Yuxarı

AZAL-ın monopoliyasına son qoyulacaq?- YENİLİK

AZAL-ın monopoliyasına son qoyulacaq?- YENİLİK

Razi Abbasbəyli: "Aşağıbüdcəli biletlər üzrə sifarişlər 2-3 ay öncədən ödəniləcək”

Azərbaycan Hava Yolları (AZAL) biletlərinin bahalığı ilə hər zaman müzakirə predmetinə çevrilib. Hətta müstəqil ekspertlər AZAL-ın qiymət siyasətini dəyərləndirərkən aviaşirkətin müflis ola biləcəyi ehtimalını da bildirib. Çünki AZAL-ın xidmət keyfiyyətini yüksəltməklə qiymətləri bahalaşdırması onun ziyanına işləyir.Qiymət artımı bu şirkətin xidmət sahəsindəki fəaliyyətinə kölgə salır.Aviabiletlərin bahalığı Azərbaycanda turizmin inkişafına da mane olan amillərdən birinə çevrilib.

Bununla yanaşı Azərbaycanda aşağıbüdcəli aviaşirkətlər də fəaliyyət göstərir.Bunlardan biri AZAL-ın struktur bölməsi olan "Buta Airways” aviaşirkətidir.Əsası 2016-ci ilin dekabrında qoyulsa da, aviareysin Bakıdan Tbilisiyə ilk uçuşu sentyabrın 1-də yerinə yetiriləcək.Məlumata görə "Buta Airways”in bütün istiqamətləri üzrə yekun minimal qiymət bir tərəfə cəmi 29 avro təşkil edəcək.Bu ilin oktyabrında marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq."Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edəcək. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə  qeydiyyatdan keçirilən baqajı daşımaq mümkün olacaq. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edəcək.Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunacaq. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkün olacaq. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkün olacaq.

Maraqlıdır, ucuz "Buta Airways” AZAL-ın törəməsi olaraq onu sıradan çıxara biləcəkmi?

İqtisadçı-ekspert Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə bildirib ki, ucuz aviaşirkətlər AZAL-ı sıradan çıxara bilməz:

"Ölkə başçısının imzaladığı logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində 2020-ci ilədək olan dövrdə danışıqlar aparılmaqla, "Airbus” və "Embraer” tipli köhnəlmiş təyyarələrin yenilənməsi nəzərdən keçiriləcək. Aidiyyəti qurumlar beynəlxalq və yerli təyinatlı hava limanlarının infrastrukturunun təkmilləşdirilməsi üçün qısa və uzunmüddətli planlar hazırlayacaq, o cümlədən, Heydər Əliyev Beynəlxalq Aeroportunda infrastruktur imkanlarının genişləndirilməsini həyata keçirəcəklər.Görüləcək tədbirlərdə regionların strateji inkişaf tələbləri də nəzərə alınacaq.Hazırda AZAL-ın istifadə etdiyi təyyarələr kifayət qədər baha alınıb.Göstərilən xidmətlər də Avropa standartlarına uyğundur.Bəzən turizmin inkişafı, iqtisadi və sosial baxımından qiymət məsələsi tənqid olunur.Amma obyektivlik ondan ibarətdir ki, bu gün AZAL-ın fəaliyyət göstərən təyyarələri və sərnişinlərə göstərilən xidmətlər Avropa səviyyəsindən də üstündür.Bu baxımdan qiymətlər aşağı deyil.Bununla yanaşı logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində 2017-ci ilin sonuna qədər aşağıbüdcəli aviaşirkətin yaradılması üçün təyyarə parkının qurulması istiqamətində işlərin görülməsi və bu sahəyə xarici investorların cəlb olunması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.Bütün bu proseslər mərhələli şəkildə həyata keçiriləcək.Aşağıbüdcəli biletlər üzrə sifarişlər 2-3 ay öncədən ödəniləcək.Öncədən ödənişlər AZAL-ın büdcəsinə əlavə gəlirlərin daxil olması deməkdir."Buta” aviareysi AZAL-ın tərkibində yaranmış hələ ki, pilot layihədir.Bunun AZAL-ın fəaliyyətinə müsbət təsirləri var, nəinki mənfi”."Buta” aviareysinə qədər Azərbaycanda bir sıra aşağıbüdcəli aviareyslər fəaliyyət göstərib və yaxud da fəaliyyət göstərə bilməsi üçün danışıqlar aparılıb.Hazırda bilinən və ya bilinməyən səbəblərdən o şirkətlər ya bağlanıb, ya da danışıqlar baş tutmayıb.Bir müddət fəaliyyət göstərəndən sonra "Buta” aviareysini də eyni aqibət gözləyə bilərmi?

İqtisadçı bildirib ki, faktiki olaraq Azərbaycanın aviasiya sektoruna investisiya qoymaq imkanı kifayət qədər genişdir:

"Hər hansı bir xarici şirkətin bu sahəyə investisiya qoymasına və yüksək məbləğdə gəlir əldə etməsinə ehtiyac yoxdur. Azərbaycan aşağıbüdcəli aviareyslərin təşkilinə dövlət büdcəsindən investisiya qoyub gəlir əldə edə bilər.Bəzən iqtisadçılar Gürcüstanı, Ukraynanı, Ermənistanı Azərbaycanla müqayisə edirlər.Nəzərə almaq lazımdır ki, hər üç ölkənin iqtisadi vəziyyəti Azərbaycanla müqayisə olunmaz dərəcədə aşağı səviyyədədir.Gürcüstan dövlətinin investisya qoymaq imkanı olmadığına görə aşağıbüdcəli şirkətlərə müraciət edir.Amma Azərbaycan dövlətinin bu sektora investisya qoymaq imkanları kifayət qədərdir. Cari ildən etibarən bu sahədə ilkin olaraq proseslərə start veriləcək və aşağıbüdcəli biletlərin satışının həyata keçirilməsi baş verəcək”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları