Yuxarı

Dindar, ateist, mövhumatçı Azərbaycanın məşhurları: Kim nəyə inanır?

Dindar, ateist, mövhumatçı Azərbaycanın məşhurları: Kim nəyə inanır?

Hər kəs bir şeyə inanır, dünyada elə bir insan yoxdur ki, nəyəsə inanmasın. Məsələn, allahın, yaxud yaradan gücün, enerjinin varlığını birmənalı şəkildə rədd edən ateist də bu yoxluğa inanır. Hər halda insanın içində müəyyən bir inam var. Bu, bir çox vaxt özünü dini inanc kimi ortaya çıxarsa da bir sıra hallarda başqa formalarda özünü göstərir. Əlbəttə, inanc ümiddir və çox vaxt insanı da inancı, yaxud özünəinamı xilas edir. Çox vaxt isə inandığı yox, inancı əlini hər şeydən üzmüş insana böyük ümid qapısı açır. 

Öz sevdiyinə inananlar da var. Məsələn, bir az poetik düşünən insanlara görə, sevdiyi insan onu bir sözü ilə məhv edən, bir sözü ilə yenidən yaradan tanrıdır. Belələri həyatlarının sonunadək uzunmüddətli məhvolma və yenidən yaradılma prosesinin içindən çıxa bilmirlər. Hər halda sevgi də bir inancdır. Başqa sözlə, 90%-dən çoxunun islam inanclı olduğu Azərbaycanda da insanların baxışlarında inanclar özlərini ayrı-ayrı şəkillərdə göstərir. Bu ölkədə satanizmdən buddizmə, islamdan xristianlığa, iudaizmdən sintoizmə, özünəinamdan inanılan inamsızlığa qədər hər inamın bir daşıyıcısı yaşayır. "Cümhuriyət” qəzeti öz sahələrinin tanınmışlarından onların inancları və bu inanclarla bağlı fikirlərini öyrəndi.

"Heç bir qüvvəyə inanmıram”

Şair Aqşin Yenisey bildirib ki, qədim türklərdə iradə anlayışı inanc anlayışından üstün idi; istər bu, istər o biri həyatı qazanmaq üçün türklər inancına yox, iradələrinə güvənirdilər: "İnanc qədim yəhudilərdə fironun iradəsinə dirəniş göstərmək üçün kütlənin birliyini qorumaqdan ötrü siyasiləşdirdikləri təlimdir. İbrahimi dinlərdə inanc həmişə siyasətin bir növü olub kütlənin gücünü yönəltməyə xidmət edir. İnanc, bir növ, vahid komandanlıq altında hərəkət etmək üçün bir hərbi təlimdir. Bu gün də inanc kütlələr üçün hərbi doktrina rolu oynayır, fərdlərə gəlincə, onlar olmayan iradələrinin yerini inancla doldururlar. Məsələn, mənim ətrafımda arağı tərgitmək üçün iradəsinə güvənməyib, onu dini inancla əvəz edən xeyli sayda tanışlarım, dostlarım var. Fərd üçün inanc iradənin əvəzləyicisidir. Mən dinin yerinə insan iradəsinin qoyulmasını təklif edirəm. Məsələn, gəlin bütün dinlərin nəfs anlayışına baxaq. Görünən odur ki, heç bir inanc nəfsi idarə edə bilmir, dünyanın ən varlı adamları dindar adamlardır. Nəfsin öhdəsindən yalnız insan iradəsi ilə gəlmək olar. Azərbaycanda bütün rüşvətxorlar allaha inanan adamlardır, hətta aralarında dəfələrlə həcc ziyarətinə gedənlər var. Bəs niyə xalq çörək dərdi çəkir? Çünki cəmiyyətimiz inanclı, amma təəssüf ki, iradəsiz cəmiyyətdir. Valideynlərimiz qızını, oğlunu belə nəfsinə görə evləndirirlər. Yəni, təkcə rüşvət alanlar xarab deyil, bütünlüklə milli psixologiya zaydır. Mənim özümə gəldikdə, insan iradəsi xaricində heç bir qüvvəyə inanmıram”.

"Kritik məqamlarda dua edirəm”

Yazıçı Rasim Qaracanın sözlərinə görə, insanlığın 100 min illik xəyal məhsulu olan tanrıya bir az inanır: "Kritik məqamlarda dua edirəm, başqa vaxtlarda yada salmıram, münasibətlərimizin sərbəstliyini qorumağa çalışıram. Öz bəndəsiylə sərbəst olan tanrı daha böyükdür".

"Ateistəm”

Rəssam Fərhad Yalquzaq da dini inancının olmadığını deyib: "Dini inancım yoxdur, ateistəm. İnandığım bir şey var: bu humanizmdir. Yəni, indiyə qədər heç bir din dünyada davamlı sülhün bərqərar olmasına öz töhfəsini verə bilməyib. Buna yalnız humanizm, yəni, insan qayğısı və sevgisilə çatmaq olar. Din olan yerdə heç bir zaman daimi sülh olmayacaq. Dinlərin yeri artıq muzeylər olmalıdır”.

"Ədalətə inanıram”

Jurnalist Fatma Abbasquliyeva dini inancının olduğunu diqqətə çatdırıb: "Allaha, onun ədalətinə hər şeyi yerbəyer etdiyinə və edəcəyinə inanıram. Mənim inancım ilahi ədalətdir”.

"Allaha inanıram”

Jurnalist Fərahim İlqaroğlu allaha inandığını inkar etmir: "Allaha, onun peyğəmbərlərinə, göndərdiyi müqəddəs kitablara inanıram”.

"İnanıram ki...”

Ateist kimi tanınan satirik şair Mirzə Sakit isə inancını bu cür ifadə edib: "İnanıram ki, payızdan sonra qış gəlir”.

Deist və aqnostik

Jurnalist Xalidə Gəray dini inancı olmadığını, lakin Allaha inandığını bildirib.

Yazıçı Aqşin Evrən isə özünü aqnostik hesab edir.

"Ümidini itirmə, dua et”

Jurnalist Əfsanə Şükürovaya görə, dünyada yaxşılar qalib gələcək: "İstənilən halda, istənilən işdə yaxşılar qalib olacaqlar. Ən azından ədalətin bərpa olunacağı günün gələcəyinə inanıram. Yaşadığımız müddətdə çox haqsızlıqlarla qarşılaşırıq. Əgər bir gün hər şeyin yaxşı olacağına inanmasaq, ümidimizi itirsək, hər şey çox  çətin olar. Gözəl bir deyim var, ümidini itirmə, dua et. İnanc olaraq isə Allahın varlığına və onun hər şeyi gördüyünə inanıram”.

"Bayquşa soğan atırıq ki, bəd xəbər gətirib”

Aktyor İbrahim Türksoy müsəlman olduğunu bildirib: "Dini inancım islamdır, Allaha inanıram, onun qüdrətini təkzib etmirəm. Daha dəqiq nüanslara baş vurası olsaq, o zaman biz xiyar çiçəyinə də, canlı və cansız əyşalara da inanırıq. İndiki vəziyyətdə, hətta, ağac budağına, əski parçasına, heyvan təzəyinə səcdə edəcək qədər çaşmışıq. Biri cüt asqırır, bundan özümüzə təsəlli tapırıq. Pişik qabağımızdan keçəndə özümüzü itiririk, eşşək anqırır bunu da hansısa inanca bağlayırıq. Ağaca əski bağlayıb gözlərimizdən yaşı selləmə axıdırıq ki, nəsə olsun. Kartla fala baxan fahişələrin də ətəklərindən öpürük. Bayquşa soğan atırıq ki, bəd xəbər gətirib. Başqa sözlə, bu çaşqın vəziyyətdə olan cəmiyyətin nəyə inandığını bilmək mümkün deyil”.

"Allaha yaxın adamam”

Şair Faiq Balabəyli bütün inanclı adamlara hörmət etdiyini düşünür: "İnanc, həm də mənim üçün daxili inamımın mənə diqtə etdiyidir. Mən əslində namaz qılmamışam, oruc isə 2-3 dəfə elə-belə 2-3 günlük tutmuşam. Amma özümü Allaha yaxın adam saymışam və sayacam da. Çünki çoxları səcdəyə gedib namaz qılıb, oruc tutub, yaxud hardasa, kiminsə yanında ağızdolusu dindən, imandan danışıb əməllərində dünyanın ən bivec, tərbiyəsiz, əli və ürəyi əyri olduğu halda, mən çalışmışam bunun tam əksi olam. İnancım bir şeyədir; sözsüz ki, Allahın varlığına və böyüklüyünə inanıram. Amma niyə bu yaradan yaratdıqıarrının içinə bu qədər hərislik və naxələflik toxumu səpib? Hələ də başa düşə bilmirəm”.

"Şans daha yaxşıdır”

Rəssam Nəvai Mətinə görə, insan ilk növbədə özünə güvənməlidir: "Belə bir söz var, mənim zəifliyim başqalarına daha çox dəyər verməyimdə deyil, özümə lazımi qədər dəyər verməməyimdədir. Yəni, insan ilk növbədə özünə güvənməlidir, inanmalıdır, bundan sonra ətrafındakılara inanmalıdır. Dini mövhumatdan uzağam. Məni dini gözdən salan hərəkətlər daha çox qıcıqlandırır. Savadsız dindarların cəfəngiyyatlarını eşidəndə bunları deyən savadsıza yox, onu dinləyənlərə daha çox yazığım gəlir. Buna görə də özümə inamım sonsuzdur, amma insanda şans olsa daha yaxşı olar”.

"Təhsilə, ədalətə və enerjiyə inanıram”

Araşdırmaçı-jurnalist Aynur İmran bildirib ki, həyat yaşandıqca insanda bir çox məsələlərlə bağlı betonlaşmış inancların yaranmasına səbəb olur: "Yaşadıqlarımız, gördüklərimiz müəyyən məsələlərdə təcrübə ilə gələn fikirlər topluluğu yaradır. Mən məsələyə tək dini baxımdan yanaşmıram. Məsələn, enerjiyə inanıram, pozitiv enerjinin də, neqativ enerjinin də insana özünəbənzərləri çəkdiyinə iananəram. Təhsilə inanıram. Təhsilin insanda bir çox şeyi dəyişdiyi kimi bir çox qapalı qapıları da açmaq gücünə inanıram. İnanıram ki, şəxsiyyətsiz və alçaq insanlar heç vaxt dəyişmir. Yəni, insan xislətinin dəyişməməsinə inanıram. Bundan başqa, ədalətə inanıram. İnanıram ki, haqsızlıq hər hansı bir şəkildə, tez, ya da gec cəzasını tapır. Yəni, inanclar müxtəlifdir”.

"Tanrıya "atam” deyirəm”

Jurnalist Bəxtiyar Əlirzayev vurğulayıb ki, vicdandan kənar nə baş verirsə, bəşəriyyətin ziyanına baş verir: "Buna əminəm. Müqəddəs saydığımız istənilən şəxs vicdansız olsaydı, müqəddəslik bir şey qalardımı? Əlbəttə, yox. Biz bəlkə də yeganə millətik ki, həmişə tək tanrıya inanmışıq. Bu baxımdan tanrıçılığa daha meyilliyəm. Çünki orda zorakılıq yoxdur, səndən tələb olunan əsas şey insanlıq mahiyyətini itirməməkdir. Tanrıya "ata” deyib sığınırsan, "qulunam” demirsən. Bəlkə də elə buna görə idi ki, 127-dən artıq dövlət və imperiya qurmuşduq. 

"Qul”luğu qəbul edəndən sonra mahiyyətimiz dəyişdi. Sahiblənmə və sığınma anlayışımız da dəyişdi. Elə bil aşılanıb, cilalandıq. Xüsusiyyətlərimiz də beləcə bər-bəzəyə çevrildi. Elə böyük mənada vicdanımız da. Qısacası, mən Allaha - tanrıya "atam” deyəndə, daha rahat oluram. Bu yer üzündə yaradılan hər şeyi yaxşı mənada sahiblənməyimə, qədrini bilməyimə imkan verir. Və şəxs olaraq özümü tamamilə vicdanımın idarəsinə verə bilirəm. Bundan başqa hansısa həqiqi yolun olduğuna qəti inanmıram”.

"Yeganə ümid yerim odur”

Siyasətçi Mehriban Sadıqova da Allaha inanır: "Ən böyük inancım, güvən yerim, üz tutduğum, ümid bəslədiyim yeganə məbəd Allahdır”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları