Yuxarı

Maliyyə Palatası səlahiyyətləri əlində cəmləşdirir

Maliyyə Palatası səlahiyyətləri əlində cəmləşdirir

Əkrəm Həsənov: "Palatanın buna nəzarət etməsi tam doğru bir məsələdir”

Ötən il yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bank sisteminə nəzarət mexanizmini həyata keçirirdi. Ancaq bu qurumun fəaliyyəti müəyyən dövrlərdə ekspertlər tərəfindən tənqid edildi. Qeyd edək ki, ötən il 11 kommersiya bankının lisenziyasının ləğvi də məhz bu qurumun adı ilə bağlıdır. Sonradan maliyyə çatışmazlığı ilə üzləşən bankların bağlanma prosesinin dayandırılması da MBNP-nın imicinə müəyyən qədər zərbə vurdu. 

Cari ilin ilk aylarında Qeyri Hökumət Təşkilatlarına ayrılan qrantların bank hesablarından çıxırılmasını qadağan edən tapşırığın verilməsi isə QHT təmsilçilərinin ciddi narazılığına səbəb oldu. Sonradan QHT rəhbərlərinin rəsmi müraciəti təmin olundu və Palatanın bu qərarı ləğv edildi. Bu günlərdə isə Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni səlahiyyətlər verilib. Belə ki, artıq Maliyyə Bazarlarına Nəzarət Palatası öz səlahiyyətləri daxilində "Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in icrasına nəzarət həyata keçirəcək. Nazirlər Kabineti bununla bağlı "Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. Qeyd edək ki, indiyə qədər belə səlahiyyət "Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in icrasına nəzarət öz səlahiyyətləri daxilində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Xüsusi Dövlət Mühafizə Xidmətinə məxsus olub. Digər dəyişikliyə əsasən, fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində fəaliyyət göstərən fiziki şəxslərdən fəaliyyət müddətində və işdən çıxdıqdan sonra həmin məlumatların yayılmaması barədə yazılı iltizamın alınması fərdi məlumatlar işlənilən informasiya sistemləri qarşısında qoyulan əsas təhlükəsizlik tələbləri sırasından çıxarılıb.

Bəs Palatanın səlahiyyətlərinin artırılması bu qurumun fəaliyyətində hansı dəyişikliklərə səbəb olacaq?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə şərhində bunun elə də fövqəladə səlahiyyət olmadığını deyib. Ə.Həsənov hesab edir ki, bank sistemində vətəndaşların məxfi məlumatlarını qorumaq üçün bu qərarın verilməsi vacib idi:

"Məxfi məlumatların qorunması üçün "Fərdi məlumatlar haqqında qanun”a Maliyyə Bazarlarına Nəzarət Palatasının da adının salınması əslində yaxşı haldır. Burada söhbət vətəndaşlar haqqında məxfi məlumatların 3-cü şəxsə verilməməsindən gedir. Ümumiyyətlə, məxfi məlumatlarla işləyən qurumlar, şəxslər həmin məlumatları qorumalıdır. Məsələn, vətəndaş bankdan kredit götürəndə özü haqqında məlumat verir, şəxsiyyət vəsiqəsinin surətini təqdim edir. Əslində şəxsiyyət vəsiqəsində də fərdi məlumatlar var. Adicə qan qrupu haqqında məlumatda 3-cü şəxs üçün açıq deyil. Yəni, bank bu məlumatları qorumalıdır. Palatanın adının bu qanuna əlavə edilməsi, o, deməkdir ki, bank, sığorta, qiymətli kağızlar sahəsində buna nəzarəti məhz bu qurum həyata keçirməlidir. Bu ona görə vacibdir ki, banklar, sığorta və ya investisya şirkətləri vətəndaşların fərdi məlumatlarını qorusunlar. Hətta qanun tələb edir ki, bank müştəridən fərdi məlumatları almaq üçün razılıq ərizəsi alsın. Düzdür, banklar bu günə qədər belə bir ərizə almayıblar, qanunu pozublar. Mən "Antikollektor” şirkətinin rəhbəriyəm. Biz vətəndaşın fərdi məlumatlarını bazaya daxil etmək üçün ərizəyə qol çəkirik. Bizim də o, məlumatları qorumaq borcumuzdur. Hesab edirəm ki, Palatanın buna nəzarət etməsi tam doğru bir məsələdir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları