmasına görə Cinayət Məcəlləsinin 176.1-ci maddəsində 4 min manatadək cərimə və 4 il müddətinə azadlıqdan məhrumetmə ilə bağlı müddəa yer alıb. 

UNİCEF Kanada və Yeni Zellandiya kimi ölkələrdə uşaq hüquqlarının qorunduğunu göstərir”.

Hazırlanan hesabatda qeyd olunub ki, ümumilikdə dünyada 385 milyon uşaq yoxsulluq səviyyəsində yaşayır. Siyahıda Azərbaycanın adının olmaması da diqqət çəkir.

Nigar Cahid





Həftənin ən çox oxunanları