Yuxarı

Yuxusuzluq - intihara aparan yol

Yuxusuzluq - intihara aparan yol

Dünyada intiharların dəhşətli statistikası bu mövzu ətrafına ciddi müzakirələrə yol açır. Rəsmi məlumatlara görə, hər il dünyada 800 min adam intihar səbəbi ilə həyatına son verir. 

Hər 40 saniyədə bir nəfər intihar edir

Ümumdünya Səhiyyə Təşkilatı bunu hər 40 saniyədə bir nəfərin ölümü ilə izah edir. İntiharın xüsusilə, azyaşlılar və gənclər arasında kütləviləşmə meyli narahatlıqları artırır.  İntihar statistikasında hər il müəyyən qədər dəyişiklik olur. Ümumi halda il ərzində həyatına son verənlərin sayını 800 min- 1 milyon arasında dəyişir.  Dünya üzrə hazırlanan "Psixi Sağlamlıq Atlası”na nəzər yetirdikdə məlum olur ki, intiharların əsas səbəbi psixoloji problemlərdir. ÜST-nın məlumatına görə,  inkişaf etmiş ölkələrdə hər 10 min nəfərə, az və orta gəlirli ölkələrdə isə hər 100 min nəfərə bir psixoloq düşür. Dünya səviyyəsində hər 10 nəfərdən birinin psixoloji problemləri müşahidə edilir ki, bu da intihar haqqında düşüncələrin yayılmasını şərtləndirir. İntiharın gənclər arasında daha çox yayıldığı bildirilir. Ümumilikdə uzun sürən xəstə yaşayanlar, tənhalar, alkoqolizmdən və narkomaniyadan əziyyət çəkənlər risk qrupuna daxil edilir. Lakin son illər risk qrupunda olanlarla yanaşı "təsadüfi” şəxslərin də intiharla həyatlarına son verdiyinin şahidi oluruq.  Buna isə ətraf aləmin təsiri, psixoloji vəziyyətdəki "eniş-çıxışlar”, bir anlıq qəzəb və ya bədbinlik kimi səbəblər yol açır.  

Azərbaycanda bir ildə 327 nəfər

Azərbaycan da intihar statistikasının narahatlıq yaratdığı ölkələrdəndir. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin  məlumatına görə, 2016-cı il Azərbaycanda 327 intihar-tamamlanmış suisid hadisəsi qeydə alınıb. İntiharlarla yanaşı, tamamlanmamış suisidlər (intihara cəhd) də olub ki, onların sayı 470 nəfər təşkil edib. Ümumilikdə  isə ötən il ərzində 797 belə hadisə qeydə alınıb. Dünyada orta hesabla hər 100 min nəfərə 7 intihar hadisəsi düşür.  Hələlik Azərbaycanda bu rəqəm azlıq təşkil edir. Hər 100 min nəfərdən 5 nəfərdə bu hal qeydə alınır. 

Bir ayda 36 insan canına qıyıb

2015-ci illə müqayisədə 2016-cı ildə intiharların sayında azalma müşahidə edilib. 2015-ci ildə 515 intihar faktı olmuşdusa, 2016-cı ildə bu rəqəm 327 olub. İntiharın səbələri arasında bioloji, psixoloji, sosial faktorlar və genetik meyarlar əsas yer tutur. İntihar halları kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Araşdırmalar göstərir ki, 25-50 yaş insanlar daha çox intihara cəhd edir. 2017-ci ildə də intiharlar sarıdan vəziyyət narahatlıqverici olub. Təkcə ilin ilk ayında 36 nəfər intihar, 11 nəfər isə intihara cəhd edib. İntihar edənlər arasında 12 yaşlı məktəbli də olub.  

Yuxusuzluq sizi "çökdürəcək”

Hər bir ölkədə intihar hallarının özünəməxsus səbəbləri ilə yanaşı dünya miqyasında ortaq olan səbəblər də var ki, mütəxəssislər bu səbəblərin aradan qaldırılması üçün bəzi təkliflər verir. Uzun müddət davam edən elmi araşdırmaların nəticəsi olaraq intiharın daha bir səbəbi tapılıb- yuxusuzluq. Mütəxəssislər belə hesab edir ki, məhz yuxusuzluq insanları intihara sürükləyən amillərdən biri ola bilir. Keyfiyyətli yuxu insanın həyat fəaliyyəti və səhhəti üçün olduqca önəmlidir. Əgər bütün gün ərzində özünüzü yaxşı hiss etmək, yorulmadan işləmək, əsəbi və gərgin olmamaq, normal qidalanmaq istəyirsinizsə, mütləq gecəni yaxşı yatmalısınız. Əks təqdirdə yuxusuzluq sizi zamanla "çökdürəcək”. Alimlər bildirir ki, tələb edildiyi qəbər və keyfiyyətli yuxu insan həyatı üçün böyük önəm daşıyır.  Yuxunu həyat üçün əhəmiyyətli olan yemək və idmanla bir sıraya qoyurlar. Dietoloqlar da bu fikirlə razılaşır və düzgün qidalanmanın keyfiyyətli yuxu ilə müşayət olunmasının salamlığa xeyrindən danışırlar. Son tədqiqatlar isə göstərir ki, yuxu pozgunluğu hətta intihar haqqında düşüncələrə də yol aça bilər. 

Yata bilməyənlərin ölüm düşüncəsi 

Yuxusuzluğun gətirdiyi problemlər arasında bunu artıq mütəxəssislər ilk sıralara qoyur. Yuxusu pozulan və ya yuxusuzluqdan əziyyət çəkən insanlar səhəri günə baş ağırısı, üzdə şişkinlik, iştahsızlıq, əzginlik və ümumi yorğunluqla başlayırlar. İndi isə məlum olur ki, bir müddət davamlı olaraq yuxusuzluqdan əziyyət çəkən şəxs intihar haqqında daha tez-tez düşünməyə başlayır. Stendford Universitetinin mütəxəssislərinin uzun müddət apardığı araşdırma bu nəticəni ortaya qoyub.  Onların fikrincə, yatmaq üçün yerinə uzanan, mürgüləyən, ancaq keyfiyyətli yuxu yata bilməyən şəxsin düşüncələri ölümlə həyat arasında var-gəl edir. Bu vəziyyət insan beynindəki neqativ düşüncələri oyadır. Tədqiqat müəlliflərinin fikrincə, digər faktorlardan fərqli olaraq yuxu adətinin sadəcə dəyişməsi problem yaratmağa qadirdir. 

Yuxunu nizama sal və intihar fikri beynindən çıxsın

"Yuxunun pozulması ilk növbədə xəbərdarlıq siqnalıdır. Bunu nə qədər tez aradan qaldırsalar, daha yaxşı olar.  Buna görə də yuxunun tənzimlənməsinin intihar hallarının qarşısını almaqda əsas rollardan birini oynadığını unutmaq olmaz. 

Başqa sözlə desək, intihar profilaktikasına yuxunu nizama salmaqla başlamaq lazımdır”,- deyə araşdırmanın müəlliflərindən olan Rebekka Bernetin yaydığı rəsmi açıqlamada bildirilir. İntiharşünas, Stendford Universitetində psixologiya elmləri doktoru olan Rebekka Bernetin də müəllifi olduğu araşdırma "Journal of Clinical Psychiatry”da dərc olunub. Bernet və digər müəlliflər araşdırmaya 18-23 yaş arasında olan 50 tələbəni cəlb edib. Eksperiment üçün könüllülər xüsusi olaraq seçilib. Onların hamısı keçmişdə intihara cəhd edənlər və ya bu barədə düşünənlər olub. 4 həftə boyunca aparılan eksperimentdə iştirakçıların vaxtaşırı olaraq yuxu vərdişləri öyrənilib. Beləliklə müəyyən edilib ki, müxtəlif zamanlarda yatan və oyanan,  yuxusuzluqdan əziyyət çəkən gənclərdə daha çox intihar simptomları müşahidə edilir. Hətta bu vəziyyət onlarla pxisoloqların apardığı profilaktik söhbətlərdən sonra da davam edib. Depressiyanın fəsadları barədə söhbət aparılmasına baxmayaraq, yuxusu normal olmayan gənclər intihar fikrini beyinlərindən çıxara bilmədiklərini deyiblər. 

Yol qəzasından sonra ikinci...

Depressiya isə dünyada intiharların səbəbləri sırasında ilk yerdə dayanır. Mütəxəssislər bildirir ki, yuxunun pozulması da depressiyanın ilk əlamətidir. "Bunun ardınca isə intihar düşüncəsi gəlir. Buna görə də bu iki faktoru birlikdə öyrənmək lazımdır”,- deyə Rebekka Bernet bildirib. Hazırda onun da təmsil olunduğu komanda yuxusuzuğun müalicəsi və intihar haqqında fikirlərin qarşılıqlı surətdə aradan qaldırılması yolları üzərində işləyir. Bu həm də ona görə xüsusi əhəmiyyət daşıyır ki, intihar yol qəzasından sonra dünyada 18-29 yaşlı insanların ikinci ölüm səbəbidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son on ildə yuxusuzluğa və intihara aparan depressiya halları 20 faiz artıb və indi bu xəstəlik əlilliyə səbəb olan xəstəliklərin içində bütün dünyada birincidir. Təkcə 2015-ci ildə depressiya və dərin ruhi sarsıntı içində yaşayanların sayı 323 milyona çatıb. ÜST-nin izahına görə depressiya  davamlı qəmginlik və başqa adamlara adətən, sevinc gətirən fəaliyyətə marağın itməsidir. 

Bu vəziyyət isə insanı əmək qabiliyyətindən məhrum edir. Halsızlıq, iştaha küskünlüyü, maddələrdən aşırı istifadə, narahatlıq, lazımsızlığını düşünmək, özünə qəsd və intihar meyilləri depressiyanın əlamətidir. Depressiya isə insanı həyatdan küsdürərək ölümə yol açdığı kimi inkişafın da qarşısını alır. Depressiya ilə bağlı digər xəstəliklərin vurduğu qlobal ziyanın hazırda 1 trilyon dollar olduğu təxmin edilir. Hətta inkişaf etmiş ölkələrdə də depressiyadan əziyyət çəkənlərin 80 faizinə hələ də diaqnoz qoyulmayıb. Daha az inkişaf etmiş ölkələrdə isə bu rəqəm 90 faizdən də artıq olur.Yüksək gəlirlərə malik ölkələrdə intiharların 70-80 faizi, aşağı gəlirli ölkələrdə isə yarısı ruhi pozuntularla, ən əsası depressiya ilə bağlıdır.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları