Yuxarı

Səhiyyəmiz ana və uşaqları qoruya bilmir

Səhiyyəmiz ana və uşaqları qoruya bilmir

Respublika Prenatal Mərkəzin direktoru Sevinc Məmmədova: "Əsas səbəb əhalinin öz sağlamlığına səhlənkar yanaşmasıdır”

Son zamanlar Azərbaycanda ana ölümlərinin sayı artıb. Lakin Səhiyyə Nazirliyi bu rəqəmin az olduğunu bildirir. Dövlət Statistika Komitəsi ötən il doğuş zamanı nə qədər ananın dünyasını dəyişməsi ilə bağlı hesabatında qeyd olunur ki, ölkə üzrə hər 100 min nəfər diri doğulana 13,8 ana ölümü qeydə alınıb. Ümumilikdə ötən il üçün 22 ananın doğuş zamanı dünyasını dəyişdiyi bildirilir. 2015-ci ildə bu rəqəm 24 olaraq göstərilib və qeyd olunub ki diri doğulan hər yüz minə 14,4 ana ölümü qeydə alınıb.

Dövlət Statistika Komitəsinin hesabatında konkret olaraq yeni doğulmuş körpələrin ölümü faktları haqda məlumat yazılmasa da, ümumi olaraq qeyd edilir ki, 1958-ci ildən başlayaraq 2006-cı ilədək ölkədə kənd yerləri ilə müqayisədə şəhərlərdə körpə ölümü daha az qeydə alınıb. Əlavə olaraq qeyd olunur ki, son illərdə əks tendensiya, yəni bu rəqəmlərin şəhər yerlərində daha çox olması müşahidə edilir.

Son ay yarımı əhatə edən bir müddətə nəzər salaq: 

Nə qədər ana doğuş zamanı dünyasını dəyişib?

İyulun 5-də 7 saylı doğum evində qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirən Turanə Məmmədova doğuş zamanı dünyasını dəyişib.İyulun 14-də isə bənzər olay Sumqayıtda yaşanıb.Ana doğuşdan sonra dünyasını dəyişib. Mərhumun yaxınları 1988-ci il təvəllüdlü Məmmədova Gülsüm Ramil qızı körpəni dünyaya gətirdikdən sonra dünyasını dəyişməsinə səbəb kimi həkim səhlənkarlığını göstərir.

Qeyd edək ki, bundan bir gün öncə də Azərbaycanda doğuş faciəsi baş verib.Respublika Perinatal Mərkəzində Şamaxı rayon sakini, 1984-cüil təvəllüdlü Bəkirova Kəmalə Kazım qızı doğuş vaxtı vəfat edib.33 yaşlı qadınla birgə bətnindəki körpəsi də ölüb. Avqustun 9-da isə 1986-cı il təvəllüdlü, Bakı şəhər sakini, Zeynəb Sabir qızı Əligülova doğuş zamanı körpəsi ilə birgə dünyasını dəyişib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində baş verib.Nazirlikdən bildirilib ki, hazırda baş verən hadisə ilə bağlı araşdırma aparılır.Yaxın müddətdə nazirlik tərəfindən hadisənin başvermə səbəbi açıqlanacaq.Ötən gün isə Tovuzda qeysəriyyə əməliyyatından sonra narkozdan komaya düşən ana ölümü qeydə alınıb.

Tovuz rayon Yanıqlı kənd sakini, 1988-ci il təvəllüdlü Əliyeva Oksana Hafiz qızı 12 gün əvvəl qeysəriyyə əməliyyatından sonra dünyaya oğlan uşağı gətirib. Qadın əməliyyat zamanı vurulan narkozdan komaya düşüb.Reanimasiya şöbəsində koma vəziyyətində qalan qadın bu gün dünyasını dəyişib.Qeyd edək ki, bu O.Əliyevanın 2-ci doğuşu olub, bundan əvvəlki hamiləliyində də bir oğlan uşağı dünyaya gətirib.

Son ay yarımda ana ölümü ilə nəticələnən doğuşlardan oğlan uşaqlarının dünyaya gəlməsi bir məqama diqqətimizi çəkir.Təkcə iyulun 5-də baş verən ana ölümünün səbəbləri açıqlanarkən bildirilib ki, qadın oğlan övladı dünyaya gətirmək üçün bir neçə dəfə abort etdirib.Bətninə düşən bu körpənin oğlan olduğunu bilərək onu saxlayıb.Nəticədə anemiyalı körpə dünyaya gəlib.Bu isə o deməkdir ki, baş verən ana ölümlərində öncələr edilən abortların, xüsusən də seliktiv abortların rolu danılmazdır.

Ana ölümlərinin əsas səbəbləri nədir, bu istiqamətdə nazirlik tərəfindən hansı işlər görülür?Bunu araşdırmaq üçün Səhiyyə Nazirliyinə sorğu göndərdik. Respublika Prenatal Mərkəzin direktoru Sevinc Məmmədova suallarımızı cavablandırıb.

-Öncə ana ölümlərinin statistikasından danışaq.

-Azərbaycanda 3 səviyyəli doğuşayardım sistemi təşkil olunub. Perinatal mərkəzlər üçüncü səviyyəli doğuşayardım müəssisəsi olduğundan əsasən yüksək risk qrupuna daxil olan hamilə qadınlar üçün nəzərdə tutulub. Risk qrupuna daxil olan hamilə qadınlara hazırkı hamiləliyi fəsadlarla müşayiət olunan qadınlarla yanaşı, hal-hazırda hamiləliyi fəsadsız keçən, lakin anamnezində mamalıq ağırlaşmaları olan qadınlar da aiddir.Respublika Perinatal Mərkəzi ilə yanaşı, regionlarda 6 Perinatal Mərkəz də fəaliyyət göstərir.Regional Mərkəzlərdə fizioloji hamilələrin faizi yüksəkdir, belə ki, əksər hallarda Regional Perinatal Mərkəz fəaliyyət göstərdiyi bölgənin yeganə doğuşayardım müəssisəsidir.Son illərdə istər ana ölümü göstəricisi, istərsə də uşaq ölümü göstəricisində azalma qeyd olunur. Onu deyə bilərəm ki, 2016-cı ildə ilk dəfə olaraq ana ölümü göstəricisi 14/100000 diri doğulan səviyyəsindən aşağı olaraq 13,8/100000 təşkil edib. Perinatal ölüm səviyyəsinə gəldikdə - 2015-ci ildən yeni diridoğulma meyarlarına keçidlə əlaqəli olaraq artıq hamiləliyin 22 həftəsindən sonra yenidoğulmuşun ölüm halı perinatal ölüm göstəricisinə daxil edilir.Buna baxmayaraq perinatal ölüm göstəricisində nəzərəçarpan artım qeydə alınamyıb.

-Ana ölümlərinin ilkin səbəbləri nədir?

-Ana ölümlərinin ilkin səbəblərini iki qrupa bölmək olar: Bir qrup səbəblər hamiləlikdən öncə qadında mövcud olan xəstəliklərdir. Məsələn, anadangəlmə ürək qüsurları, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri , revmatizm, bir sıra irsi qan xəstəlikləri, epilepsiya, vərəm. Adətən, bu qrup xəstəliklər hamiləlikdən öndəki dövrdə gizli keçir və yalnız hamiləlik zamanı özünü biruzə verir.Hamilə qadınlar bunu hamiləliyin gedişi hesab edərək həkimə müraciət etmirlər.Xəstəlik ağır dekompensasiya mərhələsinə çatdıqda artıq gec olur və çox vaxt hamilə qadına yardım ləngiyir.İkinci qrup səbəblər yalnız hamiləliklə əlaqəlidir və yalnız hamiləlik vaxtı üzə çıxır.Məsələn, hamiləlik hipertenziyası, hestasion diabet, hamiləlik proteinuriyası, preeklampsiya, eklampsiya, ciftin vaxtından əvvəl ayrılması.Bu xəstəliklər vaxtında araşdırılıb, yardım göstərildikdə qadının həyatını xilas etmək mümkündür.Bu səbəbdən respublikada mövcud olan antenatal qulluğa dair tövsiyyələrdə göstərilir ki, hər bir hamilə ilk gündən qadın məsləhətxanasında qeydiyyata düşməlidir, mütəmadi olaraq həkim nəzarətində olmalıdır, vaxtı-vaxtında müvafiq müayinələrdən keçməlidir.Hər bir normal hamiləlikdə antenatal qulluq 7 gəlişdən ibarətdir.Lakin müayinələr zamanı hər hansı bir patologiya aşkarlanarsa, həkim müvafiq stasionara daha həcmli və dolğun müayinə və müalicə məqsədi ilə göndəriş verərək hospitalizasiya etməlidir.

-Araşdırmalar zamanı nələr aşkarlanıb?

-Araşdırma zamanı məlum olur ki , hamilə qadınlar və onların yaxınları əksər hallarda hospitalizasiyadan imtina edirlər və nəticədə təəssüf ki, bədbəxt hadisə baş verir. Əsas səbəb əhalinin öz sağlamlığına qarşı səhlənkar yanaşmasıdır, həkimə gec müraciətdir. Əsas səbəb hamiləliyə əks-göstəriş olduğu halda qadının hamıdan gizlədərək hamiləliyini davam etdirmək qərarı verməsidir, hamiləliyə hazırlıq aparmadan hamiləlik qərarı verilməsidir,  ailə planlanması üsullarından istifadə olunmaması və nəticə etibarilə çoxsaylı abortların olmasıdır ki, bu da növbəti hamiləlik zamanı qanaxmaların inkişafının risk faktorudur. Təəssüf ki, bəzi ailələr elə düşünürlər ki, əgər öz bölgəsində hamiləliyi başa çatdırmaq məqsədilə müraciət edirsə, elə orada da ona xidmət göstərilməlidir.Bəli, hamilə qadına onun vəziyyətinə uyğun olan tibb müəssisəsində xidmət göstərilməlidir.

Lakin ola bilər ki, onun yaşadığı bölgədə ona və ya onun bətnində olan körpəyə xidmət göstərmək imkanı olmasın, çünki o müəssisə I səviyyəli doğuşayardım müəssisəsidir. Bu halda onun köçürülməsi ailə tərəfindən narazılıqla qarşılanmamalıdır.Təəssüf ki, hər gün belə problemlərlə üzləşirik.Ana ölümünün azaldılması istiqamətində əsas işimiz - hamiləlikönü hazırlıq, antenatal dövrdə keyfiyyətli xidmət və ailə planlanması xidmətinin səviyyəsinin yüksəldilməsidir.Eyni zamanda stasionarda çalışan mama-ginekoloqların və doğuşayardım müəssisələrinin anestezioloq-reanimatoloqlarının da bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində işlər davam etdirilməlidir.Bu sahədə tibbi xidmətin təkmilləşdirilməsi ilə bağlı mütəmadi işlər aparılır.

Nigar Məhərrəm

P.S: Qeyd edək ki, ölkədə hər həftə demək olar ki, bir neçə ana ölümü ilə bağlı xəbər yayılır. Bu zaman isə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin yaydığı məlumatların həqiqəti əks etdirmədiyini söyləmək olar.





Həftənin ən çox oxunanları