Yuxarı

İcra hakimiyyətlərində təmizlənmə başlandı

İcra hakimiyyətlərində təmizlənmə başlandı

Prezident İlham Əliyev Hacı Cavad məscidinin sökülməsini özbaşına həyata keçirən vəzifəli şəxsi cəzalandırıb. 

"Cümhuriyət” qəzeti xəbər verir ki, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin "Sovetski” adlanan ərazisində Hacı Cavad məscidinin sökülməsinə İlham Əliyevin münasibəti barədə  açıqlama verib. Əli Həsənov deyib ki, hələ aprel ayında Prezident İlham Əliyev "Sovetski” adlanan ərazidə Hacı Cavad məscidinin sökülməsini dayandırmış, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş vermişdi. 

Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlib ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlətimizin başçısına məruzə olunub. Komissiyanın qənaətinə uyğun olaraq, prezident İlham Əliyev yerli icmanın da rəyi nəzərə alınmaqla yeni məscidin tikilməsi və yalnız bundan sonra Hacı Cavad məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar verib. Prezidentin köməkçisi diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan Ysamal rayon İcra Hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilib.

Mehdiyevin aqibəti digər məmurlara dərs olacaqmı?

Son iki ildə bir neçə yüksək çinli məmur və dövlət adamı qanunsuz fəaliyyətlərinə görə cəzlandırılıb, vəzifələrindən uzaqlaşdırılıb. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq başçısı Eldar Mahmudov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, keçmiş rabitə naziri Əli Abbasov və sözügedən bu dövlət qurumlarının bir sıra yüksək rütbəli əməkdaşlarının istefalarının davamı kimi keçən dövr ərzində bir sıra icra başçıları da istefaya göndərildilər. Yasamalın icra başçısı İbrahim Mehdiyevin istefaya göndərilməsini də bu tendensiyanın davamı kimi qiymətləndirmək olar. Hesab olunur ki, istefalar davamlı olacaq və Prezident Adiministrasiyası ilə yanaşı digər aidiyyatı qurumlara vətəndaşlardan ən çox şikayətlər edilmiş məmurlar cəzalandırılacaq. Əsasən, kütləvi narazılıq yaradan və fəaliyyətlərini açıq formada qanunsuzluq üzərində qurmuş məmurların bu cəzalardan kənarda qalmayacağı artıq dəqiqləşməyə başlayıb. Dövlət qurumlarında bununla bağlı monitorinqlərə başlanıldığı da gələn məlumatlar arasındadır.

"Qanunsuzluğa qarşı mübarizə belə aparılmır”

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə bunun öz fəaliyyətlərini qanunsuzluq üzərində quran digər məmurlara dərs olacağını düşünmədiyini deyib. Z.Məmmədli hesab edir ki, problemləri yalnız islahatlarla həll etmək mümkündür: 

"Məscid inanc məsələsidir, həssas mövzudur. Dövlət başçısının buna reaksiya verməsini başa düşürəm ki, bu, yaddaşlarda qala bilər, digər dövlətlərin münasibətləri də var. Nəticədə belə bir inzibati cəza metoduna əl atıldı. Amma bir sıra icra başçıları tez-tez qanunsuz fəaliyyətləri ilə gündəmə gəlirlər. Zaman-zaman bununla bağlı araşdırmalar aparılır, dövri mətbuatda da işıqlandırılır. Yəni, indiyədək həmin məmurlar haqda lazım olan tədbirlər görülərdi. Mənim işlədiyim rayonda yüzlərlə ağac kəsilib. Həmin ağacların 30-50 il yaşı var idi. Ağacları kəsib yerində avto-yuma məntəqələri, dükanlar dikiblər. Bu biabırçılıqdır və gözlərimizin qabağında baş verir. Həmin məsələlər mətbuatın, telekanalların gündəminə çıxarıldı, amma aidiyyatı yerlərdən münasibət bildirilmədi. Məscid isə həssas məsələdir. Hesab edirəm ki, korrupsiya və qanunsuzluğa qarşı mübarizə belə aparılmır. Bunu sadəcə ictimai rəyi çaşdırmaq üçün ortaya atıblar”. 

Cəmiyyət sədri deyib ki, problemləri həll etmək üçün islahatların alternativi yoxdur:  

"Ancaq ciddi siyasi və hüquqi islahatlarla bu problemlərin həllinə nail olmaq mümkündür, bunun başqa alternativi yoxdur. Yəni, bir məmurun cəzalandırılması cəmiyyətin problemlərinin həll edilməsi demək deyil. Hər cəzanın arxasında cəmiyyətin sosial rifah halının yaxşılaşması hiss olunmalıdır. Əgər bu yoxdursa, demək ki, bunun cəmiyyətə heç bir xeyri yoxdur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat katibi Vüsal Qarayev "Cümhuriyət” qəzetinə açıqlmasında bir məmurun işdən azad olunması ilə problemləri həll olunmayacağını deyib: 

"Mən bu məsələdə pessimistəm. Düzdür, zaman-zaman bir sıra məmurların "vurulduğunun” şahidi oluruq. Bununla bağlı son nümunə Yasamal rayon İcra Hakimiyyəti başçısının vəzifəsindən uzaqlaşdırılması oldu. Amma fikrimcə, belə hadisələr adətən hakimiyyətdaxili güclərin, qütblərin mövqe savaşı nəticəsində baş verir. Adətən belə kadr dəyişklikləri zamanı "keçəl Həsən” gedib, yerinə "Həsən keçəl” gətirilir. Yəni, bu dəyişikliklərdə məqsəd vətəndaşın rifahı yox, hakimiyyət daxilində kimlərinsə mövqeyini möhkəmlətməkdir. Məncə kiminsə nədənsə dərs çıxaracağını gözləmək, ən yumşaq halda sadəlövhlükdür”. 

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları