Yuxarı

12 milyon qarşısında dayanan sədd

12 milyon qarşısında dayanan sədd

Azərbaycan ailəsində oğlan sevgisi

Mehriban Zeynalova: "Onlar kənarda kəbinlə ailə quraraq oğlan atası olacaqlarına ümid bəsləyirlər”

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə görə, 9843031 nəfərə çatıb.Əhalinin bir kvadratkilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Qadınlar azalır, kişilər artır

Ümumilikdə, son illər açıqlanan rəqəmlərə diqqət yetirəndə görmək olur ki, Azərbaycanda hər 1000 nəfər kişiyə düşən qadınların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatları bunu göstərir. Belə ki, 2014-cü ildə (əhalinin sayı 9 477,1 min) hər 1000 nəfər kişiyə 1 011, 2015-ci ildə (əhalinin sayı 9 593,0) 1 009, 2016-cı ildə (əhalinin sayı 9 705,6 nəfər) 1 007 qadın düşüb. Ölkədə yaşı 25-dək olan olan hər 1000 nəfər kişiyə düşən qadınların sayı 1000-dən az olsa da, 25 yaşdan sonra bu vəziyyət dəyişir və hər 1000 nəfər kişiyə düşən qadınların sayı 1000-i ötür. Statistik məlumatlardan məlum olur ki, son illərdə hər 1000 nəfər kişiyə düşən qadınların sayının azalması halları əsasən, 15-29 yaş arasında olan kişilər arasında təsadüf olunur. 2014-cü ildə 15-19 yaşlı hər 1000 kişiyə 913, 2015-ci ildə 905, 2016-cı ildə 898 qadın düşüb. 20-24 yaş arasında hər 1000 nəfər kişiyə düşən qadınların sayı 2014-cü ildə 976 nəfər, 2015-ci ildə 957 nəfər, 2016-cı ildə 940 nəfər olub.25-29 yaş arasında hər 1000 nəfər kişiyə düşən qadınların sayı 2014-cü ildə 1 023 nəfər, 2015-ci ildə 1 021 nəfər, 2016-cı ildə 1 016 nəfər olub. Ümumiyyətlə, son 40 ildə Azərbaycanda kişi və qadınlar arasında say fərqinin nisbətən azalması müşahidə olunur. 

Bioloji norma pozulur 

Dünya üzrə qadın və kişilərin sayı ilə bağlı bioloji normalar əsas götürülür. Bu normaya əsasən, doğulan hər 100 qıza 105-107 oğlan düşməlidir. Ölkəmizdə isə 100 qıza 115-dən çox oğlan düşür. Nazirlik hesab edir ki, oğlan uşaqlarının sayının artması ilk növbədə selektiv abortlarla bağlı olub. Bəzi məlumatlara görə, Azərbaycanda qızların 10%-i ana bətnində məhv edilir. Bir neçə il əvvəl amerikalı tədqiqatçıların araşdırmasına görə, MDB məkanında Azərbaycan və Ermənistanda cinsə görə selektiv abort geniş yayılıb. Tədqiqat 3 postsovet ölkəsində - Ermənistan, Azərbaycan və Gürcüstanda aparılıb. Məlum olub ki, 2005-2010-cu illərdə bu ölkələrdə 100 qıza azı 116 oğlan düşüb. Bu rəqəmlər isə Çin və Hindistanla müqayisə olunur. MDB məkanındakı Qazaxıstan, Moldova və Ukrayna kimi ölkələrdə belə hala təsadüf edilməyib. "Science” jurnalının araşdırmasına görə, dünyada təbii halda hər 100 qıza qarşılıq 105 oğlan doğulur. Amma bəzi inkişaf etməkdə olan Asiya ölkələrində bu rəqəm süni şəkildə oğlanların xeyrinə dəyişdirilir. Məsələn, Çində hər 100 qıza 120-150, Gürcüstanda 118, Ermənistanda 120, Azərbaycanda isə 115 oğlan dünyaya gəlir. 

Azərbaycan ailəsinin oğlan sevgisi

Haşiyə: İki qızım vardı. Ailə oğlan istəyirdi. Ərim ailənin tək oğludur, 3 bacısı var. Ona görə ailədə istəyirdilər ki, nəslin davamçısı olsun. Buna görə də 3-cü dəfə hamilə qaldım. Qız olsaydı, nə edəcəyimi bilmirdim. Yoldaşım açıq dedi ki, qız olsa, məni boşamayacaq, amma kənarda evlənəcək. Bu dəfə də UZİ-yə getdik, həkim dedi ki, qızdır. Elə bu vaxt 2 qıza 10 min manat verilməsi söhbəti ortaya çıxdı. Hər yerdə danışırdılar, hətta televizorda da eşitdik. Yoldaşım dedi ki, uşağı abort etdirməyəcəyik, amma oğlu olması üçün özü evlənəcək. 3-cü qızımı da dünyaya gətirdim, 10 min manat verilməsi söhbəti də yalan çıxdı. İndi 3 uşaqla ər evində oturmuşam, yoldaşım başqa qadınla bərabər yaşayır. Onu da ailəsi alıb. Kəbinlə yaşayırlar. 2 il uşaqları olmadı, indi qadın hamilədir. Deyirlər ki, uşaq oğlandır, sevinclərindən yerə-göyə sığmırlar. Demirəm ki, mənim uşaqlarıma pis baxırlar, elə deyil. Heç nəyə ehtiyacları yoxdur. Amma uşaqlar da hiss edirlər ki, ataları da, nənə-baba da səbirsizliklə o biri uşağın doğulmasını gözləyir. Qadını mən görməmişəm, amma evdəkilər gedib-gəlir. Oğlan doğulandan sonra ona da ev alacaqlar. Hələ kirayədə qalırlar. Yoldaşım deyir ki, uşaq doğulandan sonra qızları da aparacaq, uşağı da bu evə gətirəcək. Razılaşmaqdan başqa yolum yoxdu. 3 uşaqla hara gedə blərəm? Danışanda da ata-anam, qardaşım deyir ki, kişidir, nəslinin davam etməsini istəyir, hələ sevin ki, səni boşayıb, onunla evlənməyib. Amma mən qorxuram. Qorxuram ki, uşaq doğulandan sonra məni rəsmən boşayıb onunla evlənsin”. Bunu 12 illik ailə həyatının məhz oğlan uşağına olan sevgi ucbatnda dağılacağı qorxusu ilə yaşayan Sevda Ağayeva deyir. O, bu qorxu ilə hələ 3 ay da yaşayacaq. İkinci qadın uşağını dünyaya gətirənə qədər. Ondan sonrasının necə olacağını Sevda bilmir. Gözləməkdən başqa da yolu yoxdur. Naməlumu gözləmək isə onu daha çox incidir.

İkinci qıza 10 min manat "hədiyyə”

Azərbaycanda dünyaya gələn 2-ci qız uşağına 10 min manat veriləcəyi xəbəri bir çox ailələri sevindirdi. Xəbər təsdiqini tapmasa da müzakirələrin yüksək səviyyələrdə aparıldığı məlumdur. Yəni, məlumat əsassız yerə yayılmayıb. Xəbərin 2015-ci ildə parlamentin qalmaqallı açıqlamalarla gündəmə gələn komissiya sədri Hadi Rəcəblinin dilindən səslənməsindən sonra müzakirələr də qızışıb. Çoxları isə məsələyə hətta həll edilmiş kimi yanaşıb.Sonradan verilən açıqlamalardan məlum olub ki, 2-ci qız uşağı olanlara 10 min manatlıq depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi "Azərbaycan Respublikası əhali sıxlığı və demoqrafik inkişaf" üzrə dövlət proqam layihəsinin müzakirəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən müzakirələrdə qeyd edilib. Həmin görüşdə rəsmi olaraq nazirlik tərəfindən bu məsələ qaldırılıb. Hətta deyilib ki, əgər ideya təsdiq olunarsa, o zaman maliyyə çətinliyi olmayacaq, çünki vəsait hissə-hissə hesaba köçürüləcək. 2015-ci ildə Azərbaycanda hər 100 doğulan qız uşağına 116 oğlan uşağının düşməsi qızı olan ailələrin stimullaşdırılması vacibliyini gündəmə gətirib. Selektiv abortların qarşısını almaq üçün də bunun böyük təsirinin olacağı güman edilib. Bu təkliflə yanaşı uşaqların sayı çox olan ailələrdə valideynlərin daha tez pensiyaya çıxması təklifi də səsləndirilib. Ancaq 2 il keçib və qız valideynləri 10 min manatdan artıq əlini üzüb. 

Qeyri-rəsmi nikahlarda oğlan faktoru

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, bu vəsaitin verilməsi selektiv abortların qarşısını müəyyən qədər ala bilər, amma bununla problemin həll yolu düşüncə dəyişikliyindən keçir: "Bir çox ailələr qız uşağını təkcə maddi imkansızlığa görə yox, sırf düşüncə tərzinə görə istəmirlər. Belələri arasında hətta imkanlı ailələr də var. Onlar nəslin davamçısı olaraq oğlanı görür və ailədə birinci qızdan sonra növbəti qızı istəmədiklərini açıq şəkildə bildirirlər. Qeyri-rəsmi nikahlara diqqət yetirəndə də görmək olur ki, məhz qızları olan atalar arasında da artıq müəyyən hissə təşkil edir. Yəni, onlar kənarda kəbinlə ailə quraraq oğlan atası olacaqlarına ümid bəsləyirlər. 

İldə 70 min qadın abortda ölür

Dünyada Əfqanistan, İran, Banqladeş, Anqola, Venesuella, Qvatamela, Honduras, Misir, İndaneziya, İraq, İrlandiya, Yəmən, Kolumbiya, Livan, Liviya, Mavritaniya, Mali, Nrpal, Nikarauqa, Oman, Paraqvay, Yeni Qvineya, Salvador, Suriya kimi ölkələrdə abort ümumiyyətlə, qadağandır. Əlcəzair, Argentina, Boliviya, Braziliya, Qaana, İsrail, Keniya, Kosta-rika, Marokko, Meksika, Niqeriya, Pakistan, Peru, Polşa, Uruqvayda müstəsna hallarda aborta icazə verilir. İngiltərə, Hindistan, İslandiya, Lüksemburq, Finlandiya, Yaponiya kimi ölkələrdə yalnız tibbi və sosial-iqtisadi göstəricilər əsasında, həmçinin zorakılıq hallarında abort mümkündür. Aborta sərbəst icazə verilməsi əsasən MDB və Baltik ölkələrində, Avstraliya, Avstriya, Albaniya, Belçika, Bolqarıstan, Macarıstan, Vyetnam, Almaniya, Yunanıstan, Danimarka, İtaliya, Kamboca, Kanada, Koreya Xalq Respublikası, Kuba, Monqolustan, Hollandiya, Norveç, Rumıniya, Sinqapur, Slovakiya, ABŞ, Tunis, Fransa, Çexiya, İsveç, Cənubi Afrika Respublikasındadır. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər il dünyada 70 mindən artıq qadın məhz abort nəticəsində ölür. Bunun başlıca səbəbi riskli abortlardır. Riskli abortlar 12 həftəlik və daha böyük hamiləliyin süni şəkildə pozulmasıdır. 

Selektiv abort qadağandır, amma...

Azərbaycanda da abort problem olaraq qalır və artan tempi ilə narahatlığa səbəb olur. Ekspertlər bildirir ki, əgər abortlar belə davam edərsə, 2050-ci ildə Azərbaycan əhalisinin sayının 12 milyona çatması çətinləşə bilər. Ümumilikdə isə ölkəmizdə abortlar qanuni sayılır və onların 6 həftəlik müddətə qədər ambulator şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionarda aparılmasına icazə verilir. Ancaq selektiv abortlar qadağandır və bunu edən həkim buna görə hətta cinayət məsuliyyəti daşıyır. Lakin buna baxmayaraq selektiv abortlara cidid nəzarət mexanizmi yoxdur və bunu inzibati qaydada etmək əslində heç mümkün də görünmür. 

Deputat Hadi Rəcəbli bildirir ki, qanun selektiv abortlara qadağa qoyub, bu qanunun icrasına nəzarət olunmalıdır. Nəzarəti isə prokurorluq və ya digər hüquq-mühafizə orqanları edir: "Təəssüf ki, selektiv abortlar qeydə alınmır, anaların bunu niyə etdiklərinin səbəbləri bilinmir.Belə halların qarşısını güclə, inzibati qaydada almaq mümkün deyil. Yalnız təbliğat və maariflənmə işi aparılmalıdır”.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları