Yuxarı

"Azərsu” xərclərini əhaliyə yükləyir

Abonentlərə işlətmədikləri suyun pulu yazılır

Anar Cəbrayıllı: "Su sayğaclarına baxılmadan yazılma halı yoxdur”

Elçin Həsənov: "Ödəməyə gedib abonent kodunu yazanda gözün kəllənə çıxır”

Son günlər "Azərsu” ASC-dən kifayət qədər abonent şikayətləri gəlir.Abonentlərin əksəriyyəti istifadə etdikləri su sərfiyyatına və sayğaca baxılmadan onlara ikiqat borcun yazılmasından gileylənirlər.Əsas məsələ isə ondan ibarətdir ki, abonentlərdən sayğacın göstəricisi soruşulmur.Sadəcə, məbləğin həcmi ilə bağlı ünvana ödəniləcək məbləğin qəbzi gəlir.Artıq bu problem bir çox ərazilərdə yaşanır.Abonentlərin çoxu suya görə sayğaca baxılmadan artıq borcun yazılmasından narahatdırlar.

Şikayətlənən abonentlərin sözlərinə görə, onlara artıq su pulu yazılması "Azərsu” ASC-nin son vaxtlarda başlamış hansısa fırıldağından xəbər verir.  Ay ərzində su sərfiyyatı üçün 4-5 manat ödəyənlər indi 15-16 manat borcla üz-üzə qalıblar. Artıq borcun yazılması səbəbini isə "Azərsu” əməkdaşları ilə heç cür aydınlaşdıra bilmirlər.Müraciət edəndə isə qurumdan abonentlərə bildirilir ki, ay ərzində istifadə olunan su sərfiyyatı ilə bağlı onlar qeydiyyat aparmır. Həmçinin, borcu ödəyən abonentlərə qurum tərəfindən  qəbz verilmir. 

Səbail rayon sakini Elçin Həsənov "Cümhuriyət” qəzetinə müraciət edərək iki  ay ərzində suya görə 27 manat borc yazıldığını deyib. Halbuki əvvəlki aylarda ay ərzində su sərfiyyatına görə 5 manat ödəyirdilər. Şikayətlənən abonent bu qədər fərqi anlamadığını bildirib: "Sayğaca baxmırlar, sayğacın kodunu soruşmurlar. Telefon vasitəsilə sadəcə olaraq sayğacda olan göstəricini soruşurlar.Hansı qayda ilə hesablayırlar, necə edirlər bilmirəm.Ödəməyə gedib abonent kodunu yazanda isə gözün kəllənə çıxır”.

Elçin Həsənovun sözlərinə görə, sözügedən problem Yasamal rayonunda yaşayan abonentlərdə də yaşanıb.Amma vəziyyətlə bağlı hara üz tutacaqlarını bilmirlər.

Bu günlərdə Hövsan sakini olan Rahib Mirzəyev tərəfindən daxil olan şikayətdə də  bildirilir ki, 2016-cı ilin dekabr ayının 8-dən qoyulan su sayğacına 2017-ci ilin fevral ayında üzərindəki istifadə həcminə baxılmadan 11 manat artıq borc yazılıb.

"Cümhuriyət” qəzeti vətəndaşların sayğacına baxılmadan artıq borc yazılması məsələsi ilə bağlı "Azərsu” ASC ilə əlaqə yaradıb. 

Qurumun mətbuat katibi Anar Cəbrayıllı deyib ki, su sayğaclarına baxılmadan yazılma halları yoxdur: "”Azərsu” Səhmdar Cəmiyyəti iyulun 14-dən başlayaraq yeni bir proqramın, müştəri informasiya sisteminin tətbiqinə başlayıb. Burada abonentlərin sayğacları, borcları, sərfiyyat göstəriciləri, ailə üzvülərinə görə hesablaşmalar tam avtomatlaşdırılıb.

”Azərsu” Səhmdar Cəmiyyətinin əməkdaşı evinizə gəlirsə və siz evdə olmursunuzsa, kod var, o yazır ki, yaşayış var, amma qapı açılmadı.Avtomatik müştəri informasiya sistemi orta sərfiyyat qiyməti çıxarır.Məsələn, ötən 3 ayın göstəricisinin orta sərfiyyatını çıxarır.Bir aya 30 kub olmaqla 90 kub sərfiyyat yanır.Ola bilər ki, vətəndaş həmin vaxt bağda olsun. Növbəti aylarda vətəndaş öz evinə qayıdanda, artıq su istifadə edəndə, işlətmədiyi 30 kub borcu müştəri informasiya sistemi avtomatik saxlayıbsa, növbəti 30 kub sərfiyyat etsə, o elə 30 kuba görə 15 manat borcu yaranacaq. Bunun hamısını o sistem tənzimləyir.Burda heç bir narahatçılıq yoxdur. Hər bir nəzarətçimiz onlayn post terminallarla təchiz olunub. Sistem vasitəsilə bu proses elə tənzimlənib ki, vətəndaş borcundan 1 qəpik əlavə borc ödəyə bilməz. Əgər kimsə bağa gedibsə və qayıdanda görürsə ki, qapısının üstündə 15 manat borc gəlib, o vətəndaş əmin olsun ki, bağdan qayıdıb sonra 15 manat su pulu işlədəndə artıq o əvəzlənəcək. Yəni ondan 30 manatdan deyil, cəmi 15 manat borc alınacaq.Proqramla bu avtomatik tətbiq olunur.Yəni burda mənim, "Azərsu” nun başqa əməkdaşının və ya qeyrisinin rolu yoxdur”.

Qurum rəsmisi əlavə edib ki, su sərfiyyatına görə yığılan borclar "Milliön”  terminallar vasitəsilə ödənməlidir. O, deyib ki, bu gün kimsə nəzarətçiyə pul verirsə, günah onun özündədir. 

Alçina Amilqızı





Həftənin ən çox oxunanları