Yuxarı

Cəzalar yumşalır, bəs cinayətlər?

Cəzalar yumşalır, bəs cinayətlər?

Ələsgər Məmmədli: "Ən ağır hökmdən deyil, ən yüngül hökmdən başlamaq daha məqbul olar”

Ölkə başçısı tərəfindən Milli Məclisə Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı qanun layihəsi təqdim olunub. Belə ki, Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Bununla yanaşı, ölkədə gedən iqtisadi-sosial proseslər nəzərə alınaraq mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin beş dəfə, yəni, 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. Nəticədə bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçir. 

Azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə Cinayət Məcəlləsinə yeni növ cəza daxil edilib. Bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasıdır. Cinayət Məcəlləsinin ümumilikdə 140-dan artıq maddəsində azadlığın məhdudlaşdırılması alternativ cəza növü kimi sanksiyalara daxil edilib. Bundan əlavə, daha 80 cinayətin sanksiyasına azadlıqdan məhrumetməyə alternativ olan cərimə və digər cəzalar daxil edilib. Dəyişikliyə  əsasən, Cinayət Məcəlləsində nəzərdə tutulmuş sanksiyalar təftiş edilərək 80-dən artıq cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılıb. Nəticədə 35 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilib. Qanun layihəsində mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən bir sıra cinayətlərə münasibətdə qanunvericilik liberallaşdırılıb. Eyni zamanda, Cinayət Məcəlləsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışma institutu daha da təkmilləşdirilib, 20-dən artıq cinayət üçün zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanı müəyyən olunub. 

Qanun layihəsində nəzərdə tutulmuş konseptual məsələlərdən biri də cinayət qanunvericiliyində narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayəti törətmiş şəxslərə qarşı münasibətin dəyişdirilməsidir. Bu şəxslər ilk növbədə narkomanlıq xəstəliyinə düçar olmuş insanlar kimi qəbul edilirlər. Satış məqsədi olmadan narkotik vasitə əldəetmə cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə stasionar qaydada tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilir. Şəxs sağaldıqda isə cinayət məsuliyyətindən azad edilir. Bu qaydada məsuliyyətdən azad edilmək imkanı şəxsə yalnız bir dəfə verilir. Müalicədən yayınan şəxslər cinayət məsuliyyətinə cəlb edilir. Sözügedən qanun layihəsi prezidentin müvafiq sərəncamı ilə verilmiş tapşırıqların icrası çərçivəsində hazırlanmış ilk aktdır. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə də dəyişikliklərin edilməsi nəzərdə tutulur. Qanun layihəsindəki dəyişikliklərdən göründüyü kimi burada cərimələrin və inzibati məsuliyyətlərin sayı artacaq. Veriləcək cəzalar  yumşaldılacaq və ən ağır cəzalar az ağır cəzalarla əvəz olunacaq.

Ekspertlər hesab edirlər ki, qeyd olunan dəyişikliklərdən sonra ölkədə cinayətlərin sayında artım ola bilər.

Məsələ ilə bağlı tanınmış hüquqşünas Ələsgər Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hüququn ən başlıca prinsiplərindən biri də humanizmdir:

"Yəni hər kəsə bilavasitə cəza kəsmirlər ki, ondan qisas alsınlar. Cəza ona görə verilir ki, cinayətə təşəbbüs etmiş şəxslər ifşa olunsun, digərləri isə seçim etsin. Əslində cinayət hüququnda çoxsaylı cəzaların olması irəliləyiş hesab olunmur. Yaxud da ağır cinayətlərin göstərilməsi həmişə istənilən nəticəni vermir. Məsələn, edam hökmü Azərbaycanda mövcud olarkən adamöldürmə cinayətinin sayı edam qaldırılandan sonra əvvəlki sayla müqayisədə daha çox olub. Yəni edam qaldırılsa da cinayətlərin sayı azalıb. Bu onu göstərir ki, heç də ağır cinayətlər tam da çəkindirici olmur. Bəzən elə bir cinayət törədən adam cəzanı düşünmədən edir. O baxımdan cəzalar o qədər də çəkindirici amil daşımır. Amma cinayət hüququnun ənənəvi məqamlarından biri də humanizm prinsipidir. Bu halda çox ağır məhrumiyyət vermək, hətta cinayətə bulaşmış insanları uzun müddət kriminal atmosferdə saxlayıb təkrar döndükdən sonra müsbət cinayətkara çevirmə halları da olur. Ona görə orada mümkün qədər məhkumiyyətləri azaldıb, alternativ cəzalara yönəlməsi çox normal yanaşmadır. Bu ilk növbədə humanizm prinsiplərindən məqbul addımdır”. 

Hüquqşünasın sözlərinə görə, təəssüflər olsun ki, Azərbaycanda inzibati həbslərin də müddəti çoxdur: "Çox zaman iki aya qədər inzibati həbs cəzası verilir. Heç bir əsası olmayan həbslərdənsə, cərimələrin, xəbərdarlıqların mümkünlüyündən istifadə etmək olar. Daha çox insanları həbsxanalara doldurmaq kimi önəmli faktorlar qarşımıza çıxır. Təsadüfi deyil ki, bir il əvvəl prezident bununla bağlı fərman da imzaladı ki, məhkumlara ev şəraitində alternativ cəzaların və tədbirlərin görülməsi tətbiq edilsin. O qərardan sonra hələ məhbus olmayan, ittiham prosesi gedən, nəticədə cinayət axtarışı baxımından həbsdə qalması əhəmiyyət kəsb etməyən insanları da dərhal məhkəmə üç-dörd ay həbs verib göndərir, sonra araşdırma başlayır. Halbuki bütün dəlillər ortada və həmin şəxs barəsində məhkum olmadan da mühakimə oluna bilər. Prezidentin sərəncamına baxmayaraq məhkəmələr hələ də bu prosesi başlamayıblar. Yəni əvvəlki proses olduğu kimi davam edir. Ümid edirəm ki, bu Cinayət Məcəlləsində kateqoriyası yüngülləşın cəzaların sayının artması, o cümlədən, alternativ cəza kimi cərimələrin tətbiq olunması doğurdan da hakimlər üçün də müsbət hala gələr. Çünki hakimlər çox vaxt siyasi iradənin nə qərar qəbul etməsini kənara qoyurlar, öz bildiklərini edirlər. Ayrı manevrlər edir, kiməsə yüngül cəzalar verirlər. Amma bu yüngül cəzanın nədən verildiyini araşdıran zaman tam başqa bir məsələ ortaya çıxır. Arzu olunardı ki, hakimlər də bu təfəkkürü qəbul edib, islahat kimi düşünsünlər. Ən ağır hökmdən deyil, ən yüngül hökmdən başlamaq daha məqbul olar”. 

Alçina Amilqızı





Həftənin ən çox oxunanları