Yuxarı

Eldar Mahmudovun "reket jurnalist” şəbəkəsi

Eldar Mahmudovun

Xəbər verdiyimiz kimi, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb."Cümhuriyət” qəzetinin məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, V. Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, məhkəmə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərilməsindən sonra Eldar Mahmudovun məsuliyyətə cəlb olunacağını istisna etmirlər.

Vaxtilə MTN adına işlənmiş cinayətlərdə adı çəkilən keçmiş nazirə qarşı zərərçəkmişlərdən də itthamlar var. Bu ittihamlar daha çox Eldar Mahmudovun ayrı-ayrı vaxtlarda təzyiq və təhdidlərlə bir sıra iş adamları, sahibkarlar, icra başçıları və dövlət adamlarından pul tələb etməsiylə bağlıdır. Mahmudov ətrafındakı hələqinin daraldığı bu günlərdə onun MTN-ə rəhbərlik etdiyi vaxtlarda qurduğu "reket jurnalistika” ilə bağlı məsələ də yenidən gündəmə qayıdıb.

Məlumdur ki, mətbuatda daha çox Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi vaxtlarda bir sıra iş adamları, məmurlar, icra başçıları və sahibkarlarla bağlı kompromat materiallar dərc olunurdu. MTN şefinin məhz həmin "reket jurnalistlər” vasitəsilə imkanlı şəxslərə təzyiq edərək külli miqdarda pul aldığı da müzakirə mövzusudur. Məsələn, "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, "Bizim Dövr” qəzetinin baş rdaktoru Surxay Əliyev və digərlərinin məhz Eldar Mahmudov üçün mətbuatda ayrı-ayrı şəxslərdən kompromat materiallar dərc etdiklərinə görə həbs olunduqları da bildirilir.

"MTN mətbəxində bişirilən” kompromat

Prosesin gedişinə diqqət yetirdikdə aydın olur ki, ilkin olaraq "reket jurnalistlər” bir sıra məmurlar və iş adamlarından kompromat materiallar dərc edərək onları gündəmə gətirirdilər. Sonrakı mərhələdə bu məqalələr Mahmudov tərəfindən "araşdırma materialı” kimi dəyərləndirilərək həmin şəxslər barədə sorğu açılırdı.

Şübhəsiz ki, həmin kompromat materiallar MTN-nin "mətbəx”ində hazırlanır və planın icrası üçün ayrı-ayrı saytlar, yaxud qəzetlərdə dərc olunurdu."Reket jurnalistlər” bununla Eldar Mahmudovun pul qoparmaq istədiyi adamları hədəf taxtasına çıxarırdılar. MTN-nin zirzəmisində bu saxta materialların məmurlar, yaxud iş adamlarına qarşı şantaj və təhdid vasitəsi kimi istifadə edildiyini də ehtimal etmək olar. Şübhəsiz ki, bu təzyiqlərdən çəkinənlər Eldar Mahmudova istədiyini - külli miqdarda pulu verirdilər, verməyənlər də əvvəldən hazırlanmış ittihamlarla həbs olunurdular.

"Xəfiyyələr” iş başında

Keçmiş MTN başçısının "reket jurnalistika”sının digər qolu da var ki, burada peşəkar jurnalistlər yox, seçilmiş sıravi şəxslər təşkil edirdi. Həmin şəxslərə saxta jurnalist vəsiqələri verilmişdi və zəngin iş adamları barədə lazım olan məlumatları toplamaq tapşırığı almışdılar. Onlar Mahmudovun təyin etdirdiyi məvacib qarşılığında "xəfiyyə missiyası”nı yerinə yetirirdilər. Həmin şəxslər günlərinin əksər hissəsini də iş adamlarına, yaxud sahibkarlara məxsus obyektlərdə keçirirdilər. Hansısa saxta ittihamlarla obyektləri və bu müəssisələrin rəhbərlərini tənqid edəcək "materiallar” toplayan "xəfiyyələr” bununla Eldar Mahmudovun planlarının icrasını cavabdeh olan, keçmiş MTN generalı Akif Çovdarovu işə qoşurdular. Ehtimal etmək olar ki, barəsində cinayət işinin açılması üçün məhkəməyə müraciət olunmuş Eldar Mahmudovun məsuliyyətə cəlb olunması üçün bu məsələlər də istintaq materialı kimi dəyərləndiriləcək.

Mənsur





Həftənin ən çox oxunanları