Yuxarı

Alış-veriş xəstəliyi- Oniomania

Alış-veriş xəstəliyi- Oniomania

Dünyada hər 10 insandan biri bu xəstəliyi daşıyır alis veris Ehtiyacınız olmadığı təqdirdə yeni əşyalar almaq istəyirsinizmi? Endirimləri görəndə gözləriniz parlayırmı? Almaq istədiyiniz əşyanı aldıqdan sonra içinizdə sevinc, rahatlıq yaranırmı? Bəs ala bilmədikdə özünüzü pis hiss edirsinizmi? Vitrinlərindəki “endirim”, “sale” yazılarına aldanıb olan-qalan pulunuzu mağazalarda qoyub çıxanda necə, yüngüllük hiss edirsinizmi? Əgər belədirsə, siz xəstələnmisiniz. Xəstəliyinizin adı isə belədir: “alış-veriş düşkünü”. Ekspertlər “alış-veriş xəstələri” adlandırdıqları insanları xarakterizə edərkən deyir ki, bu cür insanlar alış-veriş etmək istəyəndə dünyanın ən xoşbəxt insanı olurlar, aldıqları hər şey onları inanılmaz rahatladır, sevindirir. Amma alıb qurtardıqdan sonra, yəni evə qayıdan kimi aldqları hər şeyə görə peşman olurlar, xərclədikləri pula görə peşmançılıq hissi yaşayırlar, amma sonra hiss etdiyi bu peşmanlığı özündən uzaqlaşdırmaq üçün yenə alış-veriş edirlər. Çünki onlar özlərini yalnız bu cür xoşbəxt hiss edir. Bu vəziyyət hər dəfə təkrar olunur, nəticədə borc, israfçılıq yaranır və heç vaxt geyinilməyən paltarlar dolabda köhnəlir.   alis veris2Xəstəlik daha çox müasir ruhlu, yenilikci, səhər 8-dən gecə 10-a qədər işdə olan və pula düşkün ailələrdə rastlanır. Yəni, uşağının bütün ehtiyacını maddiyyatla həll edə biləcəyini düşünən ailələrin uşaqlarında daha çox rastlanır. Bütün gün işləyən ata, ana övladlarına lazımı məhəbbəti, qayğını verə bilmədiyi üçün özünü günahkar hiss edir və bu hissi pulla, qiymətli hədiyyələrlə ört-basdır etməyə çalışır. Elə bu səbəbdəndir ki, bu ailədə uşaqlar alış-veriş düşkünü olur, mənəvi boşluğu nəyisə satın almaqla doldurmaq istəyirlər. Xəstəliyin başlanma yaşı 17-30 yaş aralığındadır və ən çox qadınlarda rast gəlinir. Dünyada hər 10 nəfərdən birində bu problem var.   Araşdırmalar göstərir ki, qadınlar kişilərə nisbətdə daha çox mağaza gəzir, ilk gördüyünü almır, qərar verənədək bir çox vitrinə baxır, mağazalara girib-çıxır. Elə öz yaxınlarınıza nəzər salaraq ətrafınızdakı qadınların demək olar ki, hamısının alış-veriş sevdiyini, amma kişilərin bu kimi marağının olmadığını görərsiniz. Elə buna görə də, kişilər gördükləri və bəyəndikləri ilk köynəyi alırsa, qadınlar gördükləri və bəyəndikləri ilk köynəyi almayıb bir neçə mağaza gəzəndən sonra geri qayıdaraq ilk bəyəndiyini alır.   Əvvəllər nəyisə alanda hansısa ehtiyacın ödənilməsi nəzərdə tutulurdusa, son illərin kapitalist ölkələrində bu ənənə tərsinə işləyir. İndi səhərdən axşam saatlarınadək qapalı ofislərdə işləyən kişilər özünü rahatlatmaq üçün bir çox yola baş vurur, idman zalına gedir, dəniz kənarında gəzir, dostlarla görüşüb çay içir. Bəs qadınlar?   Bir çox qadın mənəvi boşluq hiss edəndə, depressiyaya düşəndə ya saçlarını kəsdirir, ya qarderobunu yeniləyir. Bəzən isə qadınlar qətiyyən ehtiyacı olmayan əşyalara pul xərcləmək istəyir, yəni aldıqlarınmdan çox onları pul xərcləmək rahatladır. Aldıqları geyimi bir dəfə belə geyinmədən başqalarına hədiyyə edir, daha sonra isə borcla “boğuşur”.   Psixoloq Aydın Əzimov deyir ki, "XXI əsrin xəstəliyi" adını almış bu problem bu gün inkişaf etmiş ölkələrin çoxunda var və ölkənin iqtisadiyyatının inkişafına xidmət etdiyi üçün dövlət səviyyəsində  ciddi narahatlıq hiss olunmur: “Bir çox psixoloji araşdırmanın nəticəsində məlum olur ki, nəsə almaq, pul xərcləmək insanın kədərini azaldır, sevinc hissi yaradır. Amma qətiyyən qəzəb və acığı soyutmur. Bir çox qadın kədərlənəndə onu xoşbəxt edən şeyi etmək istəyir, alış-veriş də buna daxildir. Elə qadın var kədərlənəndə şirniyyat bişirir, eləsi var ev təmizləyir, qadın var ki, özünü qəmgin hiss edəndə yalnız şokalad yeyir. Alış-veriş düşkünlüyü də bu problemlərdən biridir, qadın özünü yüngül hiss etmək üçün nə gəldi alır, pul xərcləyir. Amma pulu xərcləyəndən sonra daha çox qəmlənir. Həm aldıqlarını bəyənmir, həm də pula heyfi gəlir”.   Alış-veriş əsnasında insanın beynində “endorphin” adlı hormon çoxalır, bunu alimlər “xoşbəxtlik hormonu” adlandırır. Müsahibizmiz deyir ki, bu hormon bir çox səbəblərdən yüksələ bilir: “İdman edəndə, günəş enerjisi qəbul edəndə, masaj zamanı və həqiqi xoşbəxt olduğumuz  anlarda beynimizdə “endofrin” hormonu yüksəlir. Qəribə burasıdır ki, nəyisə qazanmaq, almaq, nəyəsə sahib olmaq istəyi zamanı da  bu hormon yüksəlir. Araşdırmalara görə, qadınlar həm də daha çox menstruasiya dönəmində nəsə almaq istəyində olur. Bunun səbəbi də hormonlardakı dəyişiklikdir. Qadınlar normal zamanlarda qənaətcil olduqları halda aybaşı dönəmlərində pul xərcləmək, alış-veriş etmək hərisinə çevrilirlər”.   Psixoloq deyir ki, bu xəstəlik təkrar-təkrar baş qaldıra bilir: “Bu bir növ asılılıqdır. Qadınlar mağaza vitrinlərindən, alış-veriş mərkəzlərindən asılı hala düşür. Əgər pul olmasa, alış-verişə gedə bilməsə həyatı ətrafındakılara və özünə zəhər edir. Heç vaxt geyinməyəcəyi geyimləri, istifadə etməyəcəyi əşyaları almaq artıq onda xroniki hala çevrilib.  Bu cür zamanlarda onlar borca, kreditə girib pul xərcləyincə özünü rahat hiss edir, amma aldıqlarını evə gətirən kimi də peşman olurlar. Axır illərin kredit imkanları, mağazalarda nağd yox, kartla hesablaşma bu problemi daha da böyüdüb. “Onsuz da nağd deyil” düşüncəsi ilə kartlara borcu yükləyən insanlar ay sonunda qəbzləri görəndə, bank işçisindən zəng gələndə bütün aldıqlarına görə peşmanlıq hissi keçirirlər. Amma bu hiss bir anlıq olur, çünki o hissi yox etmək üçün yenə alış-verişə baş vururlar”.   Qeyd edək ki, bu xəstəliyin diaqnozu ilk dəfə 1915-ci ildə qoyulub, adına da “oniomania” – yəni “satın almaq xəstəliyi” deyilir. “Oniomania”ya mübtəla olmuş insanların demək olar ki, çoxusu xəstə olduğunu bilmir. Bir çoxu həyatını o formada davam etdirir, ömrünün sonunadək alıb yığır, amma bir çox alış-veriş düşkünü vaxtında psixoloji dəstək alaraq problemindən qurtulur. Sadəcə, peşəkara müraciət etmək, problemi demək və yardım istəmək lazımdır.   Lalə Mehralı





Həftənin ən çox oxunanları