Yuxarı

Uşaqlar doğulur, analar ölür

Uşaqlar doğulur, analar ölür

Qətibə Abdullayeva: "Qadınlarımız hələ də başa düşmür ki, həkimə vaxtında getmək, müayinələrdən keçmək lazımdır”

Vaxtaşırı olaraq mətbuatda doğuş zamanı ana və uşaq ölümü haqda xəbərlər yer alır. Məlumatara görə  ölüm hallarının əksəriyyəti qeysəriyyə əməliyyatı zamanı baş verir. Doğuşda ana və uşaq ölümündə əksər hallarda həkimlər günahlandırılır, bədbəxt hadisənin məhz həkim səhlənkarlığı və ya qeyri-peşəkarlığı səbəbindən baş verdiyi iddia olunur. Müşahidələr onu göstərir ki, hazırda hamilə qadınlar arasında bu məsələ ilə bağlı qorxu yaranıb. Doğuş zamanı həm özlərinin, həm də körpələrinin həyatından narahat qalan gənc analar ehtiyatlanırlar. Bu səbəbdən daha peşəkar, işini bilən həkim axtarışına çıxırlar ki, bununla belə problem tam həllini tapmır. Başqa sözlə desək, faciəli sonluqdan heç kəs sığortalanmayıb.

Səhiyyə Nazirliyinin bu günlərdə verdiyi açıqlamaya görə, 2017-ci ildə Azərbaycanda doğuş zamanı 13 ana ölümü baş verib. Bu ilin 6 ayı ərzində baş vermiş 8 ana ölümü araşdırılıb və nəticələri barədə ictimaiyyətə məlumat verilib. 5 ana ölümünün başvermə səbəblərinin araşdırılması üçün Doğuşayardım Komissiyasına təqdimat hazırlanır. Yaxın müddətdə həmin ana ölümlərinin səbəbləri də araşdırılıb ictimaiyyətə təqdim olunacaq. 
Qeyd edək ki, Azərbaycan Britaniyanın "Save the Children” Xeyriyyə Fondunun hazırladığı illik Dünya Analıq Hesabatının reytinq cədvəlində 179 ölkə arasında 90-cı yerdə qərarlaşır. Azərbaycanda hər 1800 doğuşdan biri ananın ölümü ilə nəticələnir. Bu günlərdə Səhiyyə Nazirliyi də Azərbaycanda uşaq ölümü ilə bağlı dəhşətli statistika açıqlayıb. Açıqlamada bildirilir ki, hər il Azərbaycanda 170 min körpə doğulursa, onun təxminən 1700-ü vəfat edir.

Belə ki, Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov bildirib ki, son illər hər 1000 diri doğulan körpədə ölüm əmsalı 10 promille təşkil edir, yəni hər 1000 yeni doğulan uşaqdan 10-u ölür. O, vurğulayıb ki, 2016-cı ildə də oxşar vəziyyət qeydə alınıb. Onun sözlərinə görə, 2015-ci ildən Azərbaycanda diridoğulmanın yeni meyarlarına keçiddən sonra uşaq ölümlərinin sayı 0,8 faiz artıb. Baş neonatoloq əlavə edib ki, yeni meyarlara əsasən, çəkisi 500 qr-1 kq olan azçəkili uşaqlar da diridoğulanların siyahısına daxil edilib: "Nəticədə 2015-ci ildə körpə ölümü faizi 0,8% artıb. Lakin bu artım yalnız həmin ildə müşahidə olunub və 2016-cı ildə azalmağa doğru gedib. Ötən il yeni meyarlara əsasən dünyaya gələn və sağ qalan uşaqların sayı 2 dəfə artıb. Əgər 2015-ci ildə yeni meyarlara əsasən doğulan 267 körpədən 96-sı sağ qalmışdısa, 2016-cı ilin 6 ayı ərzində 106-sı sağ qalıb”. Bu gündən etibarən Səhiyyə Nazirliyi ana ölümləri ilə bağlı yoxlamalara başlayır. Ana ölümlərinin profilaktikası və Doğuşayardım Komissiyasının işinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Bakı və ətraf rayonlarda yoxlama aparılacaq. Yoxlamalar 20 gün davam edəcək. 

"Yeni Nəsil” tibb mərkəzinin baş həkimi, ginekoloq Qətibə Abdullayeva "Cümhuriyət” qəzetinə açıqlamasında iyun ayında daha çox ana ölümü ilə bağlı məlumatların çoxaldığını qeyd edib. Onun sözlərinə görə, ana və uşaq ölümündə birbaşa məsuliyyət anaların üzərinə düşür: "Hər halda Səhiyyə Nazirliyinin ana ölümü ilə başlatdığı yoxlamaların müsbət nəticəsi olacaq. Açıq bir həqiqət ondan ibarətdir ki, qadınlarımız maarifləndirilməlidir. Qadınlarımız hələ də tam olaraq başa düşmürlər ki, həkimə vaxtlı-vaxtında getmək, müayinələrdən keçmək lazımdır. O vaxt həkimə gedirlər ki, vəziyyətləri ağırlaşır. Ağır vəziyyətdə də həkim xəstənin canı ilə əlləşir. Hamilə qadın hər ay həkim müayinəsindən keçməlidir. Amma baxırsan ki, 5 aydan sonra gəlir. Hansı ki, təzyiqi qalxıb, ayağı şişib, qanı düşüb və ya başqa patalogiyalarla həkimə üz tutub. Ağırlaşmış vəziyyətdə isə xəstəni müalicə etmək çətin olur. Bu halda xəstəni necə sağaldasan? Ölüm hallarının çoxu onunla əlaqədardır. Hansı həkim istəyər ki, xəstə onun əlində ölsün? Heç bir həkim onu istəməz... Sadəcə ağır halda gələn xəstəyə həkim nə etməlidir?”

Ginekoloqun tövsiyyəsinə görə, hamilə qadınlar hər kimin doğuşa hazırlıq, doğuş vaxtı olan analıq məktəbi və profilaktik kurslarda iştirak etməlidirlər: "Bütün bu tələblərə əməl olunsa, hər şey yaxşı olar. Məsələn, ana olmamışdan əvvəl qadının böyrəklərində problem olur, 22 həftəlikdən sonra həmin böyrək problemi artır, bundan əlavə düzgün qidalanmamaq, qanın aşağı düşməsi kimi problemlər ağır fəsadlarla nəticələnir. Uşaq ananın qanı ilə qidalanır. Əgər ananın qanı aşağıdırsa, bu halda heç nə demək olmaz. Bəzən deyirlər ki, doğuş travması alıb. Bu o demək deyil ki, doğuş yolundan keçəndə travma alıb. Ana xəstədirsə, böyrəyində problem varsa, qanı aşağıdırsa, təzyiqi yüksəkdirsə, zülal varsa, yaxud başqa xəstəlikləri varsa, bütün bunlar doğuş travması hesab olunur. Ana bətnində uşaq bunları alır və dünyaya gəlir. Fikrimcə, ilk növbədə hamilə qadınlar özlərini hamilə kimi hiss etməli, vaxtı-vaxtında yeməklərinə, yatmalarına, sağlamlıqlarına fikir verməlidirlər”.

Doğuş zamanı ana və uşaq ölümünün əvvəlki illərlə müqayisədə artmasına gəlincə, ginekoloq bunun səbəbini izah edə bilməyib. O deyib ki, bu məsələdə anaların öz sağlamlıqlarına məsuliyyətsiz yanaşma daha çox rol oynayır: "Bəzən hamilə qadın doğuşa iki həftə qalmış gəlir ki, mən qeydiyyatdan keçmək istəyirəm. Əsas gətirir ki, müayinələr üçün başqa həkimin yanına gedirmiş. İndi isə ondan qeydiyyat tələb olunur. 

Onu qeydiyyat eləməməyə hüququm yoxdu. Amma hamilə qadın 7-8 ay sonra müayinəyə gəlməz axı... Təbii ki, hamilə qadının istənilən həkim müayinəsindən keçmək hüququ var. Amma bir şərtlə ki, 10-11 həftəsində qadın məsləhətxanasına yaxınlaşsın və qeydiyyata düşsün. Hər iki həkim bir-biri ilə məsləhətli və mübadiləli işləsin ki, xoşagəlməz olaylar baş verməsin”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları