Yuxarı

Azərbaycan mətbuatında ilk

Azərbaycan mətbuatında ilk

Akif Aşırlı: "Bu muzeydəki eksponatları 10 ildir ki, toplayıram”

Bu gün araşdırmaçı-jurnalist, "Şərq”qəzetinin baş redaktoru Akif Aşırlının təşəbbüsü ilə yaradılan Mətbuat Muzeyinin açılış mərasimi keçirilib.

Cebhe.info xəbər verir ki, Azərbaycan jurnalistikasında ilk sayılacaq muzeyin açılışı "Şərq” qəzetinin 5 otaqdan ibarət redaksiyasında baş tutub. Onu da deyək ki, Mətbuat Muzeyi Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümünə həsr olunub. 

Açılış öncəsi muzeydən reportaj hazırlamağı, həmçinin Akif Aşırlı ilə ərsəyə gətirdiyi məkanla bağlı söhbətləşməyi qərara aldıq. 

Öncə onu deyək ki, Azərbaycan mətbuat tarixinin hər dövrü redaksiyanın müəyyən otaq və dəhlizində öz əksini tapıb. Muzeydə sərgilənəcək eksponatların böyük hissəsi orijinal nüsxə, sənəd və fotolardan ibarətdir. Burada XIX əsrin sonu – XX əsrin əvvəlləri, AXC və sovet dövrü jurnalistikasına aid 150-dən çox dəyərli eksponatlar sərgilənir. "Ziya”, "Molla Nəsrəddin”, "Füyuzat”, "Açıqsöz”,” Dirilik” və s. kimi tarixi mətbu orqanlarımızın orijinal nüsxələrinin saxlanıldığı muzeydə ən yaşlı eksponatın 136 yaşı var.

Akif Aşırlı və kollektivinin "Şərq” qəzetinin o qədər də geniş olmayan 5 otaqlı redaksiyasında ərsəyə gətirdiyi Mətbuat Muzeyinin yaranma ideyasından danışır:

–Uzun müddətdir ki, mətbuat tarixinin təqdimi ilə məşğulam. İki cildlik "Azərbaycan mətbuatı tarixi”ni yazmışam. Bu işləri gördüyüm müddətdə mətbuat tariximizə aid eksponatlar yığırdım. Anadilli yazılı abidələrimizin müəyyən nüsxələrini toplayırdım. Bütün bunları yığan zaman da belə fikirləşirdim ki, nə zamansa bunlar bir eksponat şəklində gələcək işlərimizdə çox gərəkli ola bilər. Bu layihəyə görə mətbuatımızın bünövrəsini qoyan və onun inkişafına çalışan 15-ə yaxın maarifçilərimizin, ədiblərimizin portretləri yaradıldı. Bu işdə peşəkar rəssamların böyük əməyi oldu. Portretləri Türkiyə və Azərbaycanda çox tanınan Nəvai Mətin və gənc rəssam Vasif Səftərov hazırladılar. Məhəmməd Əmin Rəsulzadənin, Əhməd bəy Ağaoğlunun və Nəsir İmanquliyevin portretlərini isə fərqli rəssamlar çəkib. Topladığımız materiallardan əksəriyyəti orijinal eksponatlardır. Onların yalnız bir qismini yerləşdirə bilmişik. Bunların içərisində həm qəzetlər, həm də jurnalistlərə aid materiallar var.

1875-ci ildən 1918-ci ildə Azərbaycanda 45 adda mətbu orqan fəaliiyət göstəribsə, 2 illik Cümhuriyyət dövründə bu rəqəm 180-ə çatmışdı. Müsəlman Şərqinin ilk demokratik respublikası olan AXC dövründə jurnalistikaya verilən azadlıqlar hiss olunur. Həmin prosesdə iştirak edən insanlar və onların ideyaları bir otağa sığmaz. Amma biz məcburiyyətdən bu dövrün və mühacirət illərinin jurnalistikasını bircə otağa sığdırmağa borcluyuq. Çünki işimizi belə qruplaşdırmışıq, mətbuat tariximizin hər dövrü redaksiyamızın müəyyən hissəsində öz yerini tapacaq”. 

Akif Aşırlı ilə bərabər bir-bir otaqları gəzirik. O, böyük şövq və həvəslə bizi eksponatlarla tanış edir, tarixi haqqında məlumat verir. Nəzər yetiririk və belə qənaətə gəlirik ki, istənilən dövrə aid eksponatlar, nümunələr redaksiyanın açıq dəhlizinə, həm də ayrı-ayrı otaqlara xüsusi sevgi və zövqlə yerləşdirilib. Akif bəy deyir ki, bu hələ başlanğıcdır. Gələcəkdə digər eksponatlar sayəsində muzey daha da genişləndiriləcək: 

"Cümhuriyyət dövrünə aid orijinal qəzet və jurnallar var. Mühacirət dövrünün materiallarının əksəri isə orijinaldır. Bu muzeydəki eksponatları 10 ildir ki, toplayıram, cəmləyirəm. Muzeydə heç bir kitabda çap olunmayan heç bir yerdə işıqlanmayan sənədlər və onların fotosurətləri var. Bilirsiniz, işin həcmi həddindən artıq böyükdür. Sadəcə, maliyyə dayanıqlığı olmayanda, lazımı maddi dəstək tapılmayanada, işləməkdə də müəyyən qədər çətinlik yaranır. Bu ideyanı həyata keçirməkdə deputat Cavanşir Feyziyev bizə öz maddi dəstəyini göstərib”.

Eksponatlara nəzər salan zaman aralarında Azərbaycanın ilk peşəkar qadın jurnalisti Şəfiqə Əfəndizadənin kitabçasını görürül.  Həmçinin "İşıq” qəzetinin redaktoru Xədicə xanım Əlibəyovanın nəvəsi nənəsinə aid bir neçə orijinal fotoşəkil, qəzet nümunələri, sənədləri də muzeyə təqdim edib. 

Məşhur jurnalistimiz Osman Mirzəyevin masaüstü yazı dəsti də Lalə Osmanqızı tərəfindən muzeyə verilib. Mətbuat tarixçisi Şamil Qurbanova da aid əşyaları da burada görmək olar. Bir sözlə, muzeydə çox eksponatlar qorunur. Peşəkar poliqrafçı Şəddat Cəfərov da bir çox sənədlər, 60-cı illərə aid diktofonu eksponat kimi muzeyə təqdim edib. 

"Yusif Vəzir Çəmənzəminlinin nəvəsi Leyla Vəzir, bir müddət "Azərbaycan” qəzetinin baş redaktoru olan Xəlil İbrahimin qızı Güllər İbrahimova və Ünsizadələr nəslinin davamçısı Zaur Ünsizadə qonağımız olub, bizə sənəd, fotoşəkillər hədiyyə ediblər”, - deyə Akif bəy söyləyir.

Burada həmçinin, mətbuatımızın ilk aydınlarının - Həsən bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtinski, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Mirzə Ələkbər Sabir, Xəlil İbrahim, Xədicə xanım Əlibəyova, Şəfiqə xanım Əfəndizadənin portretləri var. Sadaladığımız bu portretlər muzeyə əlavə rəng qatır. Çünki mətbuatımızın müəyyən dövrləri məhz onların adı ilə bağlıdır. Biri romantik jurnalistika məktəbini, digəri realist-satirik istiqamətin əsasını qoyub. Bir başqası XX əsrin ilk anadilli qəzetini yaratmaqla, o biri isə jurnala rəhbərlik edən ilk qadın olmaqla ilklərə imza atıb…

–Akif bəy, sizcə, bu muzey jurnalistikamızda olan hansı mənəvi-ideoloji boşluğu doldura biləcək?

– Jurnalistikamız haqqında bəzən, mənfi fikirlər də səsləndirilir. Bunu aradan qaldırmağın yolu bu ənənələrə sədaqət göstərməkdir. Məsələn, Əli bəy Hüseynzadəni tanımayan jurnalist, qələm əhli milli məsələdə hər zaman axsayacaq.

Mətbuat tariximiz -  mədəniyyət, siyasət, düşüncəmizin inkişafı tarixidir. Tarix həm də mətbuatda yaşayır. Məhz buna görə də mətbuat tarixinə münasibət yaxşı mənada dəyişməlidir.
Hələ çox eksponatları qoya bilmirəm. Çünki maddi imkansızlıqdır. Stendləri düzəltməyə çox böyük vəsait lazımdır. Qəzetin maliyyəsindən kəsərək, muzeyi özümüzün imkanlarımız hesabına ərsəyə gətirmişik. Ənənəsiz cəmiyyətin heç bir sahəsində inkişaf yoxdur. Bəzilər yeni mətbuat nümunələri ortaya qoyurlar, yeni medianı, saytları alqışlayırıq. Çünki saytlar daha yaxşı texnoloji üstünlüklər verir. Ancaq bunun kökü olmalıdır. Yəni bu muzeyi yaradırıq ki, ənənələrimiz itməsin. Ən əsası, Azərbaycan mətbuatına, onun keçmişinə hörmət hissi yaransın. Cəmiyyət həmişə umduğu yerdən küsər. Xalq kimlərə səslənir? Yazıçılar, şairlər və jurnalistlərin üzərinə gəlir. Deyirlər ki, jurnalistlər hara baxır? Ancaq demir ki, bu icra başçısı və ya nazir hara baxır? Çünki bizdən umurlar. O baxımdan da çalışmalıyıq ki, cəmiyyətin etimadını doğruldaq. Məhəmməd Əmin Rəsulzadənin irsinə sahib olaq, layiq olaq. Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Məmmədağa Şaxtaxtinskinin... Onlar böyük şəxsiyyətlərdir, milləti formalaşdırdılar və dövləti qurdular. Azərbaycan jurnalsitləri fəxr etməlidir ki, Azərbaycan dövlətini, onun babaları, peşəsinin sahibləri qurub. Həsən bəy Zərdabi ənənəni qoydu. Məhəmməd Əmin Rəsulzadə həmin o nəzəriyyələri gətirdi, praktik işə, həyata keçirdi. Biz varislik iddiasında olmayınca, natamamlıq yaranacaq. Hamı gəlib, muzeyə baxsın, onlarda keçmişə hörmət hissi yaransın. 

Aytən Həsənova
Cebhe.info

P.S. Qeyd edək ki, iyulun 18-də artıq muzeyin açılış mərasimi keçirilib.





Həftənin ən çox oxunanları