Yuxarı

Nazirlik oliqarxlar qarşısında aciz qaldı

Nazirlik oliqarxlar qarşısında aciz qaldı

Akif Nəsirli: "Ölkədə vətəndaş cəmiyyətinin dəstəyi ilə laboratoriyalar təşkil edilməlidir”

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı tövsiyyə edib. Dövlət qurumu istehlakçıları mal alarkən əsasən onların istehsal və son istifadə tarixlərinə diqqət yetirməyə çağırıb. Bununla yanaşı alıcıları malın ticarət müəssisəsində saxlanılması şəraitinin onun etiketində göstərilən tələblərə uyğun olmasına, malın etiketində istehsalçının adı və ünvanı barədə dolğun məlumatın olub-olmamasına fikir verilməsi barədə xəbərdar edib. 

Dövlət Xidmətinin bu xəbərdarlığı ticarət mərkəzlərində həqiqətən də istehsal vaxtı ötmüş məhsulların olmasından xəbər verir. Ümumiyyətlə, ölkənin satış mərkəzlərində ticarət qaydalarının pozulması hallarına tez-tez rast gəlinir. Görünür, adıçəkilən dövlət qurumu bu təhlükəni açıq-aydın görür və üzərindən məsuliyyəti atmaq üçün isə bu cür xəbərdarlıqlarla məsələdən sıyrılmış olur. 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkədə bütün ticarət obyektlərində, bütün bazar və satış məntəqələrində bu cür nəzarəti aparmaq gücündə deyil: "Bu baxımdan onların indiki xəbərdarlıqları apardıqları monitorinqlərin, nəzarətin nəticəsində ortaya çıxıb. Ölkədə kifayət qədər ticarət mərkəzi və bazarlar var. Bu satlş mərkəzlərinin hər birinə bir xidmət əməkdaşı nəzarət eləsə belə, o nəzarəti mükəmməl həyata keçirə bilməz. Uzaqbaşı 100 obyektə nəzarət edə bilər. Sovet dövründə istehsalçı sahibkar hökumət idi. Onların keyfiyyətə nəzarətlə bağlı qurumu var idi. Bütün mənbədə bu nəzarət təşkil edilmişdi. Həmin dövrdə inzibati nəzarətə əsaslanan sistemdə nəzarət öz səmərəsini verirdi. Amma bazar iqtisadiyyatı özəl sahibkarlığa, azad rəqabətə əsaslanır. Dövlət artıq sahibkar deyil. Sahibkarlıq istehsal mərkəzləri, məntəqələri pərakəndədir. Yəni hər tərəfdə ola bilər.

Xaricdən də idxal edilən məhsullara nəzarət mümkün deyil. Ona görə də bazar iqtisadiyyatında keyfiyyətin nəzarət sistemi o dövrdəkindən fərqli olaraq bir qədər başqa cür qurulmalı idi. Əslində biz keyfiyyətə xidməti bu formada qurmalıyıq. Ölkədə  vətəndaş cəmiyyətinin dəstəyi ilə laboratoriyalar təşkil edilməlidir. Bu bütün dünyada mövcuddur. Həmin laboratoriyada vətəndaş istənilən şübhələndiyi məhsul barədə müraciət edib müayinə edə bilər. Şübhələr qoyulduğu halda həmin laboratoriyalar onun verdiyi təsdiqlənmiş sənədlə sahibkarı və ya idxalçını məhkəməyə verib, onu külli miqdarda cərimələyə bilər. Yetər ki, onun əlində əsas olsun ki, bu məhsul istifadəyə yararsızdır. Məhz istifadəyə yararsız olması səbəbindən də vətəndaşa zərər verib. 

Zərərin həcmini isə müəyyənləşdirməkdə vətəndaş sərbəstdir. Bu prinsip ona görə qoyulur ki, vətəndaş sahibkar və idxalçını daha böyük məbləğdə cərimələtməyə nail olsun. Cərimələnən sahibkar artıq özü qorxur ki, onun məhsulu bazarda saxta çıxar, istifadəyə yararsız olar. Bu səbəbdən də sahibkar özü öz məhsuluna nəzarət etməyə başlayır. Hətta bəzən marketlərdə nəzarət təşkil edər ki, onların məhsulunun vaxtının keçməsinə şərait yaranmasın. Bunun üçün ayrıca əməkdaşlar ayrılır və satış məntəqələrində hər bir məhsulun istehsal tarixinin bitməsinə bir həftə qalmış onları dövriyyədən çıxarırlar”. 

Ekspert qeyd edib ki,  keyfiyyətə vətəndaşlar özləri nəzarət etmək zorundadır: "Yəni vətəndaş bütün ticarət mərkəzlərinə sərbəst şəkildə nəzarət etmək səlahiyyətinə malik olur. Vətəndaşlar da bilməlidir ki, ərzaq məhsullarının keyfiyyətinə nəzarət edən  laboratoriyalar hər bir məhsulun keyfiyyətinə nəzarət mexanizmini həyata keçirəcək.  

Sosial çarxlarda, televiziyalarda maarifləndirmə aparılmalı, əhaliyə izah edilməlidir ki, bu laboratoriyalar nəyə xidmət edir. Bu laboratoriyalar ilk növbədə keyfiyyətli məhsul istehsal olunmasına nail olacaq. Bunun ilkin variantını dövlət təşkil etməlidir. Bu laboratoriyalardan sonra sahibkarlar, istehlakçı və istehsalçılar nəzarət mexanizmini qurandan o laboratoriyalar təmərküzləşdiriləcək. Laboratoriyalar təmərküzləşdiriləndən sonra isə daha da böyüyəcək və inkişaf edəcək”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları