Yuxarı

Təhlükə: Sellofanı əridib dodaqlara vururlar

Təhlükə: Sellofanı əridib dodaqlara vururlar

Süni gellər qadınlarda böyük problemlər yaradır

Gülnar Zeynallı: "Pasiyentlərə də süni gelin fəsadlarından danışırıq, onları bundan çəkindiririk”

Dodaq formasının korreksiyası, ya da belə demək mümkünsə, dodaqların böyüdülməsi hazırda ən geniş yayılmış və dəbdə olan əməliyyatdır. Cebhe.info xəbər verir ki, sadə görünməsinə baxmayaraq, bu prosedur yalnız kosmetik klinika şəraitində və çox yüksək dərəcədə ixtisaslaşmış, kifayət qədər təcrübəsi olan həkim-kosmetoloq tərəfindən yerinə yetirilməlidir. Qeyri-peşəkarlıqla edilən bu əməliyyat dodaqların asimmetriyasına, üzün eybəcərləşməsinə, ağır allergik reaksiyaya səbəb ola bilər. Dodaqların böyüdülməsi və onların korreksiya edilməsi əməliyyatının əks göstərişləri var: 
İstifadə edilən komponentlərin fərdi şəkildə uyğunsuzluğu.

Hamiləlik və laktasiya.
Əvvəllər keçirilmiş allergik şok.
Dəridə çapıqların əmələ gəlməsinə meyillilik.
Preparatın daxil edildiyi yerdə iltihabın olması.
Qan laxtalanmasının pozulması.
Bədən temperaturunun artması.
Hər hansı bir xəstəliyin kəskinləşməs
i.

Məhz ona görə də bu əməliyyatı yerinə yetirməzdən öncə həkim pasiyenti diqqətlə müayinə etməlidir.

Dodaq ölçüsünün böyüdülməsi əməliyyatı sizdə ilk dəfə olaraq yerinə yetirilmirsə, bu barədə də həkimə məlumat vermək lazımdır.Çünki ilk dəfə aparılan əməliyyat zamanı istifadə edilən preparat 2-ci dəfə yeridilməli olan preparatla uyğun gəlməyə bilər.Dodaq ölçülərinin artırılması və onun formasının korreksiya edilməsi, dodaq toxumasına "doldurucu” adlanan xüsusi preparatların (biopolimer, poliakrid gel, buğa kollagenindən hazırlanmış preparatlar, gialuron turşusu əsasında hazırlanmış preparatlar və s.) daxil edilməsi ilə əldə edilir.

Hazırkı dövrdə həkim kosmetoloqlar bu məqsədlə əksər hallarda gialuron turşusu əsasında hazırlanmış preparatlardan istifadə edirlər.Gialuron turşusu orqanizmin özündə də hazırlanır.Bu maddə dərinin nəmliliyinə, möhkəmliyinə, elastikliyinə cavabdehlik daşıyır, dəri hüceyrələri tərəfindən kollagenin istehsal edilməsinə kömək edir. Gialuron turşusu orqanizm üçün "doğma” olduğu üçün ondan istifadə edilməsi zamanı allergik reaksiyanın əmələ gəlməsi ehtimalı az olur.

Dodaq ölçüsünün artırılması prosesindən əvvəl həkim-kosmetoloq pasiyentin özü ilə müzakirə etməklə dodaqların formasını seçir.Daha sonra həkim dodaq nahiyələrini iynə vurmaqla və ya xüsusi gel və ya kremlərdən istifadə etməklə ağrısızlaşdıraraq, nazik iynələrlə hazır olan preparatı dəri altına yeridir.Dodaq ölçülərinin artırılması əməliyyatı orta hesabla 30-dəqiqəyədək davam edir.Əməliyyatın nəticəsini yalnız bir neçə gündən - dodaq nahiyəsindəki şişkinlik keçdikdən sonra tam şəkildə qiymətləndirmək olar.Gialuron turşusu əsasında hazırlanmış preparatlardan istifadə etməklə dodaq ölçülərinin artırılması əməliyyatını bir müddət keçdikdən sonra təkrar etmək lazımdır.Çünki, bu maddə tədricən sorulur.Aparılan əməliyyatın effektivliyi daxil edilmiş preparatdan, qadının yaşından, orqanizmin xüsusiyyətlərindən asılı olaraq, 6 aydan bir neçə ilə qədər saxlanıla bilər.

Dodaq ölçülərinin artırılması üsullarından biri də dodaq toxumasına biopolimer və ya poliakrid gellərin daxil edilməsindən ibarətdir.Daxil edilən bu preparatlar sonradan sorulmadığı üçün bu üsul daha uzun müddət ərzində effekt verir. Bu preparatlardan istifadə edilməsinin əskikliyi isə, onlardan istifadə etdikdə allergik reaksiyaların inkişaf etməsi və daxil edilən preparatın digər sahələrə yayılması riskinin  yüksək olmasıdır. Bunun nəticəsi olaraq dodağın forması da dəyişilə bilər.

"İbn Sina” klinikasının həkim-kosmetoloqu Gülnar Zeynallı Cebhe.info-ya açıqlamasında biopolimer və bu kimi sintetik gellərin əks təsirindən danışıb. Mütəxəssis xanımlarımıza tövsiyyə edir ki, dodaq dolğusunda mütləq peşəkarlara müraciət etsinlər: "Mən süni gellərdən istifadə etmirəm. Pasiyentlərə də süni gelin fəsadlarından danışırıq, onları bundan çəkindiririk. Deyirik ki, süni gellər adi sellofanın ərinmiş variantıdır... Yəni insanları fikrindən daşındırırıq”.

Həkim-kosmetoloq onu da söylədi ki, biopolmer gelin dodaqdan 100 faiz xaric olunması mümkün deyil:

"Bu gellər dodaqdan nə cərrahiyyə, nə də preparatlar vasitəsilə birdəfəlik olaraq getmir. Pasiyenti götürəndə, deyirəm ki, gel 100 faiz olaraq ərimir.Sadəcə olaraq, dodaqda olan fibroz toxumanı, şişkinliyi aradan qaldırır.Əgər aparatla müayinə etsək, orada yenə də biopolimer aşkarlanacaq.Sadəcə, yaranan fəsadı aradan qaldırmaq olur.Eləcə də əməliyyatla bunu etmək mümkündür.Əməliyyatdan sonra da müayinə etsən, dodaqda 40-50 faiz biopolimer aşkarlanır.Sadəcə, dodağı balacalaşdırırlar. Bu proses zamanı cərrah fibroz toxumanı götürür, yaranan fəsadı aradan qaldırır. Toxumaya birləşib qalan biopolimer isə yerindəcə qalır.Yəni biopolimer dodaqlardan 70-80 faiz gedir.Əməliyyatla olanda bir dəfəyə aradan qalxır.Preparatla isə bir neçə dəfəyə dodaqlar düzəlir.Yəni deməyim odur ki, istər cərrahi müdaxilə, istərsə də preparatlarla müalicə eyni nəticəni verir.Pasiyent əməliyyatdan sonrakı tikişlə əziyyət çəkir.Amma preparatlarla bu problem olmur.Gəlir, keyidici vurulur, ardınca preparat vurulur.2-3 saat şişkinlik olur.1 ay ərzində dərman dodaqdakı toxumanı əridir”.

Aytən Həsənova





Həftənin ən çox oxunanları