Yuxarı

Xaricə buraxılmayan mallar süfrəmizdə

Xaricə buraxılmayan mallar süfrəmizdə

Xidmət rəisi isə faktları inkar edir

Eyyub Hüseynov: "Daxili bazarda külli miqdarda təhlükəli kənd təsərrüfatı məhsulu satılır”

Son aylar Azərbaycandan ixrac edilən məhsullarda müxtəlif zərərli virus və qurdların aşkarlanması səbəbindən tonlarla məhsul geri qaytarılıb.

Cebhe.info xəbər verir ki, mayda Rusiyanın Moskva şəhəri və Tula vilayətində 39,55 ton təzə ərzaq kartofuna baxış zamanı qızılı kartof qurdları (Globodera rostochiensis (Woll.) Behrens.) aşkar edilib və məhsullar Azərbaycana geri göndərilib. Bundan başqa, iyunun 10-dan 23-dək Qazaxıstan Azərbaycan tərəfinə fitosanitar nəzarəti keçə bilməyən 81,5 ton kartof geri qaytarıb. Kartoflarda karantin obyektinin (qızılı kartof nematodu - red.) aşkarlanması üzrə dörd hal aşkar edilib.

12 iyulda isə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Kurqansk vilayətinin mütəxəssisləri Azərbaycandan bu bölgəyə ixrac edilən tərəvəzlərdə zərərverici Cənubi Amerika güvəsi aşkar ediblər. Nəticədə 16,193 ton pomidorun satışı qadağan olunub. Sahibkarlara pomidorları dezinfeksiya etmək tapşırılıb. Bunlar sadəcə son aylarda qeydə alınan və mətbuata məlum olan faktlardır. İxrac məhsullarımızın müxtəlif problemlər səbəbindən ölkəyə geri qaytarılmasına dair onlarla belə fakt var.
Rəis faktları inkar edir

Lakin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev faktları təkzib edib. O deyib ki, ölkəyə daxil olan və ixrac edilən bütün bitkiçilk məhsulları yoxlamadan keçirilir və ona görə də belə problemlərin olması ehtimalı çox azdır. C.Quliyev bitkilər əkildikdən sonra qanunvericiliyə uyğun müddətdə bölgələrdə əkin sahələrinə baxış keçirildiyini və becərilən məhsullarda hansısa xəstəliyin olub-olmadığını əvvəlcədən bilindiyini deyir.

Xidmət rəisi: "Hər gün yoxlama nəzərdə tutulmayıb”

Maraqlısı budur ki, əgər belə nəzarət varsa, onda xaricdən geri göndərilən məhsullarda problemlər vaxtında niyə aşkar edilməyib? Əgər problem aşkar olunmursa, o zaman xidmət qeyd edilən nəzarətləri vaxtında həyata keçirmir. Daha bir vacib məqam budur ki, ixrac məhsulları keyfiyyət baxımından ən yaxşı hesab olunur. Əgər ən keyfiyyətli məhsullarımızda problem aşkar edilibsə, görəsən daxili bazarlarımızdakı məhsullar keyfiyyət baxımından necədir? Xidmət rəisi deyir ki, daxili bazarlara çıxarılan məhsullara da daim nəzarət edilir: "Bu məqsədlə mütəmadi olaraq reydlər keçirilir. Ancaq bazarlarda satılan bütün məhsulların hər gün yoxlamadan keçirilməsi və buna görə satıcılara sertifikatların verilməsi nəzərdə tutulmayıb”.

Kütləvi bazarlarda məhsul hər gün yoxlanılmadan satışa çıxarılırsa, o zaman keyfiyyəti də şübhə altına düşür. Üstəlik, bu problemlərin dövlət səviyyəsində kənd təsərrüfatına xüsusi diqqətin ayrıldığı bir vaxtda ortaya çıxması Azərbaycanın ixrac potensialına mənfi təsir edə bilər.

3 milyon manat ayrıldı, amma...

Məlumdur ki, ötən ildən etibarən həyata keçirilən yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişafı və genişləndirilməsidir. Odur ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması, lisenziya tələb edən fəaliyyət növlərinin, həmçinin icazələrin sayının azaldılması islahatların tərkib hissəsidir.Prezident İlham Əliyevin "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamına əsasən, bu sahədə qarşıya qoyulan vəzifələrdən biri də "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi idi.

"Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə tədbirlərinin maliyyələşdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə 3 milyon manat da ayrılıb.Göründüyü kimi, hazırda dövlət ixrac potensialına xüsusi diqqət ayırır və yeni bazarların tapılması üçün sahibkarlara dəstək olur. Amma bəzi sahibkarlar və aiddiyatı qurumlar bu məsuliyyəti tam dərk etməyərək ölkənin ixrac siyasətinə də ziyan vururular. Biz sadəcə kartof və pomidorla bağlı faktları qeyd etsək də, müxtəlif vaxtlarda meyvələr, yağlar və digər qida məhsullarında da problem aşkarlanıb. Bu problemlər isə birbaşa insan sağlamlığına təsir edir. Son dövrlər həkimlər də artan xəstəliklərin səbəbinin birbaşa qidalarla bağlı olduğunu bildirirlər.

"Yenə də insanlar apteklərdə, xəstəxanalarda növbələrdə olacaq”

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya bildirib ki, hazırda Azərbaycanın daxili bazarında külli miqdarda təhlükəli kənd təsərrüfatı məhsulları satılır: 

"Kənd Təsərrüfatı Nazirliyinin yerli idarələrinin olmasına baxmayaraq, daxili bazarlara nəzarət yoxdur. Qidanın təhlükəsizliyinə dair qanun yoxdur. Qanun olmayan yerdə də cinayət baş verər. Prezident İlham Əliyev daxili bazara nəzarəti gücləndirmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması üçün fərman da imzalayıb”. Birlik sədri deyib ki, əgər bu agentlik qohum-əqrəbalar üçün iş yeri olacaqsa, onda yenə müsbət heç nə gözləməyə dəyməz: "Yenə də insanlar apteklərdə, xəstəxanalarda növbələrdə olacaq. Çünki qidaların keyfiyyəti birbaşa insan sağlamlığına təsir edir”.

Eyyub Hüseynov bununla belə, gələn ilin yanvarında fəaliyyətə başlayacaq bu qurumun problemlərin həllində faydalı olacağını düşünür: 

"Agentlik fəaliyyətini düzgün qursa, problemlərə də son qoyulacaq. Bu istiqamətdə Avropa İttifaqının da xüsusi göstərişləri var. Belə ki, məhsul tarladan istehlakçıya çatana qədər bütün nəzarət həyata keçirilməli, tərkibi dəqiq araşdırılmalıdır. Hazırda bu sistem sadəcə fındıq və kürü istehsalında tətbiq olunur. Qida sektorunun bütün sahələrində bu tətbiq edilsə, o zaman məhsulların keyfiyyətinə də şübhə qalmayacaq”.

Zərərli məhsul - xərçəng

Məlumat üçün bildirək ki, xərçəng xəstəliklərinin beynəlxalq araşdırmalar mərkəzinin alimlərinin qənaətinə görə, bütün onkoloji xəstəliklərin üçdə bir hissəsinin səbəbi düzgün qidalanmama və zərərli məhsullarla bağlıdır. Onkoloji xəstəliklərin profilaktikasında sağlam qida ən başlıca şərtlərdən biridir. Respublikanın baş pediatrı Nəsib Quliyev çıxışlarının birində qeyd etmişdi ki, süni və zərərli tərkibli qida ilə qidalanan uşaqlarda xəstələnmə və ölüm halları 4 dəfə daha çox rast gəlinir, ishal və diareya xəstəlikləri 17,3 dəfə daha çox yaşanır.

Fərid





Həftənin ən çox oxunanları