Yuxarı

Azərbaycanda FETÖ "ocaq”ları qalırmı?

Azərbaycanda FETÖ

Qabil Hüseynli: "Artıq FETÖ-nün tərəfdarları zərərsizləşdirilib”

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən bir il ötür. 2016-cı il iyulun 15-də axşam saatlarında bir qrup hərbçi Ankara, İstanbul və digər iri şəhərlərdə  hakimiyyət çevrilişinə cəhd etdi. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. İlk növbədə Ankarada Polis Akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi girov götürüldü. 

Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu. Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən, 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralandı. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatdı. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbçi, hakim, prokuror saxlanıldı.

Çevriliş cəhdinin FETÖ lideri Fətullah Gülənə bağlı olduğu iddia edildi. Həmin çevrilişin qarşısı isə prezident Ərdoğanın çağırışı ilə küçələrə axışan xalq tərəfindən alındı. Məlum çevriliş cəhdindən sonra dövlət qurumlarında başlanılmış təmizləmə əməliyyatının miqyası getdikcə böyüməyə başladı. İlk növbədə ölkənin Xarici İşlər Nazirliyində təmizləmə işlərinə başlandı. Nazirlikdə aparılan araşdırmaların nəticəsində ilk olaraq səfir rütbəsinə malik 4 diplomat XİN sistemindən qovuldu. Onların arasında Türkiyənin Kanadadakı sabiq səfiri Tuncay Babalı və keçmiş prezident Abdulla Gül ilə sabiq baş nazir Əhməd Davudoğlunun müşaviri olmuş Gürcan Balık da var idi. Daha sonra İstanbul valisi Hüseyin Avni Mutlu,tanınmış jurnalistlər və hökumətdə yüksək vəzifələrdə işləmiş şəxslər saxlanıldı. Təmizlənmə əməliyyatı indi də davam etməkdədir. Amma Türkiyə üçün FETÖ təhlükəsi demək olar ki, bitməyib. 

Türkiyədə çevrilişdən sonra yaranmış vəziyyətin gərginliyinin davam etməsinin daha bir göstəricisi OHAL, yəni Fövqəladə Vəziyyət rejiminin davam etməsidir. 2016-cı il iyulun 20-də elan edilən OHAL (fövqəladə vəziyyət) qərarı son bir ildə ölkədə çox ciddi qərarlara imza atıb. Bu qərarlar iqtisadiyyat sahəsi ilə yanaşı, təhsil sahəsinə də ciddi təsir göstərib. Ötən il sentyabrın 1-dən başlayaraq bu günə qədər Türkiyədə 23 427 nəfər elmi işçi və universitet müəllimi işindən azad edilib. Son olaraq bəzi universitetlərdə də əməliyyatlar davam edir. Amma nəticə odur ki, FETÖ üzvləri daha çox hökumət daxilindən ortaya çıxdı. 

Son məlumatlara görə, Türkiyədə ötən ilin 15 iyulundan indiyədək dövlət çevrilişinə cəhddə ittiham olunaraq barələrində hüquqi tədbirlər görülən şəxslərin sayı 168 801 nəfərdir. Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib. Nazirin sözlərinə görə, ötən müddətdə 8 069 nəfər istintaqdan yayınıb. B. Bozdağ qeyd edib ki, 50 504 nəfər hazırda həbsdədir. 15 iyul tarixindən sonra FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı ciddi tədbirlər başlanıb. Maraqlıdır, Azərbaycanda FETÖ təhlükəsi və ocaqları qalırmı?

Politoloq Qabil Hüseynli "Cümhuriyət” qəzetinə açıqlamasında FETÖ-nün Azərbaycanda ciddi səviyyəyə çatdığı qənaətində olmadığını bildirib: "FETÖ-nün Azərbaycanda təhsil müəssisələri, universitetləri, bir sıra qurumları var idi. Həmin qurumların demək olar ki, hamısı bağlandı və Fətullah Gülənlə əlaqəsi olan adamlar da zərərsizləşdirildi. Ona görə də Azərbaycanda FETÖ təhlükəsinin qalması mümkünsüzdür. Türkiyə üçün FETÖ-nün ciddi fəsadları var. O vaxt Azərbaycan üçün də təhlükəsi qalırdı. Amma artıq FETÖ-nün tərəfdarları zərərsizləşdirildi və həmin təhlükə Azərbaycan üçün qalmır. Bu mənada Fətullah Gülən və onun təşkilatının üzvlərinin Azərbaycana təhlükəsi keçərli deyil”. 

Alçina Amilqızı





Həftənin ən çox oxunanları