Yuxarı

Ataların "qələmini qıran” övladlar

Ataların

Oğlu adam döydüyünə görə prezidentin sərəncamı ilə Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsinin rəisi Novruzəli Orucovun vəzifəsindən azad olunması harınlamış məmurlar və ata pulu ilə zənginləşmiş övladları məsələsini yenidən aktuallaşdırıb. Novruzəli Orucova qədər də belə hallar dəfələrlə yaşanıb və bu, prezidentin çıxışlarında da öz əksini tapıb. 

Prezident İlham Əliyev Nazirlər Kabinetində keçridiyi son iclasda da bu məsələyə bir daha toxunub:

"Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə, vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın”.

Dövlət başçısı məmurların və övladlarının özbaşanlıq etmələri ilə bağlı xəbərlərə keçən il icra hakimiyyətləri başçıları ilə keçirdiyi toplantısında da sərt reaksiya vermişdi. İlham Əliyev budəfəki iclasda da icra başçılarının dövlət tərəfindən ayrılan vəsaitələri aidiyyatı üzrə xərcləmədiklərindən danışıb. Prezident ilin sonunadək qanun pozuntularına yol verən icra başçılarının öz vəzifələrindən uzaqlaşdırılacağının mesajını verib.

Korrupsiya və rüşvət hesabına harınlamış, böyük sərvət yığmış və onların özbaşınalıq edən məmurların övladlarının qeyri-etik davranışları Azərbaycanda danışılan ən aktual mövzulardan biridir. Bununla bağlı bir çox nümunələr də var. Bir sıra hallarda məmur atalarının ərköyün övladları sonradan onların öz vəzifələrini itirmələrində "möhür” rolunu oynayıblar. 

Məsələn, 2013-cü ildə prezident tərəfindən istefaya göndərilən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun da öz oğlunun güdazına getdiyini demək olar. Məlumdur ki, qəza törədən keçmiş nazirin oğlu həmçinin dostları ilə birlikdə avtobus sürücüsünü də döymüşdü və yerli sakinləri təhqir etmişdi.

Oğlu yoldan keçən qızlara sataşan keçmiş deputat Ayaz Orucov da növbəti seçkilərdə iştirakdan məhrum oldu.

Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sabiq rəis müavini Mübariz Mədətovun oğlu isə xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşı və qızını avtomobillə vurub öldürmüşdü.

Tərtərin keçmiş icra başçısının I müavini Vidadi Bəylərovun oğlu avtomobil qəzasında ölümə səbəb olmuşdu və bundan sonra atası vəzifəsindən uzaqlaşdırıldı.

1 milyon dollarlıq ayı

Məmur övladlarının özbaşınalıqları ilə bağlı ən məşhur hekayə sözsüz ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlıdır.

Məlumatlara görə, Qəbələdəki restoranlardan birində qəfəsdə saxlanan ayını  sevgilisi üçün kəsməyə məcbur etmişdi. Sonradan bu hərəkətinin atasına 1 milyon dollara başa gəldiyi bildirildi. Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun da adı jurnalsiti döyməsi ilə gündəmə gəldi.

Siyahıda kimlər var?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş başçısı Eldar Mahmudovun oğlu Anar Mahmudov da ara -sıra öz hərəkətləri ilə gündəmə gələ bilərdi. Belə desək, atasının bıçağının arxası və qabağının kəsən vaxtlarında A.Mahmudov da özünü "Burada mən, Bağdadda kor xəlifə” hesab edənlərdən idi. Atasından aldığı güc onu xeyli "qüvvətli” etmişdi.

"Rabitə işi”ndə adı hallanan Anar Məmmədovu hətta atası vəzifədən çıxarılandan sonra da yol polisini atasıyla hədələməyi unutmayıb. Bundan başqa İsmayıllı rayonunun sabiq icra başçısı Nizami Ələkbərov, Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyev, Gəncə 2 saylı dövlət notariat kontorunun dövlət notariusu Nəsib İmanov, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin keçmiş rəisi Əliməmməd Həsənov, Tərtər rayon icra başçısının sabiq birinci müavini Vidadi Bəylərov, Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin keçmiş rəisi Ramiz Nəbiyev, keçmiş millət vəkili, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sabiq direktoru Ayaz Orucov, Salyanın keçmiş icra başçısı Tahir Kərimov və digəriləri də bu kimi hallara görə öz postlarını itiriblər. Dövlət başçısının son iclasda səsləndirdiyi fikirlərə əsaslanaraq oğulların atalarına görə məsuliyyət daşımasalar da, ataların oğullarının qanunsuzluqlarına və özbaşınalığına görə məsuliyyət daşıyacağını söyləmək olar. 

Mənsur





Həftənin ən çox oxunanları