Yuxarı

Azərbaycanda 17 min tələbə təhsilini yarımçıq qoyub

Azərbaycanda 17 min tələbə təhsilini yarımçıq qoyub

Bir neçə gün öncə Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqladı.

Cebhe.info xəbər verir ki, nəticələrə əsasən, ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma faizi 85.37-dir. Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36424) vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində (qəbul planı 6245) isə 2579-dur (41.30%). Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 5-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 7 ali təhsil müəssisəsində 80%-dən çox, 5 ali təhsil müəssisəsində isə 50%-dən az dolub. Tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. 

Ancaq hər il olduğu kimi bu il də bəzi tələbə adını qazanmış abituriyentlər bu anın sevincini tam yaşamamış qayğı, sıxıntı ilə rastlaşırlar. Söhbət istər dövlət, istərsə də qeyri-dövlət ali təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərin illik təhsil haqlarını ödəməsindən gedir. Etiraf etmək lazımdır ki, indiki şəraitdə bir ailənin istər dövlət, istərsə də qeyri-dövlət ali təhsili müəssisəsinin pullu ixtisasına qəbul olunmuş övladı üçün tələb olunan təhsil haqqını ödəməsi o qədər də asan başa gəlmir. Əgər ölkədə müşahidə olunan maliyyə çatinliyiə qədər valideyn bu problemi bankdan kredit götürmək yolu ilə həll edə bilirdisə, son zamanlar bankların kredit verilməsi prosesini bir qədər çətinləşdirməsi abituriyentləri sıxıntıya salır. Xüsusilə, ali təhsil müəssisə rəhbərlərinin illik təhsil haqqını əvvəlcədən və tam olaraq tələb etməsi də vəziyyəti bir qədər də çətinləşdirir. 

Ekspertlər bildirir ki, cari tədris ilində ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı sosial-iqtisadi vəziyyətə uyğun müəyyənləşdirilmədir. Təhsil haqlarının birinci kursa daxil olarkən bütöv halda və məhz tədris ilinin əvvəlində istənilməsi bir qrup insanlar tərəfindən müsbət qarşılanmayıb və bu sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. 

Təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında deyir ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin təhsil haqları reallığı əks etdirmir: "Ali təhsil haqları insanların orta əmək haqqından dəfələrlə çoxdur. Azərbaycanda prezident tərəfindən güzəştli kateqoriyaya daxil olan şəxslər var ki, təhsil haqqından azaddırlar. Lakin heç bir kateqoriyaya daxil olmayıb, girdiyi universitetin ödənişini etməyə məcbur olan müəyyən şəxslər var. Bunların da sayı kifayət qədər çoxdur. Statistik göstəriciyə nəzər salsaq görərik ki, 2017/2018 tədris ili üçün 36 min gənc ali məktəblərə daxil olub. 36 mindən 24 mini ödənişli, 12 mini ödənişsiz təhsil alacaq. 24 minin də minimum 6-7 mini güzəştli kateqoriyaya daxildir. Belə olan halda, 8 mindən çox şəxs təhsil haqlarını ödəməlidir. Təhsil haqqının da 2 min manatdan çox olduğunu düşünsək, qısa bir müddət ərzində, yəni avqustun 15-dən 25-dək olan vaxtda insanların tələb olunan yüksək 2 min, ya da 4500 manata qədər məbləği ödəməsi reallığı əks etdirmir”. 

Ekspert çıxış yolunu ölkədə fəaliyyət göstərən ali təshil ocaqlarının güzəştlər etməsində görür: "Yalnız bir çıxış yolu var: Təhsil alacaq gənclərdən ödəniş hissələrlə istənilsin. Bəzi özəl universitetlər artıq bu qayda ilə hərəkət edirlər. "Odlar Yurdu”, Bakı Biznes Universiteti və bəziləri tələbələrə təhsil haqlarını hissə-hissə ödəmək şəraitini yaradıb. Lakin mən hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisəsinin fonunda, 4-5 universitetin güzəşt etməsi heç də yaxşı hal deyil. Yalnız Dövlət Slavyan Universitetində I kurs tələbələrə ödənişlə bağlı müəyyən şərait yaradılıb. Yəni, rəhbərlik tələbələrə icazə verir ki, təhsil haqlarını hissələrlə ödəyə bilsinlər. Onu da deyim ki, dünya reytinqində ilk beşlikdə olan nüfuzlu universitetlər yalnız bir semestrin pulunu alır. Bəlkə birinci semestrdən sonra tələbə universiteti xoşlamayacaq. Birdən-birə I kursdan təhsil haqqının ödənilməsinin tələb edilməsi yaxşı mexanizm deyil. Təəssüf ki, son 5 il ərzində 17 mindən çox şəxs təhsil haqqını ödəyə bilmədiyinə görə təhsilini yarımçıq qoyub. Bu, həm qəbul olanda ödənişi edə bilməyənlər, həm də oxuduğu müddətdə təhsilini davam etdirməkdən məhrum olunanlardır". 

Aytən Həsənova 





Həftənin ən çox oxunanları