Yuxarı

Səhiyyəmizin bu günü: Reallıqlar

Səhiyyəmizin bu günü: Reallıqlar

Səhiyyə Nazirliyi bu faktları təkzib edə bilərsə, mətbuatı məhkəməyə versin 

"Cümhuriyət” qəzetində və Cebhe.info xəbər portalında dərc olunmuş "Səhiyyəmiz ana və uşaqları qoruya bilmir” başlıqlı yazıya Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən qəribə reaksiya gəlib. Şöbə bildirir ki, nazrilik  bu yazıya görə adıçəkilən media qurumlarını məhkəməyə verəcək. Qeyd edək ki, yazıda son illərdə doğuş zamanı həyatını itirən ana və uşaqların sayının artdığı, rəsmi statstik rəqəmlərin isə reallıqdan daha aşağı olduğu vurğulanır.

Onları da narahat edən bu cümlədir. Cümlədə nə var ki? Burada hansısa məhkəmə predmeti yoxdur. Xırda bir detala toxunaq. Hələ də evdə doğuşlar var və biz bilmirik onlardan nə qədəri sağlam uşaq dünyaya gəirir. Yaxud neçə ana uşaq dünyaya gətirəndə həyatla vidalaşır. Bunu heç Səhiyyə Nazirliyi də bilmir. Deməli, statistik rəqəmlərdə fərq olduğu qaçılmazdır. Belə olan halda çıxıb izahat verməkdən, rəqəmləri deməkdən, yaxud açıqlama yayıb bir daha bəyan etməkdən ki, ölüm faizi bu qədərdir və statistik rəqəmlərə şübhə etməyə dəyməz, əksinə, bu cümlə xoşumuza gəlmir deyə, mətbuatı məhkəmə verəcəyik nə deməkdir?

İndi keçək o məsələyə ki, səhiyyəmizin real durumu necədir? Azərbaycan səhiyyə sisteminin real durumu əslində göz qabağındadır. Ölkədə hər kəs səhiyyə sistemində ciddi problemlərin olduğunu bilir.  Vaxtaşırı yanlış diaqnoz səbəbindən həyatını itirən şəxslərlə bağlı xəbərlər mətbuat səhifələrini bəzəyir. Son illər bəzi hökumət rəsmiləri, məşhur simalar, imkanlı şəxslər müalicə üçün xarici ölkələrə üz tuturlar. Nisbətən aztəminatlı ailələr isə müalicə üçün  İrana gedirlər.  Statistik rəqəmlərdə də göstərilir ki, müalicə üçün İrana üz tutan azərbaycanlıların sayında hər il artım müşahidə olunur. Bu faktın özü də Azərbaycan səhiyyəsində ciddi problemlərin olduğunu göstərir.

İyunun 9-da  dünyasını dəyişən Azərbaycanın energetika naziri Natiq Əliyev də müalicə üçün Türkiyəyə aparılmışdı. Yayılan məlumatlarda qeyd olunurdu ki, Bakıda (Mərkəzi Neftçilər Xəstəxanasında-müəll.) Natiq Əliyevin  müalicəsi düzgün aparılmadığı üçün onun həyatını xilas etmək mümkün olmayıb. Digər tərəfdən müalicə üçün xarici ölkələrə, xüsusilə, Almaniya, İsrail, ABŞ, Türkiyə və digər inkişaf etmiş ölkələrə üz tutan hökumət rəsmilərinin də sayı kifayət qədər çoxdur. 

Cari ilin aprel ayında İsrail mətbuatı baş nazirin müavini Abid Şərifovun İsrail xəstəxanalarının birində müalicə aldığını yazdı.

Qeyd edək ki, baş nazirin 77 yaşlı müavini ürəyində yaranan problemlər səbəbindən Bakıdakı xəstəxanaların birinə yerləşdirilmişdi. Lakin onu müayinə edən yerli mütəxəssislər müalicə üçün İsrail kardioloqlarına müraciət etməsini məsləhət görüblər.

Bu cür misalların sayını kifayət qədər artırmaq olar. Məsələn, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun 2015-ci ildə İsveçrədə, bir neçə il qabaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Türkiyədə müalicə olunduğu barədə məlumatlar yayılmışdı. Hətta bir çox məmurlar dərmanları belə Azərbaycandan deyil, xaricdən gətizdirirlər.

Azərbaycandan xaricə Səhiyyə Nazirliyinin xətti ilə nə qədər xəstə göndərilir? Elə 2-3 gün bundan öncə aktyor, rejissor Ramiz Əzizbəyli Hacı Nuranın dəstəyi ilə Türkiyəyə müalicəyə göndərildi. Əməkdar artist, diktor Rafiq Hüseynov harda müalicə olunur? 

Digər tərəfdən azərbaycanlı məşhurlar ən sadə əməliyyatları belə (oxu: plastik əməliyyatlar, liposakşın, qırışların götürülməsi və.s) xarici həkimlərə həvalə edirlər. Bu siyahıda isə ilk yeri Rusiya və Türkiyə səhiyyəsi bölüşür. Bu günlərdə səhhətində ciddi problem yaranan  məşhur teleaparıcı Elçin Əlibəylinin də həkim səhlənkarlığı ucbatından komaya düşdüyü məlum oldu. Xanımı Elçin Əlibəylinin şəkər xəstəsi olduğunu, lakin  həkimlərin yoxlama aparmadan birbaşa əməliyyat etdiyini bildirib. Buna görə də aparıcının əməliyyat zamanı komaya düşdüyü bəlli olub.

"İki həftə əvvəl ödündən ağrı tutmuşdu. Həkimə apardıq, dedi əməliyyata ehtiyac yoxdur. Gecə yenidən ağrı tutdu və əməliyyat olundu. Şəkəri var idi, həyəcandan həkimi bu haqda məlumatlandırmadıq. Proses zamanı komaya düşüb. Həkimlər ayılda biliblər. İndi yaxşıdır, bir-iki günə xəstəxanadan çıxarılacaq. Bundan sonra şəkərdən ciddi müalicə almalıdır. Əvvəl şəkəri 300 olurdu, indi 500-600-ə qalxıb”- aparıcının xanımı deyib.

Bütün bunlar nəyin göstəricisidir? Hasil olan nəticə budur ki, səhiyyəmizdə ciddi çatışmazlıqlar vardır. Bu gün dövlətin xəstəxanalara verdiyi pulsuz dərmanlar belə bir çox hallarda xəstələrə verilmir. Şəkər xəstələri var ki, illərdir dövlət onları şəkərölçən aparatla təmin edir, amma həkimlər bunu vermir. Təbii ki, Azərbaycanda kifayət qədər savadlı, peşəkar, vicdanlı, əqidəli və digər müsbət keyfiyyətə malik həkimlər də var. Ancaq səhiyyə sistemində baş verən neqativ hallar o, qədər çoxdur ki, savadlı həkimlər kölgədə qalır. Bu gün Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti həkimlərə inanmır. Hər kəsin də əslində bunun üçün tutarlı səbəbləri var. Kimsə həkim səhvi ucbatından yaxınını itirib, kimisi həkim səhvinə görə ömür boyu əziyyət çəkir.  Təbii ki, bu yazını sevinərək yazmırıq, əksinə, təəssüflənirik. Sadəcə, yazmaya da bilmirik. Hər birimiz istənilən zaman həkim köməyinə ehtiyac duya bilər və məqsədimiz cavabdeh qurumların bu sahəyə xüsusi diqqət ayırması, problemlərin aradan qaldırılmasına yardım etməsidir. Sağlamlığımızı əmanət edə biləcəyimiz savadlı, vicdanlı həkimlərə daha geniş meydan verilməsinə kömək edilməlidir. 

Vilayət Muxtar






Həftənin ən çox oxunanları