Yuxarı

İki dövlət qurumu arasında problem

İki dövlət qurumu arasında problem

Son günlər paytaxtda, eləcə də Sumqayıtda  sahibsiz itlərin sayı və onların insanlara hücumu artıb. Bunun nəticəsidir ki ötən gün daha bir azyaşlı itdişləmədən dünyasını dəyişib. Aidiyyəti qurumlar isə yalnız bundan sonra fəaliyyətə keçərək "varlıq”larını göstəriblər.

Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov mediaya açıqlamasında bildirib ki, ilin sonunadək Bakıda bütün sahibsiz itlər tam zərərsizləşdiriləcək. Sahə rəisi maraqlı bir məqama da toxunub. O bildirib ki, İDEA təşkilatı tərəfindən sahibsiz itlərin yoxlanılması üçün Ukraynadan baytar həkimlər dəvət edilib. Buna səbəb İDEA-da yalnız 1 baytar həkiminin olmasıdır: "2 baytar həkim gəldikdən sonra işlər bir az da sürətlənəcək”.

Maraqlıdır, ölkədə baytar çatışmazlığa var? 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yolçu Xanvəli Cebhe.info-ya açıqlamasında bildirib ki, ölkədə kifayət qədər baytar həkimi var: "İstər Bakı şəhəri, istərsə də rayonlar üzrə təcrübəli, yüksək biliyə malik olan kifayət qədər baytar həkimimiz var. Bu qədər baytar həkimi ola-ola Ukraynadan mütəxəssislər dəvət edirlər. Bu məsələni bizdən niyə xəbər alırsınız? Nə məqsədlə belə deyib? Hardan bilim ki, bu baytar həkimlər niyə gətirilir?”.

Göründüyü kimi bir-birlərinə müəyyən mənada sıx bağlı olsalar da, bu iki qurum arasında əlaqə yoxdur: "Biz onlara qarşı nə addım atmalıyıq? Biz dövlət qurumuyuq. Onlar müraciət etməli, daha sonra tərəflər arasında müqavilə bağlanılmalıdır. Onlardan müraciət gəlmirsə, nə etməliyik?” 

Y.Xanvəlinin sözlərinə görə, müqavilə bağlanarkən ödənişin nə qədər olması tərəflərin qərarından asılı olur. 

Nigar Məhərrəm 





Həftənin ən çox oxunanları