Yuxarı

Rusiyanın Lapşin oyunbazlığı

Rusiyanın Lapşin oyunbazlığı

Məhəmməd Əsədullazadə: "Əsassız arqumentlərlə Lapşinin azad edilməsinə çalışırlar”

Akif Nağı: "Lapşin ağ yalan danışır və sadəcə, vəziyyətdən çıxmağa çalışır”

Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə ounan blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmə prosesində Aleksandr Lapşin sərsəm açıqlaması ilə gündəmə gəlib. O deyib ki, Dağlıq Qarabağın işğal olunmasından xəbərsiz olub. Maraqlıdır, Azərbaycanın ərazi bütövlüyünü pozan çağırışlar edən Lapşinin belə bir fikir səsləndirməsi hansı məntiqdən xəbər verir?

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə bir neçə dəfə qanunsuz səfərlər edən erməni separatçılarının təbliğatını aparan dörd ölkə vətəndaşı, eləcə də Aleksandr Lapşinin fəaliyyəti beynəlxalq qanunlara həmçinin, Azərbaycanın suverenliyinə zidd addımdır: "Təbii ki, Azərbaycan öz işğal olunmuş ərazilərinə qanunsuz səfər edən jurnalist və digər şəxslər haqqında hüquqi ölçü götürür. Qeyd edim ki, blogger Lapşinun Qarabağa səfəri sırf buradakı rejimin təbliğat ruporu olduğu üçün Azərbaycan qətiyyətli addım atmalı idi. Buna görə də onu beynəlxalq axtarışa vermişdi. Belarusda həbs edilən blogger Azərbaycana təhvil verildi. Məhz bu istiqamətdə Azərbaycan öz haqlı arqumentləri ilə onun ekstradisiya edilməsinə nail oldu.

Azərbaycan Cinayət Məcəlləsi ilə həbs edilən bloggerə qarşı ittihamlar qanun çərçivəsində olmaqla ona verilən cəza digər qanunsuz işğal olunmuş ərazilərə səfər edən şəxslərə də presedentdir. Lapşinin məhkəmə gedişində Qarabağın işğalda olmasından xəbərsiz olduğunu qeyd etməsi, əslində Rusiyanın və səfirliyinin öyrətdiyi plan üzrə getməsindən xəbər verir. Çalışırlar ki, Lapşinin bununla cəzasını azaltsınlar. Rusiya digər əsassız arqumentlərlə Lapşinin azad edilməsinə çalışır. Ona görə də bloggerin əsası olmayan çıxışlar etməsi, heç nəyi dəyişməyəcək. Ona verilən cəza qüvvədə qalmalı və proseslə bağlı Azərbaycan qətiyyətli addımlar atmalıdır”. 

Politoloqun sözlərinə görə Lapşin üzərindən Moskva Azərbaycana təzyiq etmək istəyir: " Hesab edirəm ki, Azərbaycan Rusiyanın bu qanunsuz tələblərinə hüquqi cavab verməlidir. Bu mənada Rusiyada yaşayan erməni lobbiçiləri daha da canfəşanlıq edir ki, Lapşin azad edilsin. Ona gorə də Azərbaycan heç bir halda cəzası bitməyənə qədər bloggeri Rusiyada cəzasını çəkmək üçün təhvil verməməlidir”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə deyib ki, Lapşin ağ yalan danışır və sadəcə vəziyyətdən çıxmağa çalışır: "Özünü müdafiə şəklini o cür qoyub. Amma Dağlıq Qarabağın işğal şəraitində Azərbaycanın icazəsi olmadan gedənlərin hamısı məqsədli addım atıblar. Təbii ki, onlar ora təmənnasız da getməyiblər. Müəyyən məbləğ qarşılığında ora gediblər ki, qondarma Dağlıq Qarabağ rejimini təbliğ etsinlər. İstər blogger, istər jurnalist, istərsə də parlament üzvü olsun ora erməni mərkəzlərinin sifarişi və pulu ilə gedirlər. Birbaşa onların sifarişini yerinə yetirir. Fikrimcə, Lapşinin bu fikirləri yalnış bir açıqlamadır. Başdan-ayağa yalandır və özünü müdafiəyə yönəlib. Ötən məhkəmələrdə biz də getmişdik. Məhkəmənin qarşısında aksiya keçirdik, balaca Zəhranın şəkillərini qaldırıb tələb etdik ki, bu cür körpəni qətlə yetirən rejimi bu insan müdafiə edir. Məhkəmə sədrindən ona ömürlük həbs cəzasının verilməsini yazılı şəkildə təqdim və tələb etdik. Onun ifadə etdiyi heç bir kəlməyə inanmaq lazım deyil və qanun çərçivəsində ən ağır cəzanın verilməsini istəyirik. Başqalarına da dərs olsun ki, bu şəkildə işğalçı, terrorçu, vəhşi bir rejimə xidmət etməsinlər”.

Xatırladaq ki, prokuror A. Lapşinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı deyib ki, A. Lapşin cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Azərbaycanın hüdudlarından məcburi şəkildə kənarlaşdırılmalıdır.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. A.Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları