Yuxarı

"Qara bazar”ın gizlinləri

Natiq Cəfərli: ""Qara bazar”ın olması ölkənin bank, maliyyə sistemində yaranan problemlərin təzahürüdür”

Fərqanə Mehmanqızı: "Qanunsuz fəaliyyət göstərən məkanlara üz tutan insanların özgüvən problemləri var”

Ölkədə baş verən iki kəskin devalvasiyadan sonra bankların valyuta mübadiləsinə qadağalar, məhdudiyyətlər tətbiq etməsi maliyyə bazarında fərqli mənzərə yaratdı. Bazarda yaranan valyuta ajiotajı əhali arasında da panika yaratdı. Bankların həmin dövr üçün yalnız dollar alışı həyata keçirməsi, satmaması "qara bazar”ın çiçəklənməsinə səbəb oldu. Bankların valyuta satışı həyata keçirmədiyi bir dövrdə dollar əldə etmək istəyən hər kəs "qara bazar”a üz tuturdu. Bu isə bazarda məzənnə artımına səbəb olurdu. Ötən ilin aprel-may aylarında manatın dollara nisbətdə məzənnəsi 1.92 civarına qədər yüksəldi. 

Sonradan bu problemi aradan qaldırmaq üçün hökumət "qara bazar” əməliyyatına başladı və bu problemin qarşısı müəyyən qədər alındı. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının Cahangir Hacıyevdən sonra İdarə Heyətinin sədri olan Elman Məmmədov məhz "qara bazar”a pul ötürdüyü üçün vəzifədən kənarlaşdırıldı. Həmin dövrdə hökumətin Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması üçün ayırdığı 1 milyard dolları gəliri əldə etmək üçün "qara bazar”a ötürmüşdü.

Ancaq hökumətin "qara bazar” əməliyyatının nəticəsi çox uzun sürmədi. "Qara bazar” iştirakçıları yenidən aktiv fəaliyyətə başlayıblar. Belə ki, "28 May” metrostansiyası ətrafında yenə də əvvəlki qayda da "qara bazar” açıq şəkildə fəaliyyət göstərir. Yolunu həmin ərazidən salan hər kəs açıq şəkildə bunun şahidi ola bilər. Ətrafda kifayət qədər təhlükəsizlik əməkdaşları olsa da "qara bazar” iştirakçıları heç buna məhəl qoymurlar. Belə demək mümkündürsə rahat şəkildə öz alverlərini edirlər. Müştəriləri də kifayət qədərdir. Məzənnə ilə bir az oynamaqla, aşağı və ya yuxarı qiymətə satış həyata keçirməklə özlərinə müştəri də yığmağı bacarırlar. Əslində bunun üçün "qara bazar” iştirakçılarının manipulyasiya etmək imkanları daha çoxdur. Çünki "qara bazar” adına uyğun olaraq vergidən yayınmaq, əlavə xərclərdən qurtulmaq anlamına gəlir ki, bu da birbaşa olaraq dövlətə vurulan ziyandır. Banklar vasitəsilə valyuta mübadiləsi aparılan zaman bu əməliyyatlardan əldə olunan gəlirdən dövlət büdcəsinə vergi ödənilir. "Qara bazar”da isə bu kimi şərtlər yoxdur və ya pozulur.

Ekspertlər hesab edirlər ki, əslində "qara bazar”ın çiçəklənməsində maraqlı olan tərəf məhz bankların özüdür. Çünki əllərində olan valyutanı daha yüksək qiymətə (oxu: vergi xərcləri ödənilmədiyi üçün gəlir yüksək olur) satmaq üçün "qara bazar”a ötürürlər. Hökumətin "qara bazar” əməliyyatlarında da bir sıra bankların adı hallanırdı. "Qara bazar”la mübarizənin yolları haqqında müxtəlif zamanlarda yazılar, xəbərlər yazılıb. Ancaq bir məsələ hər zaman diqqətdən kənarda qalıb. Nəzərə alsaq ki, "qara bazar”da dollar və digər xarici valyutalar banklarda göstərilən məzənnədən hər 100 dollar üçün 1 manat çox olur. Hal-hazırda isə bankların əksəriyyəti dollar satışı həyata keçirir. İqtisadi göstəricilərə görə son 2 ayda dollara təlabatda azalma müşahidə olunur. Bəs vətəndaşları "qara bazara” üz tutmağa nə vadar edir?

Ekspertlər bunu daha çox banklarda müəyyən məbləğdən sonra şəxsiyyət vəsiqəsinin, yəni rəsmi qeydiyyatın tələb olunması ilə əlaqələndirirlər. "Qara bazar”da isə bu cür rəsmi, qanuni prosedurlara ehtiyac olmur.  

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, valyutadəyişmə məntəqələri fəaliyyətə başlasa, "qara bazar” sıradan çıxacaq.

Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası məhz bu istiqamətdə mexanizm işləyib hazırlamalıdır: "Qara bazar”ın olması ölkənin bank, maliyyə sistemində yaranan problemlərin təzahürüdür. Normal bank sistemində heç vaxt "qara bazar” yarana bilməz. Doğrudur, bu gün banklardan maneəsiz dollar almaq, satmaq olur, ancaq şənbə-bazar günləri, işdən sonra müəyyən çətinliklər yaranır. O, zaman "qara bazar” daha da canlanır. Digər səbəb isə ondan ibarətdir ki, banklardan dollar alıb-satarkən şəxsiyyət vəsiqəsi tələb olunur, bəzi müqavilələrə imza atılır kimi xəbərlər dolaşır. Bizim vətəndaşlar da obrazlı desək, imza atmağa həvəsli deyillər. Ona görə də bu cür rəsmiyyət olmadan valyuta əməliyyatlarını həyata keçirməyə daha çox üstünlük verirlər.

Digər tərəfdən "qara bazar”la banklar arasında məzənnə fərqi o qədər də ciddi olmasa da alış və satış arasında fərq banklarda daha yüksəkdir. Bu da təbii prosesdir. Çünki bankların xərcləri, vergisi var. Amma "qara bazar”la məşğul olan şəxs heç bir ödəniş etmir. Ona görə "qara bazar”da daha az marja qoymaq imkanları var ki, bu da cəlbedici amillə çevrilir. Valyutadəyişmə məntəqələri haqqında qərar verilsə də 500 manat lisenziya xərci müəyyənləşdirilsə də bunun mexanizmi işlənib hazırlanmayıb. Maliyyə Bazarlarına Nəzarət Palatası bu haqda normal hüquqi akt qəbul etməyincə, bu sahədə də çatışmazlıqlar qalacaq. Hesab edirəm ki, bu sahəyə diqqət yetirilsə, valyutadəyişmə məntəqələri açılsa, "qara bazar” avtomatik şəkildə sıradan çıxacaq. Bu bazar qaydalarına uyğundur. Normal şəkildə rəqabət yaranarsa, "qara bazar”ın fəaliyyətinə heç kim ehtiyyac duymayacaq”.

Məsələnin psixoloji tərəfi də önəmli faktorlardan biridir. Psixoloq Fərqanə Mehmanqızı "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qanunsuz fəaliyyət göstərən məkanlara, yerlərə üz tutan insanların özgüvən problemləri var: "Bu cür insanlar hər zaman qanunsuz əməllərə əl atırlar. Məsuliyyət hissi daşımayan, dövlət, millət maraqlarından kənar olan şəxslər üçün bu adi hal görünür. İradə zəifliyi yaşayan insanlar cəmiyyətdə bu cür əməllərin yayılmasında böyük rol oynayırlar”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları