Yuxarı

Efirdə küçə söhbətləri

Efirdə küçə söhbətləri

Qulu Məhərrəmli: "Aparıcı səviyyəli olmalı, məişət danışığından yüksəkdə dayanmalıdır”

İllərdir yerli telekanallarda nümayiş olunan müxtəlif səpkili, əsas da şou xarakterli verilişlərin yayımlanması ətrafında müzakirələr səngimək bilmir.Cebhe.info xəbər verir ki, tez-tez bu qəbildən olan verilişlərin dayandırılmasına və ya səviyyəsinin yüksəlməsinə yönəlik fikirlər səslənir, polemikalar qızışır.Telekanallar, xüsusən, şou-biznes proqramları yüksək kürsülərdən tənqid olunur, efiri mənasız verilişlərlə doldurmaqları ilə bağlı sərt ittihamlar eşidilir.

Hər telekanalın öz verilişi üçün məsuliyyət daşımasından ötrü tövsiyələr səslənir.Amma nəhayətdə heç bir nəticə əldə olunmur.Efirlərdə yayımlanan hansısa veriliş bağlanır, üstündən bir müddət keçən kimi əvvəlkindən daha bərbad olanı ekranlara gəlir.Milli Televiziya və Radio Şurası (MTRŞ) bununla bağlı guya lazımi tədbirlər görür.Bir çox verilişlər, bağlanır və ya konkret aparıcılara xəbərdarlıq olunur. Amma çifayda, köhnə hamam, köhnə tas...

MTRŞ rəsmiləri tərəfindən "Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin imkan verdiyi dərəcədə aparıcıların efirdəki davranışlarına nəzarət edirik” - deyilsə də, nəticə göz önündədir.Demək olar ki, əksər telekanallar və aparıcılar qanunun tələblərini kobud şəkildə pozurlar.

Bir zamanlar yerli TV-lərdə maraqlı əyləncəli, maarifləndirmə xarakterli verilişlər olardı. "İndi efiri xoşqədəmlər, zaurlar, mətanətlər, əkiz bacılar, elgizlər əlinə alıb...” - deyənlər də az deyil. Artıq bayağı verilişlər, məişət səviyyəsində danışan aparıcılar, avtomobilini, villasını və sevgilisini reklam edən mənasız müğənniləri izləməkdən deyəsən, hamı yorulub axı?!
Məsələnin acınacaqlı tərəflərindən biri də odur ki, Azərbaycan televiziya kanallarının əksəriyyəti müxtəlif telekommunikasiya peykləri vasitəsilə dünya auditoriyasına çıxır. Bütün dünya aparıcılarımızın, müğənnilərimizin "mədəniyyət”ini görür...

Jurnalist-teletənqidçi Qulu Məhərrəmli də bu fikirlə razılaşır ki, televiziya sahəsində nöqsanlar həddindən artıq çoxdur: "Həmin nöqsanlar da yüngülvari reaksiya kimi bir başqasını doğurur. Tamaşaçıların da xeyli hissəsini telekanallardan döndərir.Ya başqa telekanallara, ya da "YouTube”-da kinoya baxır, internetdə nəsə başqa bir verilişi izləyir.Bir sözlə, televiziyaya çəkilən xərc, qoyulan maya auditoriyaya yönəldilən mesajlar effektsiz və təsirsiz olur.Xüsusən də yay aylarında televiziyalarda ciddi bir yaradıcılıq böhranı olur.Yeni mövsümə hazırlıqla əlaqədar efirdə köhnə verilişlər nümayiş etdirilir. Bütün bu nöqsanların qarşısını almağın bir yolu var: peşəkarlıq! Hazırladığın veriliş və mövzudan asılı olmayaraq, ortaya peşəkarlıq qoymaq lazımdır.Peşəkarlıq qəbul olunmuş efir standartlarına əməl etməkdir.Qəzetin, radionun və televiziyanın yaradıcılıq standartları var. Təəssüf ki, televiziyada bu standartlar pozulur.Yəni elementlər yerində olmur.Məsələn, aparıcı, səviyyəli olmalıdır.Məişət danışığından yüksəkdə dayanmalıdır.Davranış tərzi nümunəvi olmalıdır.Kamera qarşısında özünü normal aparmağı bacarmalıdır.Bütün bunlar olmadıqda təbii ki, ciddi narazılıq meydana çıxır.Mənə elə gəlir ki, televiziya rəhbərləri buna ciddi diqqət yetirməlidirlər”.

"Xəzər” televiziyasında yayımlanan 5/5 verilişinin aparıcısı Zaur Kamaldan söz salan Q.Məhərrəmli "Qonaqlarla o cür davranmaq olmaz”, - deyir: "Əlbəttə, evdə, məişətdə istədiyin kimi - ərkin varsa,  necə istəsən, davrana bilərsən. Bütün hallarda ekranda olan adam simpatiya və antipatiyasını gizlətməlidir. İkinicisi, adi etik qaydalar var. Yəni bizim televiziyadakı, ekrandakı davranışlarımız həyatdakı davranışımızın davamıdır.Amma bu ölçülü-biçili bir davranışdır.Aparıcılar "səmimiyəm” bəhanəsi pərdəsi altında bu cür narazılıq doğuran davranışlardan çəkinməlidir”.

Q.Məhərrəmli televiziya rəhbərlərinin şou proqramlara üstünlük verməsini doğru hal hesab etmir: "Əvvəla, yanaşmanın özü yanlışdır. Televiziya, xəbər proqramı da verir, şou verilişi də təqdim edir.Bəli, bizdə şou proqramlar üstünlük təşkil edir.Söhbət ondan gedir ki, yayımlanan bu şou proqramın özü bəlli bir standarta cavab verməlidir.Şou lağlağı, bayağılıq deyil, ciddi dramaturji proqram növüdür.Proqram da standartlara uyğun hazırlanmayanda bu cür hallar ortaya çıxır”.

Və sonda... Düşünürük ki, aparıcılar telekanalların simasıdır.Bu mənada onlar telekanalların ictimaiyyət arasında nüfuzunu artıra da bilər, azalda da.Aparıcıların efirdəki davranışı isə birbaşa telekanalların özlərinin mənafeyi ilə bağlı olan məsələdir.Belə olan halda isə telekanal rəhbərliyi daha diqqətli olmalıdır. Diqqətli olmalıdır ki, tamaşaçını itirmək bir yana, zövqlər korlanmasın. Sonra da deməsinlər ki, indi nəyə baxırlarsa, onu göstəririk...

Aytən Həsənova





Həftənin ən çox oxunanları